ABŞ böyük sınaq qarşısında

post-img

Ağ ev uğrunda mübarizə bütün cəbhələrdə gedir

ABŞ prezident seçkilərinə hazırlaşır. Praymerizlərin nəticəsi, demək olar ki, məlumdur: demokratların namizədi Co Bayden, respublikaçıların isə namizədi Donald Tramp olacaq. Buna görə də amerikalılar Tramp–Bayden qarşıdurmasının təkrarlanmasına hazırlaşırlar. Amma bu qarşıdurmanın daha ciddi nəticələrə gətirib çıxaracağı ilə bağlı proqnozlar da səsləndirilir. Xüsusilə də Donald Trampın seçkilərdə iştirakının qarşısının alınmasına yönəlmiş süni maneələrin ortaya atılması ölkənin iki cəbhəyə bölünməsinə və seçkilərdən sonra burada qarşıdurmanın daha da dərinləşməsinə yol açacağına dair şübhələri artırır. Meksika–ABŞ sərhədində baş verən son proseslər isə ölkədə siyasi böhranın böyüməsinə, daha dəqiq desək, mərkəzdənqaçma meyillərinin güclənməsinə rəvac verir.

Builki seçkilər Amerika üçün görün­məmiş sınaq olacaqmı? Trampın prezi­dentliyə namizəd kimi diskvalifikasiyası ehtimalı varmı? Prezident seçkiləri geniş­miqyaslı etirazlara səbəb ola bilərmi? Bu gün bu suallar ABŞ-ın siyasi gündəmini təşkil edir. Əlbəttə, ümumi siyasi mənzərə aydındır, hər iki cəbhədən mübarizə apa­racaq namizədlərin adları da bilinir. Amma seçkilərə hələ on ay var, buna görə də indidən bu suallara konkret cavablar ver­mək çətindir. Bununla belə, ABŞ tarixin­də noyabrda keçiriləcək 60-cı prezident seçkilərinin görünməmiş seçkilər olacağı dəqiqdir. Ona görə ki, əvvəllər heç vaxt ölkənin iki böyük partiyasından birinin aparıcı namizədi onun namizədliyinə qadağa qoyulacağı ilə hədələnməmişdi. Əvvəllər heç vaxt prezidentliyə aparıcı namizəd çoxsaylı cinayət təqibinin hədəfi olmamışdı. Əvvəllər heç vaxt belə bir na­mizədin seçki kampaniyası aparması və eyni zamanda, iki məhkəmə prosesində potensial cavabdeh olması müşahidə edilməmişdi.

Bütün bu sadalananlar belə düşün­məyə əsas verir ki, bu il ABŞ, obrazlı desək, “barıt çəlləyi”nin üstündə otur­muşdur. Əgər sabiq prezident Tramp son anda seçkilərə buraxılmasa və ya seçkilərdə nəsə şübhəli nəticələr qeydə alınarsa, ölkədə qarşıdurma baş verə bilərmi? Bir çox mütəxəssis konkret proq­noz səsləndirməkdə çətinlik çəkdiyini açıqlayır. Amma qarşıdurma məsələsin­də mümkün ssenarilərin ola biləcəyini də istisna etmirlər. Belə bir iddia səsləndirilir ki, məhkəmə çəkişmələri Trampın seç­kidən tamamilə uzaqlaşdırılması ilə nə­ticələnərsə, bu, yanğına səbəb ola bilər. Hüquqşünasların sözlərinə görə, belə hal baş verərsə, ABŞ demokratiyasına, seç­ki sisteminə və ölkənin hüquq nizamına böyük ziyan dəyəcək. Bunun çox riskli vəziyyət yaradacağı güman edilir. 

Co Bayden və Donald Tramp bütöv­lükdə ABŞ əhalisi arasında o qədər də populyar deyillər, lakin onları partiya üzv­lərinin 80 faizi dəstəkləyir. Ona görə də hər iki siyasətçi 2024-cü il seçkiləri üçün praymerizdə aşkar favorit kimi görünürlər. Amma son proseslər göstərir ki, D.Tram­pın şansı getdikcə artır və bu vəziyyət demokratları narahat etməyə bilməz. Bəzi şərhçilər düşünürlər ki, demokratlar D.Trampın yenidən seçilməməsi üçün məhkəmə çəkişmələrindən istifadə et­mək lazımdır. Ancaq bu çəkişmələr özün­də risk də daşıyır. Ona görə ki, hər məh­kəmə çəkişməsindən sonra D.Trampın reytinqi daha da artır. D.Trampın məh­kəmələr vasitəsilə təqib olunması ameri­kalılarda belə təəssürat yaradır ki, sabiq prezidentin seçilməsinə imkan vermək istəmirlər. Dövlət-vətəndaş münasibətlə­rinin həmişə mürəkkəb olduğu ABŞ-da da hökumətin istənilən təzyiqi əks reaksiya doğurur, D.Trampın elektorat bazasının genişlənməsinə şərait yaradır. Bütün bu amilləri nəzərə alaraq analitiklər ehtimal edirlər ki, qarşıdakı seçkilər ABŞ-ın siyasi sistemi üçün ciddi sınaq olacaq.

ABŞ əhalisini narahat edən təkcə seçkilərin nəticələri deyil. Amerikalıları fe­deral hökumətlə ştatlar arasında gərginli­yin artması da ciddi şəkildə düşündürür. Hazırda Texas ştatı Meksika sərhədində quraşdırdığı tikanlı məftilləri gücləndirir. Qeyd edək ki, miqrantlar iki ölkə arasın­da sərhədi təşkil edən Rio Qrande çayı vasitəsilə qeyri-leqal şəkildə Texas əra­zisinə daxil olurlar. Onlar üçün Texasın “Eagle Pass” sərhəd qapısına çəkilmiş tikanlı məftilləri aşmaq elə də çətin ol­mur. Buna görə də Texasın qubernatoru Qreq Abbot hesab edir ki, Co Bayden administrasiyası sərhəd təhlükəsizliyi ilə bağlı kifayət qədər tədbir görmür. Buna görə qubernator qeyri-qanuni mühacirlə­rin ABŞ-a keçmək üçün üstünlük verdiyi “Eagle Pass” bölgəsindəki sərhədə, təx­minən, 4 kilometr tikanlı məftil çəkilməsi barədə göstəriş vermişdir. 

Bundan sonra Bayden administrasi­yası sərhəd təhlükəsizliyinin federal hö­kumətin səlahiyyətində olduğunu açıqla­yaraq tikanlı məftillərin sökülməsi üçün ABŞ Ali Məhkəməsinə müraciət etmişdi. Ali Məhkəmə Meksika sərhədində Rio Qrande çayı boyunca tikanlı məftillərin çıxarılmasına qərar versə də, Texas qu­bernatoru bu qərara əməl etməyəcəyini açıqladı. Bundan sonra Bayden hökuməti ilə mübahisə daha da böyüdü. Məhkəmə qərarına baxmayaraq, Texas Milli Qvar­diyası yanvarın 23-dən ABŞ sərhəd pat­rulunun öz işini görməsinə icazə vermir və tikanlı məftillər çəkməyə davam edir. Texasın vitse-qubernatoru Den Patrik də sərhəd boyunca tikanlı məftilləri quraşdı­raraq federal hökumətə meydan oxuyur: “Biz konstitusiyaya görə haqlı olduğumu­za inanırıq. Bizim vətəndaşlarımızı qoru­maq hüququmuz var, bu ölkəni qorumaq hüququmuz var və biz, sadəcə, öz işimizi görürük”. Luiziana qubernatoru Jeff Land­ry isə rəsmi bəyanat yayaraq Texasın hərəkətlərini dəstəklədiyini bildirmişdir.

Demokratlar Co Baydendən Texas Milli Qvardiyasını öz nəzarəti altına al­mağı və sərhəddən uzaqlaşdırmağı tələb edirlər. Ancaq Ağ ev sərt addımlar at­mağa tələsmir, çünki mərkəzi hökumətə qarşı çıxan tək Texas ştatı deyil. Daha 25 ştat Texası dəstəkləyir. Məsələn, Cənubi Dakota qubernatoru Kristi Noem Texasa məftillər verməyə hazır olduğunu açıq­lamışdır. Burada xüsusi qeyd etmək ye­rinə düşər ki, mərkəzi hökumətə meydan oxuyan ştatların hamısı respublikaçıların təsiri altındadır və bu hal qarşıdakı seç­kilərin nə qədər gərgin keçəcəyindən xə­bər verir. 

Səbuhi MƏMMƏDOV
XQ

Dünya