Qədim Günəş tutulmasının sirri açıldı

post-img

Beynəlxalq alimlər qrupu eramızdan əvvəl 709-cu ildə Çində qeydə alınmış ən qədim tam Günəş tutulması haqqında məlumatı yenidən araşdırıb. Bu axtarış Yer planetinin 3 min il əvvəl nə qədər sürətlə fırlandığını daha dəqiq müəyyən etməyə kömək edib.

Uzun müddət müasir hesablamalar göstərirdi ki, həmin tutulmanın tam fazası Lu vilayətinin Çüfyu şəhərindən görünə bilməzdi. Alimlər problemin hesablarda yox, xəritədə ola biləcəyini düşünərək arxeoloqların məlumatlarına baxıblar. Məlum olub ki, əvvəlki tədqiqatlarda qədim Çüfyu şəhərinin koordinatları, təxminən, 8 kilometr səhv götürülüb. Koordinatlar düzəldildikdən sonra hesablamalar tarixi qeydlərlə tam uyğunlaşıb.

Bu düzəliş Yer kürəsinin e.ə. VIII əsrdə fırlanma sürətini daha dəqiq müəyyən etməyə imkan verib. Alimlər müəyyən ediblər ki, o dövrdə Yer bu günlə müqayisədə bir qədər daha sürətli fırlanırdı. Zamanla bu fırlanma Ayın okeanlarda yaratdığı qabarmalara görə yavaşıyıb.

Tədqiqat göstərir ki, qədim Çin müşahidələri ilə müasir elmi metodların birləşdirilməsi çox dəyərli nəticələr verə bilər. Çinlilər göy hadisələrini diqqətlə qeydə aldıqları üçün bu məlumatlar bu gün də elmə yeni məlumatlar qazandırır. Bu yanaşma alimlərə həm Yer kürəsinin fırlanma tarixini, həm də Günəşin keçmişdəki aktivliyini daha dəqiq anlamağa kömək edir.

XQ

Dünya