II MƏQALƏ
“Hiyləgər təhlükəli oyun nəyisə həll etmir, yalnız fayda götürmək üçün situasiyanı manipulyasiya etməyə yönəlir”
Ammar FAUZİ
“Başqaları da bizə oynamalıdır...”
Əslində, bu iqtibasın ermənilərə aidiyyatı yoxdur, çünki buna intellektual gücləri çatmır və konkret siyasi praktikaları da yoxdur. Ancaq paradoks da ondadır ki, bir vaxtlar ABŞ prezidendi olmuş Riçard Niksonun dünyaya qoymaq istədiyi oyun qaydasının məntiqini cırtdan və qondarma Ermənistanın baş naziri Nikol Paşinyan Qafqaza tətbiq etməyə cəhd göstərir. Riçard Nikson demişdi: “Biz öz qoyduğumuz qaydalar üzrə oynamalı və başqaları da bu qaydalar üzrə oynamalıdır!” Təcrübə göstərdi ki, bunu ABŞ sona qədər bacarmadı və indi tərəddüdlü vəziyyətdədir.
Liviya ictimai xadimi Ammar Fauzi də yazır: siyasət özlüyündə elə təhlükəli oyundur ki, “vəziyyətlər oyunçuların arzularından asılı olmur”. Bunun mənası ondan ibarətdir ki, qədim ərəblər demişkən, siyasətdə “işləri gizli görməmək daha yaxşıdır”. Əlbəttə, müasir siyasətdə işləri gizli görmək fayda verir. Çünki informasiya müharibəsi çox genişlənmişdir. Lakin imkanla məqsəd bir-biri ilə ziddiyyət təşkil etməməlidir. Bu mövzuda I məqalədəki sonuncu tezisə görə erməni siyasi şüurunda mental paradoks qalır. Onun bazasında erməni müstəsnalığı mifi vardır. Bəs o halda sindrom deyə biləcəyimiz məqamın mahiyyəti nədən ibarətdir?
Onun təməlində erməni siyasi şüurunu yeniləşdirmək adı altında növbəti “intellektual hiyləgərlik” dayanır. Əgər doğrudan da erməni siyasi şüurunda real yeniləşmə və müasirləşmə olmasını istəsəydilər, onda ilk olaraq erməni müstəsnalığından imtina etməliydilər. Burada söhbət N.Paşinyandan gedirsə (əslində, “Paşinyan” da burada rəmzdir - əsas məsələ bu prosesi başlayan siyasi və ya geosiyasi subyektlə, məsələn sorosçularla, bağlıdır), faktlardan mahiyyətə nüfuz edə bilərik.
Fakt kimi N.Paşinyan iqtidarının israrla konstitusiyada müəyyən bəndləri ləğv etməmək üçün minbir oyundan çıxmasını göstərmək olar. Söhbət ondan gedir ki, Azərbaycan Ermənistanın Konstitusiyasında yer almış və qonşu dövlətlərə ərazi iddiasını əks etdirən müddəaların ləğv olunmasını tələb edir. Həqiqi mənada yenilənmək istəyən siyasi şüur, çox da düşünmədən düzgün seçim edərdi: “bəli, bu bəndin qalması müasir mərhələdə konstruktiv qonşuluq siyasətinə tərsdir və belə davam edə bilməz” qərarını verərdir. N.Paşinyan və onun komandası nə etməkdədir? Onların davranışları (“davranışları”, yəni verdikləri sözlərlə konkret atdıqları addımların qarşılıqlı müqayisəsi) göstərir ki, hələ də “klassik bədbəxt təsadüflər” qalır. Lakin bir incəliklə.
L.Ter-Petrosyan, S.Sarkisyan, R.Koçaryan və onların tör-töküntülərindən fərqli olaraq N.Paşinyan və komandası məhz erməni cəmiyyətinin siyasi şüurunun yeniləşməsi naminə birbaşa Azərbaycanın tələbini yerinə yetirməyin riskli olduğunu irəli sürürlər. Bu diplomatik ibarəni qaldırsaq, görünər ki, N.Paşinyan guya yeniləşmə tərəfdarıdır və Azərbaycanın tələbini doğru sayır, lakin bunun reallaşması naminə erməni cəmiyyətində qalmaqda olan sindromları da nəzərə almalıdır. Bu “arqument”in bəhanə olduğunu hansı faktlar göstərir?
Bu suala cavabı iki istiqamətdə axtarmaq olar. Birinci istiqamət N.Paşinyanın dünyanın böyük gücləri arasında siyasi-diplomatik manevrlərinin ümumi xarakteristikası ilə bağlıdır. İkinci istiqamət Ermənistanın militarizasiyası prosesinin özünün yeni məzmun mərhələsinə keçməsidir. Burada “militarizasiya” yalnız silahlanmanı nəzərdə tutmur, o, həm də bu silahlanmanın arxa planda xəyali aqressiyaya qarşı “cavab tədbirləri” kimi təqdim etməyi ehtiva edir. Bəs bu xəyali təcavüzkar kimdir? Rəsmi İrəvan açıq və ya gizli, havadarlarının dili ilə və ya öz dili ilə, ünvanı göstərir: Azərbaycan və Türkiyə! Burada bir qədər nəzəri kontekstdən praktiki müstəviyə “enməli” olacağıq.
Yeniləşmə fonunda xarici təhlükə axtarışı
Bu məqam mental-siyasi şüur paradoksu üzərində qurulan əsas “yeniləşmə motividir”! Çox təəssüf ki, belədir, lakin N.Paşinyanın siyasi manevrlərinin hamısı bu məqamda fokuslaşır. Yəni sözdə hər nə qədər fərqli görünməyə can atsa da, müxtəlif gəlişi gözəl politoloji terminologiyadan istifadə etsə də, onların praktikaya proyeksiyasında Azərbaycan və Türkiyənin timsalında düşmən obrazını yeni şərtlərə uyğunlaşdırmaqdan başqa bir şey yoxdur! Bunun ən azı üç aspektdə təzahürü özünü göstərir.
Birincisi, ənənəvi havadarı Rusiyadan üzdöndərmə “fəlsəfəsi”dir. Qısa mahiyyəti: erməniləri Azərbaycan və Türkiyədən, yəni xarici təhlükələrdən lazımi səviyyədə qoruya bilmədiyi üçün Rusiya artıq Ermənistana strateji müttəfiqliyə yaramır.
İkincisi, İran da lazımi səviyyədə vurğulanan təhlükədən Ermənistanı qoruya bilmədi (hərçənd II Qarabağ müharibəsinin gedişində müəyyən hərbi əngəllər törətdi, gizli informasiya və ideoloji dəstək verdi, məscidləri təhqir məsələsində ermənilərin üstünə getmədi, humanitar yardımını əsirgəmədi və s.). Postmüharibə mərhələsində də rəsmi Tehran vəd verir, lakin əməl etmir.
Üçüncüsü, Ermənistan rəhbərliyi kollektiv Qərbə (ABŞ+Aİ) məhz Azərbaycan və Türkiyədən xarici təhlükə mənbələri kimi qorunmaq adı altında üz tutmaqdadır. Zəngəzur Dəhlizi ilə bağlı Vaşinqton və Parislə aparılan erməni siyasi-diplomatik oyununun indiki mərhələdə əsas mahiyyəti bundan ibarətdir.
Eyni qaydada rəsmi İrəvanın qlobal miqyasda hay-küy saldığı “dünyaların kəsişməsi” hoqqabazlığı da həmin məqamla sıx əlaqəlidir. Təsadüfi deyildir ki, bütün bunların dərinliyi, dəqiqliyi və strateji mənaları ilə bilən Azərbaycan Prezidenti çox sadə bir suala cavab soruşur: “Azərbaycansız Cənubi Qafqazda “dünyalar necə kəsişə” bilər? Bu dərin sualın müxtəlif siyasi, geosiyasi və diplomatik anlamlarına baş vurmuruq, biz bircə məqama aydınlıq gətirmək istəyirik.
Həmin məqam belədir. Əgər N.Paşinyan siyasi xətti həqiqi mənada yeniləşmək istəyirdisə, ondan ilk növbədə uzun müddətdir ki, erməni siyasi şüurunun siyasi sindromu olan azərbaycanlıları, türkləri və ümumiyyətlə, müsəlmanları saya salmamaq kimi xülyadan əl çəkməli idi.
N.Paşinyanın, məsələn, daha primitiv olan R.Koçaryandan və ya S.Sarkisyandan fərqi ondan ibarətdir ki, həmin “bədbəxt təsadüf” elementini Qərb politoloji terminləri ilə daha çox dövlətlərarası münasibətlərin müasir formalarına uyğunlaşdırmağa çalışır və onun adını “yeniləşmə” qoyur. Bunun üçün iki priyomdan istifadə edir – birincisi, “Ermənistan sülhüsevər dövlətdir” tezisini ortaya atır, ikincisi, əsas qayğısının Azərbaycan və Türkiyənin yaratdığı təhlükələri neytrallaşdırmaqdan ibarət olduğu təəssüratını yaratmağa çalışır. Bundan çıxış yolunu isə “təbii ki, sivil və xeyirxah xristian dövləti kimi hamıya sərf edən əməkdaşlıq formulu” təklif etməkdə görür.
Bununla N.Paşinyan özü də hiss etmədən mental-siyasi paradoksdan militarizasiyaya keçidinin geosiyasi kontekstini yaratmaq cəhdi ilə əslində, yeni ziddiyyətli situasiyaya düşür. Bu situasiya qonşu dövlətlərin, eyni zamanda, həm təhlükəli ölkə imicini yaratmaq, həm də onları da əhatə edən absurd platforma təşkil etməkdən ibarətdir. N.Paşinyanın siyasi şüur sindromunun ən zəif nöqtəsi buradır. Çünki bu məqam yalnız Ermənistan siyasi şüuru ilə sərhədlənmir, avtomatik olaraq qlobal miqyası əhatə edir. Qlobal siyasi şüur isə bu cür siyasi manevrləri çox yaxşı bilir.
“Soyqırımı” nağılının son nəfəsi
Bu da siyasi şüur hadisəsi olaraq maraqlıdır. Çünki N.Paşinyan faktiki olaraq “soyqırımı” nağılını arxa plana atmağa məhkumdur. Bunu o, Türkiyəni xəyali tarixi olaylara görə deyil, indiki davranışlarına görə təhlükə mənbəyi kimi göstərmək naminə edir – ittiham köhnə, “arqumenti yeni”. Məsələ ondan ibarətdir ki, “erməni soyqırımı”nın siyasi və geosiyasi ittihamının banisi Qərbdir. Ancaq onun XX əsr boyu və XXI əsrin ilk onilliklərində başlıca istifadəçisi Rusiya olmuşdur. İndi Ermənistan Rusiyadan üz döndərirsə, avtomatik olaraq “soyqırımı”n indiyə qədər istifadə olunan məzmun və məqsədini də dəyişməlidir.
Bir tərəfdən, “Qərbin günahı yoxdur” təəssüratını yaratmalıdır ki, Azərbaycan və Türkiyə nəyəsə inansın, digər tərəfdən isə günahı tam olaraq Moskvanın üzərinə atmaqla daxili auditoriyanın siyasi şüurunun şovinist qisminə ciddi təsir edir. Axı, həmin şüurdan uzun müddət “soyqırımı” hay-küyündən dividend götürmüşlər! Bununla da kütləvi erməni siyasi şüurunda Azərbaycan və Türkiyənin xarici təhlükə mənbəyi kimi mövcud olmasında bütün günahları Rusiyanın üzərinə atmağa çalışırlar.
O halda, bir qədər sonra rəsmi İrəvanın versiyasında “soyqırımı” nağılının tamamilə fərqli ssenarisinin meydana çıxa bilməsini gözləmək olar. Hələlik N.Paşinyan sindromu ənənəvi təsəvvürləri dəyişməyə yeniləşmə adı altında cəhdlər edir. Bu mərhələdə onların başlıca məqsədi neqativ və qondarma halları aradan qaldırmaq deyildir, hazırlanan erməni siyasi şüurunda Azərbaycan və Türkiyənin xarici təhlükə mənbəyi kimi “daha inandırıcı və real” obrazını yaratmaqdır.
Beləliklə, erməni siyasi şüurunun “Paşinyan sindromu”nun ilk əlamətlərini müyyən etmək olar. Onlar mental-siyasi paradoks üzərində qurulan xarici təhlükə axtarışları ilə bağlıdır. Bunun üçün əsas üsul olaraq militarizasiya və qonşuları ənənəvi qınama üsullarından imtinadan istifadə edilir. Belə təəssürat yaradılır ki, Ermənistan “qonşulara qarşı” hər hansı iddiada deyil, əksinə onlarla münasibətləri konstruktiv aspektdə təşkil etməyə çalışır, ancaq bir şərtlə...Bütün münasibətlər sistemi “müasir dünyanın sivilliyinə və beynəlxalq hüququn normalarına uyğun, postvestfal dünya düzümü qaydaları çərçivəsində” olmaldır. Bunun üçün isə rəsmi İrəvan həm regional münasibətlərin “yeniləşməsi”ni istəyir (sərhədlərin müəyyən olunması), həm də regional əməkdaşlığın yeni platformasına (absurd “dünyaların kəsşiməsi” layihəsi) üstünlük verir.
Bunlar erməni siyasi şüurunun “Paşinyan sindromu”nun əlamətləridir, lakin tam siyahı deyildir. Həm də onları təqdimetmə formasına baxsaq, ilk olaraq sindromluqları hiss olunmaya bilər. Mental-siyasi paradoksallıq, militarizasiya, xarici təhlükə axtarışları və regional əməkdaşlıq platforması axtarışları ilğım kimi özünü başqa faktorların işığında daha aydın göstərir. Həmin kontekstdə onların demokratiklik, liberallıq, yenilik və sivillik maskaları tam yırtılır və altından rəsmi İrəvanın “yeniləşmə kursu”nun əsl siması görünür. O faktlar hansılardır?
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru