Makronizm Afrikada iflasa məhkumdur

post-img

Ötən il dünyada diqqətçəkən siyasi hadisələrdən biri də Fransanın Afrika si­yasətinin iflasa uğraması oldu. Dekabrın sonunda dünya mətbuatında xəbər yayıldı ki, Sahel regionunda Parisin ənənəvi hərbi-siyasi dayağı olan Fransa hərbi kontingenti Nigeri tamamilə tərk edib. Bununla eyni vaxtda məlum oldu ki, Burkino-Fasoda diplomatik pasportu olan 4 Fransa vətəndaşı həbs edilib. Yerli hakimiyyət onları casusluqda ittiham edirdi. Həqiqətən də, bir müddət sonra ay­dın oldu ki, saxlanılanların 4-ü də Fransanın DGSE hərbi kəşfiyyatının əməkdaşı olub və iki ölkənin xüsusi xidmətlərinin qarşılıqlı operativ fəaliyyəti çərçivəsin­də tamamilə leqal fəaliyyət göstəriblər. 

Əlbəttə, Afrika ölkələrində diplomatik toxunulmazlığı olan şəxslərin həbs edilməsi elə də çox eşidilən xəbər deyil. Çünki əvvəl­lər Afrikada açıq düşmənçilik nişanəsi olan belə qalmaqala getməkdən ehtiyat edirdilər. Son günlər isə üzə çıxan belə xəbərlər mühüm bir simptomun – Fransa Prezidenti Emma­nuel Makronun Afrika siyasətinin süqutunun əlamətidir. Əslində, bu yeni bir şey deyil. Son 3 ildə ənənəvi olaraq Fransanın təsir dairəsinə daxil olan Afrika ölkələri Parisə diş qıcamaqda idilər. Eyni vaxtda bu ölkələrin bir neçəsində rejimlərin dəyişməsinə gətirib çıxaran bənzər çevrilişlər baş verirdi. Nəticədə, Parislə isti münasibətdə olan liderlər hakimiyyətdən sa­lınır, onların yerini isə yerli hərbi dairələrin rəhbərləri tuturdular. 

Bu tendensiya son illər daha geniş hal aldı. 2021-ci ildə Malidə hərbçilər hakimiyyətə gəl­dilər, bir neçə ay sonra isə bu vəziyyət Qvine­yada təkrarlandı. Daha bir il sonra – 2022-ci ildə anoloji vəziyyət Burkino-Fasoda baş ver­di. 2023-cü ilin iyulunda isə artıq Fransa üçün strateji cəhətdən vacib olan Nigerdə hərbi çev­riliş xəbəri dünyaya yayıldı. Nəhayət, ötən ilin avqustunda Fransanın maraqları baxımından Nigerdən heç də az əhəmiyyət kəsb etməyən Qabonda hərbçilər hakimiyyəti ələ keçirdilər. 

Maraqlı burasıdır ki, çevrilişlərdən sonra bu ölkələr, Fransa ilə onilliklərlə mövcud ol­muş əlaqələrdən imtina etdilər. Bu isə açıq şəkildə Fransa səfirlərinin bu ölkələrdən qo­vulması və siyasi münasibətlərin kəskin soyu­ması ilə müşayiət olundu. 

Bütün bunlardan sonra Fransanın siya­si dairələrində, hətta rəsmi elita arasında və nüfuzlu mətbuat orqanlarında Parisin faktiki olaraq “qara kontinent”dən birdəfəlik getmə­si haqqında ciddi müzakirələr oldu. Ötən ilin avqustunda bir qrup senator Makrona ünvan­ladığı açıq məktubda onun “Afrika treki”ndə siyasətinin iflasa uğradığını birbaşa bəyan etdi.

Kontinent çalxalanmağa və dövlət çev­rilişləri bir-birini əvəz etməyə başlayanda Fransa Prezidenti Makron, həqiqətən, bu ça­ğırışların heç birinə qarşı təsirli tədbir görə bilmədi. Yelisey sarayı nə bu hadisələri qa­baqcadan görə, nə də özünə dost olan rejim­lərin devrilməsinin qarşısını ala bildi. Çünki Makronun və onun komandasının, eləcə də Fransa isteblişmentinin başı daha çox Cənubi Qafqazda Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra çətin vəziyyətə düşən Ermənistanı müdafiəyə və Fransadakı erməni lobbisinin Prezident Makronun qarşısına qoy­duğu tələbləri yerinə yetirməyə qarışmışdı. Ancaq burnunun ucundan uzağı görməyən Makron bu trekdə də finişə çatmağa müvəffəq ola bilmədi. 

Hadisələrin nəticələrinin aradan qaldırıl­ması üçün rəsmi Parsin ortaya qoyası elə bir siyasi proqramı olmadı. Əvvəlki vaxtlarda Ye­lisey sarayı belə vəziyyətlərdə ya hadisələrin baş verdiyi ölkəyə qoşun yeridər, ya da ha­kimiyyətə gələn hərbçilərlə dil tapmağa mü­vəffəq olardı. Kuluarlarda razılıq əldə etmək üçün Fransa Prezidenti özünün ənənəvi üsulla­rından – rəsmi və qeyri rəsmi emissarlar insti­tutundan istifadə edirdi. 2021–2023-cü illərdə bunların heç biri baş tutmadı. Makronun ko­mandası aktiv və qəti addımlar atmağa cəsarət etmədi. Paris, sadəcə, süst halda ölkələrin bir-bir onun təsir dairəsindən çıxdığını müşahidə etdi. Nəticədə, Fransa Sahel regionundakı ölkələrdə öz əvvəlki təsirini itirdi. Onun qitə­də hərbi kontingentinin dairəsi kəskin şəkil­də məhdudlaşdı. Malidən, Burkino-Fasodan, Mərkəzi Afrika Respublikasından və Niger­dən hərbçilər çıxarıldı. 

Burada əsas məqam heç də Fransanın xarici siyasətində Afrikanın, sadəcə, vacib istiqamətlərdən biri olmasında deyil. Avro­pa ilə bərabər, “qara kontinent” Parisin bey­nəlxalq səylərinin prioritet sahəsidir. Beşinci Respublikanın yaranmasından – 1958-ci ildən başlayaraq, bu sahə Yelisey sarayının xüsusi diqqətindədir. Afrika ölkələri ilə münasibət­lərin vacibliyi açıq ifadə edilməsə də, aparat və fərdi səviyyədə təhkim olunmuş hər bir istiqamətin cavabdehi olan kuratorlar dövlət başçısına ən yaxın fiqurlardır. 

Makronun Afrika siyasətinin zəifliyi pre­zidentin şəxsi uğursuzluğu ilə yanaşı, onun komandasında Afrika kontinenti ilə münasi­bətlərə cavabdeh olan şəxslərlə də bağlıdır. Bununla yanaşı, Yelisey sarayının Afrika ölkələrinə təklif etdiyi qarşılıqlı münasibət­lər formulu, daha açıq şəkildə iqtidarın daxili siyasi strategiyasında da əks olunub. Lakin makronizm proqramı Afrikada işləmədi. 

Fransa diplomatiyası “qara kontinent”də iflasa uğradıqdan sonra Parisin keçmiş müttə­fiqləri hərbi çevrilişlər və siyasi münaqişələr fonunda daha çox başqa ölkələrlə əməkdaşlığa meyil göstərirlər. Bu onu göstərir ki, 2024-cü ildə də Fransa üçün uğursuzluq zolağı davam edəcək. 

Ekspertlər hesab edirlər ki, Fransanın Afrika ilə münasibətləri müstəmləkəçilik dövründən bəri ən aşağı “dönüş nöqtəsində”­dir. Fransız hərbi hissələrinin qitənin bir sıra ölkələrində, o cümlədən Fil Dişi Sahili, Se­neqal və Qabonda hələlik qalmalarına baxma­yaraq, onların taleyi də şübhə altındadır. 

Ona görə də bir vaxtlar Fransanın düşün­düyü və yaratdığı Qərbi Afrika Ölkələrinin İq­tisadi Birliyi iqtisadi qurumdan getdikcə daha çox hərbi-siyasi təşkilata çevrilir və indi onun prioriteti əsasən çevrilişlərə qarşı mübarizə aparmaqdır. Bu mübarizənin nə qədər uğurlu olacağını Makronun hazırki xarici siyasəti ilə əsla proqnozlaşdırmaq mümkün deyil. Çünki artıq Afrikanın siyasi elitası da dərk etməyə başlayıb ki, Qərbin hegemonluğunun sonu yaxınlaşmaqdadır. “Köhnə qitə”nin dövlətləri artıq əvvəlki kimi ikinci, hətta üçüncü növə böldükləri ölkələri istismar etmək gücündə və iqtidarında deyillər. Necə Fransa illər əvvəlki Fransa, Afrika da əvvəlki Afrika deyil. 

P.S. Yazı çapa hazırlanarkən öyrəndik ki, hərbi rejimlərin idarə etdikləri 3 Afrika ölkəsi – Burkino-Faso, Mali və Nige bazar günü Qərbi Afrika Ölkələri İqtisadi Birl­yindən çıxdıqlarını bəyan ediblər. 

Üç dövlətin imzaladığı və Niger Prezi­dentinin katibliyinin saytında yerləşdiril­miş birgə kommünikedə deyilir ki, dövlət­lərin rəhbərləri – kapitan İbraim Traore (Burkino¬- Faso), polkovnik Assimi Qoita (Mali) və briqada generalı Əbdülrəhman Tçiani (Niger) regional Qərbi Afrika təş­kilatından dərhal çıxmaq barədə suveren qərar qəbul ediblər. 

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

Dünya