“Konfrans Qərbi Azərbaycan İcmasının Bakı şəhərində keçirdiyi üçüncü beynəlxalq tədbirdir və əsas məqsədimiz Qərbi Azərbaycana qayıdış hüququnun beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Bu gün 61 ölkədən 100-dən artıq nümayəndə tədbirimizdə iştirak edir. Konfransımızın əsas mövzusu mədəni irs və qayıdış hüququ məsələsidir”.
XQ xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransda jurnalistlərə açıqlamasında bildirib.
“Bildiyiniz kimi, soydaşlarımız sonuncu deportasiya nəticəsində 37 il əvvəl tarixi torpaqlarından, Qərbi Azərbaycan ərazilərindən, öz ata-baba yurdlarından qovulublar. Bu müddət ərzində Qərbi Azərbaycandakı mədəni irsimiz ciddi zərər görüb. Apardığımız monitorinqlər nəticəsində müəyyən etmişik ki, oradakı icmalarımızın minillər boyu yaratdığı mədəni irs nümunələri erməni vandalizminə geniş şəkildə məruz qalıb. Bu məsələ ilə bağlı biz BMT-nin müxtəlif qurumlarına, o cümlədən UNESCO-ya müraciətlər etmişik. UNESCO-ya göndərdiyimiz müraciət BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədi kimi yayılıb. Bu sənəd yayımlandıqdan sonra BMT rəhbərliyi Ermənistanın rəsmi dairələrinə də müraciət edərək, Qərbi Azərbaycanın indiki Ermənistan ərazisində yerləşən Azərbaycan mədəni irsinin qorunması, vəziyyətinin araşdırılması və bərpa imkanlarının nəzərdən keçirilməsi məsələsini gündəmə gətirib. Təəssüf ki, Ermənistan rəhbərliyi həm bizim, həm də BMT rəhbərliyinin bu çağırışlarına laqeyd yanaşıb”.
Ə.Ələkbərli, həmçinin deyib ki, hazırda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində proses gedir: “8 avqustda Vaşinqton görüşləri zamanı bu sazişin paraflanması prosesinin şahidi olduq. Qərbi Azərbaycan İcması olaraq hesab edirik ki, Ermənistan və Azərbaycan arasında yaranacaq sülhün ilk addımlarından biri Qərbi Azərbaycandakı mədəni irsimizin bərpası məsələsinin gündəmə gətirilməsi olmalıdır. Bugünkü konfransın mövzusu da məhz bu zərurətdən doğur. Heç şübhəsiz, beynəlxalq ekspertlərin iştirak etdiyi bu cür tədbirlərin ən böyük əhəmiyyəti ondadır ki, regionda baş verən proseslər, Qərbi Azərbaycandakı mədəni irsimizin mövcud vəziyyəti barədə dünya ictimaiyyətinə dolğun və obyektiv məlumat çatdırılsın, əsl həqiqətlər bilinsin”.
Nəzrin ELDARQIZI
XQ

