“Qırmızı Xaç” doğrudanmı tərəfsizdir?

post-img

Beynəlxalq təşkilat qaçaqmalçılığı yox, humanitar hüququ dəstəkləməlidir

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar hərəkatın yaranmasında və inkişafında böyük rol oynaması heç kimə sirr deyil. Doğrudur, komitənin fəaliyyəti hər yerdə birmənalı qarşılanmır, zaman-zaman onun işi barədə iradlar və ciddi tənqidlər də səsləndirilir. Bununla belə, humanitar hüququn müdafiəsi və möhkəmlənməsi baxımından BQXK üzərinə düşən missiyanı yerinə yetirməyə çalışır. Ancaq bu missiyanın yerinə yetirilməsində ciddi qüsurlara yol verir və bayraq edib öyündüyü tərəfsizliyə kölgə salan addımlar da atır.

Neytrallıq Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinin əsas prinsipidir. Onun məqsədi silahlı münaqişələr və digər fövqəladə hallar zamanı insanların iztirablarını yüngülləşdirmək, insanların həyat və sağlamlığını qorumaqdır. Nəcib missiyadır, amma bu fəaliyyətin əndazədən çıxdığı, hətta, təhlükəli mahiyyət aldığı məqamlar da az deyil. Məsələn, döyüşlərin getdiyi Ukraynada BQXK-nin fəaliyyəti ciddi tənqid hədəfinə tuş gəlib. Cari ilin iyun ayında komitənin Kaxov Su Elektrik Stansiyanın dağıdılması nəticəsində yaranmış humanitar fəlakətə göstərdiyi reaksiya Kiyevdə qəzəb doğurmuşdu. Prezident Volodomir Zelenski hadisədən sonra bildirmişdi ki, təbii fəlakət dünən (iyunun 6-da-red.) baş versə də, təşkilatın nümayəndələri fövqəladə vəziyyət zonasına gəlməyiblər. Ukrayna liderinin sözlərinə görə, BQXK və BMT insanların köməyinə ilk gələnlər olmalıdır. O, baş verənlərə təşkilatların reaksiyasından dərin məyus olduğunu da bildirmişdi. V.Zelenski BQXK-nin reaksiyasını həddən artıq diplomatik olduğunu vurğulamışdı.

Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi başlayandan BQXK tez-tez qalmaqal və tənqid obyektinə çevrilib. Ötən il martın 15-də ukraynalılar təşkilatın Mariupolu tərk etməsindən və insanları köməksiz qoymasından hiddətlənmişdilər. Mariupolun işğalından sonra doqquz gün sonra komitənin prezidenti Peter Maurerin Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə BQXK-nin Rostov-Don şəhərində ofisinin açılmasını təklif etməsi Ukraynada quruma olan qəzəbi artırmışdı. Beynəlxalq komitənin siyasəti və fəaliyyəti ukraynalıların narazılığına səbəb olur. Hətta bir sıra xeyriyyə fondlarının rəhbərləri və fəallar açıq məktub yazaraq BQXK-nin Ukraynadakı fəaliyyətini tənqid ediblər. “Forbes” jurnalının Ukraynada nəşr olunan nömrəsində, hətta, komitəyə verilən ianələrin taleyindən narahatlıq ifadə olunurdu. Araşdırmanın müəllifi Lyubov Petruşko yazırdı ki, BQXK-ə bütün dünyadan Ukraynaya kömək etmək istəyən insanlar və təşkilatlar tərəfindən külli miqdarda pul bağışlanır, lakin komitənin onları nəyə xərclədiyi məlum deyil. Məsələn, məlumdur ki, müharibənin əvvəlindən moda brendi LVMH (5 milyon dollar), İslandiyanın qida şirkəti Marel (250 000 avro), ABŞ-ın iri pərakəndə şirkəti Southeast Grocers Inc (250 000 dollar) BQXK-ya ianə verib. 

Bundan əlavə, “Forbes-Ukrayna” yazır ki, Qızıl Xaç təşkilatının strukturunu az adam başa düşür. Beynəlxalq təşkilatın qeyri-şəffaflığı və səmərəsizliyi ucbatından milli Qırmızı Xaç cəmiyyətinin nüfuzuna xələl gəlir. Müəllif, həmçinin vurğulayır ki, Ukrayna təşkilatının beynəlxalq komitəyə aidiyyatı yoxdur. Ukrayna Qızıl Xaç Komitəsinin vitse-prezidenti və keçmiş sosial siyasət naziri Pavlo Rozenko jurnala maraqlı bildirib ki, “Bizi ancaq emblem və prinsiplər birləşdirir”. “Forbes-Ulrayna” qeyd edir ki, müharibə zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin Ukraynadakı fəaliyyəti ilə ilə bağlı müəmmalar var. Belə ki, BQXK müharibə başlayandan bəri Ukrayna üçün topladığı yardımın miqdarı barədə “Forbes”ə məlumat verməyib: “Yalnız köhnə hesabatlarla işləyə bilərsiniz. 2020-ci ildə 2,16 milyard İsveçrə frankı (2,3 milyard dollar) büdcədən Ukraynaya yalnız 63,8 milyon İsveçrə frankı (68 milyon dollar) xərclənib. 2022-ci il üçün Ukrayna büdcəsində 74 milyon İsveçrə frankı (79 milyon dollar) xərclənməsi nəzərdə tutulurdu, lakin fevralın 24-dən sonra bu məbləğ 250 milyon İsveçrə frankına (267 milyon dollar) qədər artırılıb”. 

Azərbaycanın da BQXK-ə kifayət qədər iradı var. Belə münasibətə təşkilatın addımları da əsas verir. Komitənin Azərbaycanda fəaliyyətini heç bir halda tərəfsizlik prinsiplərinə uyğun gəlmir. BQXK-nin yalnız ermənilərin maraqlarını güdməsinə dair xeyli fakt var. Rəsmi təlimata görə, təşkilat Bakıda və İrəvanda nümayəndəliklər vasitəsilə Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhəd boyu yaşayan icmalara dəstək göstərir. Komitə, həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi üçün fəaliyyət göstərir, onların ailələrinin məhbusları ziyarət etməsinə kömək göstərir və azad edilmiş şəxslərin köçürülməsi və qaytarılmasını asanlaşdırmaq üçün neytral vasitəçi kimi çıxış edir. Ancaq təşkilat bu vaxta qədər itkin düşmüş azərbaycanlılarla bağlı heç bir iş görməyib. Münaqişə başa çatıb və indi Ermənistan tərəfindən itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməlidir. Bu tələbi də Qırmızı Xaç irəli sürməlidir. Amma biz bunun əksini görürük. İkinci Qarabağ müharibəsi zamanı BQXK nümayəndələrinin erməni diversiyaçılarına kömək etməyə çalışmasını çox yaxşı bilirik. Laçın sərhəd keçid məntəqəsində saxlanılan, Meşəli soyqırımını törədən cinayətkarlardan biri - Vaqif Xaçaturyana kömək etməyə can atması da azərbaycanlılarda ikrah hissi doğurur.

Bir sözlə, Qırmızı Xaç humanitar mandatına hörmət etməyi və ondan siyasi məqsədlər üçün sui-istifadə etməməyi unutmamalıdır. Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsində BQXK-ə məxsus, tibbi təxliyə həyata keçirən dörd avtomobildə bəyan olunmamış mobil telefonlar, siqaretlər, mobil telefonlar üçün ekranlar və platalar, 1320 litr benzin və sair qanunsuz yüklər aşkar edilməsi təşkilatın hansı məqsədlərə xidmət etdiyini göstərdi. BQXK qaçaqmalçılığın inkişafına yox, humanitar hüququn qorunmasına çalışmalıdır.

Səbuhi MƏMMƏDOV, 
XQ

 

Siyasət