Xaraba Gilan II Memorial Kompleksində 2025-ci ildə aparılmış arxeoloji ekspedisiyanın yekun hesabatı təqdim olunub

post-img

AMEA Naxçıvan Bölməsində Xaraba Gilan II Memorial Kompleksində 2025-ci ildə aparılmış arxeoloji ekspedisiyanın yekun hesabatına həsr olunmuş tədbir keçirilib. Bu haqda “Xalq” qəzetinə bölmənin mətbuat xidmətindən məlumat verilib. 

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev  Xaraba Gilan ərazisinin tarixi haqqında məlumat verərək bu ərazinin müxtəlif dövrlərdə mühüm tarixi proseslərin təsiri altında formalaşdığını qeyd edib. Bildirib ki, Bəhlul İbrahimlinin rəhbərlik etdiyi ekspedisiyada aparılan işlərin gedişini dəfələrlə yerində müşahidə edib. Akademik tədqiqatların relyef və iqlimin xüsusiyyətlərinə uyğun şəkildə həyata keçirildiyini, xüsusilə güclü küləyin sahədə aparılan işlərə müəyyən təsir göstərdiyini qeyd edib. Amma buna baxmayaraq arxeoloji qazıntılar zamanı istifadə olunan xüsusi avadanlıqların, o cümlədən tozkeçirməz eynəklərin prosesin təhlükəsiz və səmərəli təşkili baxımından mühüm rol oynadığını bildirib.

Akademik İsmayıl Hacıyev ekspedisiya rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimlinin fəaliyyətini yüksək qiymətləndirib,  ekspedisiya işlərinin peşəkarlıq və məsuliyyətlə həyata keçirildiyini bildirib. 

Bəhlul İbrahimli “Xaraba Gilan II Memorial Kompleksində aparılan arxeoloji tədqiqatlar: uğurlar və perspektivlər” mövzusunda məruzə edərək Xaraba Gilan ərazisində mövcud olan hər iki Memorial Kompleksin xüsusiyyətlərini geniş şərh edib, Naxçıvanın qədim tarixindən danışıb. Alim Naxçıvanın tarix boyu üç dəfə monqol yürüşlərinə məruz qaldığını xatırladıb və baş vermiş hərbi-siyasi hadisələrin bu abidələrin taleyinə təsirsiz ötüşmədiyini bildirib.

Bəhlul İbrahimli qeyd edib ki, Xaraba Gilan abidələri ən ciddi dağıntılarla XIX əsrdə erməni hücumları zamanı üzləşib. O, qazıntılar zamanı aşkar olunmuş qəbirlərin tədqiqindən, qədim dəfn adətlərindən, ayaqlı tabutların konstruktiv xüsusiyyətlərindən bəhs edib. Ekspedisiya zamanı üzə çıxarılan pul kisələri, geyim elementləri və digər maddi-mədəniyyət nümunələri barədə məlumat verən alim onların üzərindəki bəzəklərin astral və mifoloji izahlarını təqdim edib. Xüsusilə, ara bəzəklərində rastlanmış svastikanın mənasına toxunub.

Bəhlul İbrahimli məruzəsini slaydlarla təqdimat edib və  slaydlarda Xaraba Gilanın ümumi mənzərəsi, həmçinin ekspedisiya zamanı aşkar edilmiş tapıntıların fotoşəkilləri göstərilib. 

Tədbir iştirakçıları Bəhlul İbrahimlinin ekspedisiya fəaliyyətini yüksək qiymətləndirib, məruzə ilə bağlı müxtəlif suallar ünvanlayaraq cavablar alıblar.  

 

 

 

 

 

 

 

 

 





Elm