İqtisadçı tələbənin elmi uğurları

post-img

Amin Zərbaliyev “Dünya iqtisadiyyatı” adlı kitab yazıb 

Ölkəmizdə parlaq istedadı ilə seçilən, tay-tuşlarının həsəd hədəfi olan gənclər çoxdur. Onlardan biri Amin Zərbaliyevdir. 

Hələ məktəbli ikən Respublika Fənn Müsabiqəsinin mükafatçısı və Coğrafiya üzrə Respublika Fənn Olimpiadalarının gümüş medalçısı olmuş Amin Zərbaliyev 2023-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Türk dünyası iqtisadiyyatı fakültəsinə qəbul olunub. Həmin ildən ali məktəbin Tələbə Gənclər Təşkilatında koordinator və layihə meneceri vəzifəsində çalışıb, müxtəlif layihələrə rəhbərlik edib. Eyni zamanda, 2023-cü ilin sonlarına doğru ASAN Xidmətin könüllü proqramlarını uğurla tamamlayıb. Ötən ilin yazında isə Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində master 2 pilləsini başa vurub. Bundan əlavə, “Baku zoo”da könüllü fəaliyyətini uğurla başa vuran Amin, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatında təcrübə proqramını da müvəffəqiyyətlə tamamlayıb. Eyni zamanda, YAP tərəfindən təşkil olunan “Biz ümummilli lider Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı illik akademiyanı uğurla bitirib.

AIESEC-in Beynəlxalq Təcrübə Proqramına qatılan Amin ölkəmizi 111 fərqli dünya ölkəsinin təmsilçiləri arasında təmsil edib və  bu layihəni də uğurla  tamamlayaraq beynəlxalq dərəcəli sertifikat əldə edib. Hazırda həm Statistika Komitəsində çalışır, həm də İqtisad Universiteti Rəqəmsal Könüllülər Təşkilatında sədr müavini kimi fəaliyyət göstərir.

Bütün bunlarla bərabər, Aminin əsas qayğısı, əlbəttə, təhsili ilə bağlıdır. O, “UNEC EKO İDEA” yarışında 1-ci yerə çıxıb.Texno.TV xəbər texnoloji məlumat kanalını yaradan Amin, həmçinin bu il Taylandda keçiriləcək 6-cı beynəlxalq “ICMCER-2025” konfransına dəvət alan yeganə tələbədir. Onun aldığı təltiflər arasında Elm və Təhsil naziri Emin Əmrullayev, AİESEC-in Beynəlxalq Prezidenti Ana Fernandes, UNEC rektoru Ədalət Muradov, doğulduğu Kürdəmir rayonu İcra Hakimiyyəti başçısının imzaladıqları təşəkkürnamələr xüsusi yer tutur.

Amin Zərbaliyev iqtisadiyyat mövzusunda məqalələr də yazır. Bunlar arasında  “Azərbaycanın xarici ticarət istiqamətləri”, “Yaşıl iqtisadiyyatın sosial və siyasi təsiri”, “COP29-un Qafqaz və Azərbaycanda yaratdığı təsirlər” və “İqlim dəyişmələrinə qarşı mübarizədə mühüm platformalar” kimi əhəmiyyətli yazılar yer alır.

Bu ilin yanvarında Amin Zərbaliyevin “Dünya iqtisadiyyatı” adlı kitabı çap olunub. Kitabın elmi redaktoru iqtisad üzrə fəlsəfə doktoru Maqsud Mirzəyev, elmi rəyçisi isə əməkdar müəllim Məhəmmədəli Rasulovdur. 

Çalışqan tələbə Amin Zərbaliyevin uğurları onun parlaq gələcəyindən soraq verir.   Azərbaycanın yüksək intellektual ­səviyyəli mütəxəssisi olacağı şübhəsizdir.

Əli NƏCƏFXANLI    
XQ
   

Sosial həyat