“Qara qitə” çevriliş “virus”una yoluxub?

post-img

Qabonda da hakimiyyəti hərbçilər ələ keçiriblər

Daha bir Afrika ölkəsi qeyri-sabitlik dövrünə qədəm qoydu. Prezident seçkilərindən bir neçə gün sonra Qabonun bir qrup hərbi nümayəndəsi hakimiyyəti ələ keçirdiklərini açıqladılar. Onlar öz hərəkətlərinin motivi kimi “ölkəni xaosa sürükləmək riski daşıyan məsuliyyətsiz və gözlənilməz idarəetməni” göstərirlər. İki gün əvvəl üçüncü müddətə yenidən seçilən prezident Əli Bonqo Ondimbanın isə ev dustağı olduğu bildirilir. Qiyamçı hərbçilər yekdilliklə prezident qvardiyasının keçmiş rəhbəri general Brays Oliqui Nqemanın müvəqqəti dövlət başçısı təyin edilməsinə razılıq verdilər. Bir sıra ölkələr Qabonda daxili vəziyyətin gərginləşəcəyindən narahat oldularını açıqlayırlar.

Hərbçilərin hərəkətlərinə təkan verən hadisə ötən şənbə günü keçirilən seçkilər oldu. Xatırladaq ki, səsvermənin nəticələrinə görə, 2009-cu ildən dövlət başçısı olan hazırkı prezident Əli Bonqo Ondimba 64,26 faiz səslə üçüncü müddətə yenidən seçilmişdi. Onun rəqibi Albert Ondo Ossanın 30,77 faiz səs topladığı vurğulanır. Səsvermənin gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçirildiyi məlumat verilir. Xarici jurnalistlərin seçki məntəqələrinə buraxılmadığı, müşahidəçilərin sayının kəskin məhdudlaşdırıldığı qeyd olunur. İki gün əvvəl isə ölkədə internetin, həmçinin “France 24” telekanalının və RFI radiosunun yayımının dayandırıldığı vurğulanır. Səsvermə başa çatdıqdan sonra ölkədə komendant saatının tətbiq edildiyi bildirilir. Siyasi müşahidəçilər hakimiyyətin belə addım atmasını müxalifətin iğtişaşlar törətməsindən və məhkəmə iddiaları qaldırmasından ehtiyat etməsi ilə əlaqələndirirlər. Hələ avqustun 29-da nəticələr elan edilməmişdən əvvəl müxalifət düşərgəsi namizədinin qələbəsini açıqlamışdı.

Ümumiyyətlə, Qabon Mərkəzi Afrikanın ən sabit ölkələrindən biri və onun keçmiş metropolu olan Fransanın yaxın müttəfiqi hesab olunurdu. Qabonda çox sayda fransız şirkətləri fəaliyyət göstərir. Bundan əlavə, Qərbi Afrikadakı üç fransız hərbi bazasından biri Qabonda yerləşir. Məlumata görə, həmin bazada 400-ə yaxın əsgər xidmət edir. Bununla yanaşı, neft və meşələrlə zəngin Qabon Afrikada adambaşına düşən ən yüksək ÜDM-ə malikdir və “yaşıl” iqtisadiyyatın qabaqcıllarından biri hesab olunur. Eyni zamanda, siyasi müşahidəçilər bildirirlər ki, bu göstəricilər qeyri-bərabərliyin, yoxsulluğun və işsizliyin yüksək səviyyəsini gizlədir.  Hökumət üzvlərinin dəfələrlə korrupsiya və dövlət vəsaitlərindən sui-istifadə şübhəsi ilə aparılan istintaqlarda müttəhim olmaları barədə məlumat verilir.

Bundan əvvəl Qabonda hərbi çevrilişə cəhdin edildiyi məlumdur. Belə ki, 2019-cu il yanvarın 7-də bir qrup hərbçilər qiyam qaldıraraq “demokratiyanı bərpa etməyə” çağırmışdı. Qiyamçıların hərəkətləri əsasən prezidentin xəstəliyi və bacarıqsızlığı ilə bağlı yayılan şayiələr ilə əlaqələndirilmişdi: 2018-ci ilin oktyabrında Əli Bonqo Ondimba infarkt keçirmiş və bundan sonra bir neçə ay ərzində o, praktiki olaraq ictimaiyyət qarşısına çıxmamışdı. Həmin çevriliş uğursuz olmuş və onun təşkilatçıları və iştirakçıları həbs edilmişdi. Lakin dövlət başçısının səhhəti ilə bağlı söhbətlər səngiməmişdi. Eyni zamanda, prezidentin uzun müddət yoxluğu zamanı onun oğlu Nurəddin Bonqo Valentin də gündəmə gəlmişdi. 2023-cü ildə, yeri gəlmişkən, o, atasının seçki kampaniyasına rəhbərlik edirid. Bu, hakimiyyətin növbəti dəfə ötürülməsinə hazırlıq barədə şayiələrə səbəb olmuşdu. 

Hazırkı prezidentin atası Albert-Bernard Bonqo (1973-cü ildən İslamı qəbul etdikdən sonra adı Ömər olmuşdu-red.) 1967-2009-cu illərdə Qabona rəhbərlik etmişdi. Onun hakimiyyətə gəlişi də, əslində, çevriliş cəhdi ilə başlamışdı. Belə ki, 1964-cü il fevralın 17-də bir qrup hərbçi müstəqil Qabonun ilk prezidenti Leon Mba və onun ən yaxın köməkçisi Albert-Bernard Bonqonu həbs etmişdilər. Fransa hərbi müdaxiləsinin köməyi ilə çevrilişin qarşısı alınmış və Bonqo müdafiə naziri təyin olunmuşdu. Lakin xərçəng xəstəliyinə düçar olan prezident Leon 1967-ci ilin martında seçkilərdə qələbəsindən qısa müddət sonra ölmüş və Albert-Bernard Bonqo hakimyyət başına keçmişdi. Prezident seçildikdən sonra Ömər Bonqo hakimiyyətini möhkəmləndirən siyasi qərarlar qəbul etmişdi. 1985-ci ilin mayında Ömər Bonqo çevriliş cəhdi ilə qarşılaşsa da, hakimiyyətini qorumağı bacarmışdı. Ümumilikdə, onun 42 il ərzində prezidentliyi dövründə Qabonda kifayət qədər sabit sistem qura bildiyi vurğulanır.  

Əli Bonqo Ondimba atasının ölümü zamanı müdafiə naziri vəzifəsini icra edirdi. Onun həmişə ölkədə birinci prezidentdən az populyar olduğu, lakin seçki normalarında və digər oyun qaydalarında dəfələrlə edilən dəyişikliklər sayəsində hakimiyyətdə qalmağı bacardığı bildirilir. Hazırda prezident və ailə üzvləri, eləcə də həkimlərin əhatəsində ev dustaqlığındadır. Bundan başqa, onun oğlu Nurəddin Bonqo Valentinin də vətənə xəyanətə görə həbs edildiyi vurğulanır. 

Televiziya ilə danışan hərbçilər “Qabon xalqı adından və qurumların qorunmasının təminatçısı olaraq mövcud rejimə son qoymaqla sülhü qorumaq qərarına gəldiklərini” bildiriblər. Təşəbbüsü Respublika Qvardiyasının komandanı Bris Kloter Oliqi Nguemanın öz üzərinə götürdüyü qeyd olunur. Çərşənbə günü Fransanın “Le Monde” qəzetinə müsahibəsində o, çevrilişin səbəbləri ilə bağlı öz mövqeyini belə açıqlayıb: “Qabonda narazılıq var, amma bundan əlavə, dövlət başçısının xəstəliyi də var. Hamı bu haqda danışır, amma heç kim məsuliyyət daşımır”. 

Baş verənlərə beynəlxalq ictimaiyyətin ilk reaksiyası mənfi oldu. Afrika İttifaqı hərbçilərin hərəkətlərini kəskin şəkildə pisləвш və bütün tərəfləri vəziyyəti sülh yolu ilə həll etməyə çağırdı. Fransa hökuməti də oxşar bəyanatla çıxış etdi. Avropa Parlamentinin müdafiə komitəsinin rəhbəri Natali Luazonun fikrincə, Afrikada hərbi çevrilişlər Avropa İttifaqının maraqlarına ziddir. ABŞ da öz narahatlığını bildirir. Dövlət Departamentinin sözçüsü Metyu Miller verdiyi açıqlamada ABŞ-ın Qabondakı hərbi çevrilişdən narahat olduğunu və hakimiyyətin konstitusiyaya zidd olaraq ötürülməsinə qarşı olduğunu bildirib. Vaşinqton hərbçiləri hökumət üzvlərini, onların ailələrini azad etməyə və vətəndaş hüquqlarını qorumağa çağırıb.

Xatırladaq ki, Afrikada əvvəlki çevriliş iyul ayında Nigerdə baş vermişdi. Qabondakı zərbə Qərbi və Mərkəzi Afrikada 2020-ci ildən bəri səkkizinci belə hadisədir.

S.Elay, 
XQ

 

Dünya