Aşqabadda Putinlə Pezeşkianın görüşü

post-img

Dünən Türkmənistanın paytaxtı Aşqabadda türk dünyasının dahi mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin 300 illik yubileyi böyük təntənə ilə qeyd edilib. Türkiyə, Rusiya, İran, Pakistan və digər dövlətlərin liderləri və nümayəndələri tədbirdə iştirak etmək üçün Aşqabadda işgüzar səfərdə olublar.

“Anadolu”nun məlumatına görə, yubiley toplantısı çərçivəsində “Zamanlar və sivilizasiyalararası münasibət - sülhün və inkişafın əsası” mövzusunda beynəlxalq forum keçirilib. Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ədalətli qlobal sistemin yaradılması üçün region ölkələrinin və xalqlarının səylərini səfərbər etməyin zəruriliyini bəyan edib.

Rusiya Prezidenti Vladimir Putin “Zamanlar və sivilizasiyalararası münasibət – sülhün və inkişafın əsası” forumunda çıxışı zamanı deyib ki, ümumbəşəri sülh və hərtərəfli inkişafı yalnız hər bir xalqın fikrini nəzərə almaqla təmin etmək olar.

Tədbir çərçivəsində Rusiya prezidenti və İran lideri Məsud Pezeşkian arasında görüş olub. Putin İranla münasibətlərin Rusiya üçün prioritet xarakter daşıdığını bildirib: “Biz beynəlxalq arenada fəal işləyirik və dünyada baş verən hadisələrə verdiyimiz qiymətlər, adətən, çox yaxın olur. Əminəm ki, bu gün də bu barədə danışacağıq”.

Putin qeyd edib ki, İran ŞƏT və BRİCS-in tamhüquqlu üzvüdür. O, Məsud Pezeşkianla Kazanda BRİCS sammiti çərçivəsində ikitərəfli görüşünün planlaşdırıldığını da söyləyib. Rusiya KİV-in məlumatına görə, bu, RF və İran dövlət başçılarının ilk görüşüdür. Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib. İran prezidenti dəvəti qəbul edib.

Rusiya Prezidenti Pakistan lideri Asif Əli Zərdari ilə də görüşüb və bir-birini ölkələrinə səfərə dəvət ediblər. Hər iki dövlət başçısı ikitərəfli əlaqələri bütün sahələrdə intensivləşdirmək niyyətlərini təsdiqləyiblər. Bu barədə Putini səfərdə müşayiət edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Putinin Pakistan prezidenti ilə qısa söhbət etmək imkanı olub. Əvvəlcə onlar Rusiya və Pakistana rəsmi səfərlər üçün qarşılıqlı dəvət mübadiləsi aparıblar. Biz iki ölkənin bütün sahələrdə ikitərəfli əlaqələri fəallaşdırmaq niyyətini, siyasi maraqlarını təsdiqlədik”, – deyə Kremlin rəsmi nümayəndəsi jurnalistlərə bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya