Mark ENDEVELD
(əvvəli qəzetin ötən saylarında)
İqtisadiyyat naziri prezident Hollanda olan nifrətini get-gedə daha açıq şəkildə göstərir. Aprelin əvvəllərində Amien şəhərində təşkil olunan seçicilərlə ilk görüşündən bir neçə gün əvvəl, nazir Makron prezident Hollandın gələcək kampaniyası üçün Yelisey sarayında təşkil olunan seminara gəlmir. O, yalnız bu münasibətlə verilən naharda iştirak edir. Ən başlıcası da odur ki, Hollandın komandası JDD jurnalına seminarda iştirak edənlərin adlarını verir. İqtisadiyyat nazirinin adı o siyahıda yoxdur...
İlin əvvəlindən (2017) Makron tərəddüd etmədən hara getdi, harada oldu, yeri gəldi, gəlmədi, prezident Hollandı tənqid atəşinə tutur. Qışın ortalarında prezidentlə Baş nazir Manuel Valls arasında terroristləri vətəndaşlıqdan məhrum edib-etməmək haqqında fikir ayrılığı yaranır. Təbii ki, öz aralarında – mətbuatda və ictimai yerlərdə yox. Düzdür, Makron Kristian Tobira (Ədliyyə naziri) kimi deyil. Amma gənc İqtisadiyyat naziri qəsdən belə bir söz-söhbət yayır ki, guya, o, bu məsəldə Baş nazir Manuel Vallsın mövqeyini dəstəkləmir. Əslində, bu çox real və düzgün bir mövqe idi. O dövrdə Makron, hər şeydən əvvəl, fürsətdən istifadə edib Hollanddan bezən sosialistlərin rəğbətini qazanmağa çalışırdı. Etiraf edək ki, əla texnika idi. Əslində, Makronun motoru lap çoxdan – 2015-ci ilin yayından işə düşmüşdü.
Lankaster hotelində gizli görüşlər
O vaxt bu məsələdən bir neçə nəfərin xəbəri vardı. Ancaq onun toy şahidlərindən biri, keçmiş Baş nazir Mişel Rokarda yaxın olan milyonçu Henri Hermand Makronu məcbur edir ki, prezident olmaq istəyini mümkün qədər tez ortaya çıxarsın.
Uzun illərdir ki, bu iki nəfər Hermandın ofisinin iki addımlığında, Parisin 8-ci rayonunun Lamennis küçəsində yerləşən Lankaster hotelinin restoranında bir yerdə ya nahar edir, ya da axşam yeməyi yeyirlər. Restoranda onlar üçün xüsusi bir salon ayrılıb – o salon ki, vaxtilə orada Marlen Ditriş, Qreta Qarbo və ya Bürt Reynold kimi məşhur artistlər nahar ediblər. Bu iki adam bir-biri ilə qeyri-rəsmi danışır, bir birinə “sən” deyə müraciət edir, hətta hərdən bir-biri ilə sərt mübahisələr də edirlər. Hermand gənc dostuna hər şeyi, o cümlədən onun həyasızlığını və tərsliyini bağışlayır, bəzən onu zarafatca “cavan canavar” deyə çağırır.
Bu sosial-liberal əvvəllər Mişel Rokarda maddi cəhətdən dəstək verib. Sonralar isə mətbuata, o cümlədən 1980-ci illərdə “Le Matin de Paris” qəzetinə, eləcə də “Le Un” jurnalına sponsorluq edib. Makronla Rokarddan başqa, Hermand müntəzəm olaraq Fransua Holland, Marisol Turan (2012-2017-ci illərdə Səhiyyə naziri), nadir hallarda Manuel Valls, həmçinin Sarkozinin naziri olmuş Kristian Blan, eləcə də sağçılar partiyasının nüfuzlu şəxsiyyətləri Dominik dö Villpənt və Jan-Lui Debre ilə də çörək kəsir. Bu insanın öz vərdişləri var. Belə ki, o, hər cümə axşamı ya şəhər kənarındakı mülkünə qayıdır, ya Brehat adasındakı evinə gedir, ya da Mərakeşə – Tanjer şəhərindəki malikanəsinə uçur. Yayda bir-iki dəfə ikinci arvadı Beatrislə birlikdə Brijit və Emmanuel Makron ilə nahar edir. İki dost tək qalanda, nahardan sonra ya siqar çəkir, ya da yaşıl şartröz likörü içirlər. Onların axşam yeməyi bəzən gecə saat 2-yə qədər uzanır. Belə vaxtlarda, ikisi də qalstuklarını çıxarıb kənara atır, sonra “cavan canavar”ın gələcəyi haqqında danışırlar. Onlar bir-birinə etibar edir, bir-birinə güvənir və bir-birini dəstəkləyirlər. Ancaq bəzi sirlər bu dəbdəbəli restoranın divarları arasından çıxır: “Görəcəksiniz, günlərin bir günü o, (Makron) prezident olacaq”, – deyə Hermand hələ Fransua Hollandın beş illik hakimiyyətinin ilk ilində bu sözləri yaxın bir adamının qulağına pıçıldayır.
Qətiyyən təəccüblü deyil ki, Makron İqtisadiyyat naziri keçən kimi, 2003-cü ildə Mişel Rokard, Dominik Stros-Kan və Pier Moskoviç tərəfindən yaradılmış “Avropa solçuları” assosiasiyasının şəbəkələrinin bir hissəsini ələ keçirir. Üç ildən sonra bu birliyə Marisol Turan başçılıq edir. Orada 2006-cı ildə Dominik Stros-Kanın namizədliyini dəstəkləyən gənclərə rast gəlmək olar. İsmael Emelien, Sedric O, Benjamin Qrivo və Stanislas Qerini artıq oradadırlar. Bu adamların, demək olar ki, hamısı 2015-ci ilin payızında – Makron "Hərəkətdə!" hərəkatını yaradanda – ona qoşulacaqlar. Hələlik isə bu gənc nəsil, Dominik Stros-Kan Sosialist Partiyasının birinci katibi Martin Obri ilə mübarizədə uduzandan sonra, nazirlər kabinetinin strategiyasını tənqid edən Pier Moskoviçini dəstəkləyəcək. Ancaq buna baxmayaraq, ən yaxşı kartlar Makronun əlindədir. O, Hollandın ətrafındakı Jan-Pyer Juyeni, (Ümumi Maliyyə İnstitunun direktoru) eləcə də keçmiş Baş nazir Mişel Rokardın siyasətini dəstəkləyən Jerom Kauzakı yaxşı tanıyır. 2010-cu ildən Milli Assambleyada maliyyə komissiyasının direktoru olan bu adam da iddialı gəncə (Makron) kifayət qədər simpatiya bəsləyir. 2011-ci ilin iyun ayında Makron Mişel Rokardı, Jerom Kauzakı və 2012-ci ildə prezidentliyə namizədliyini irəli sürən Fransua Hollandı və onun həyat yoldaşı, jurnalist Valeri Trierveyeri şam yeməyinə dəvət edir. “Makron özü, heç vaxt heç bir kollektiv yarada bilməyib, o, ancaq qurulmuş, hazır şəbəkələrdən istifadə edib”, – deyə onun köhnə həmkarlarından biri acı-acı etiraf edir. 2017-ci il prezident seçkiləri gələndə, bu sosialist şəbəkələrin hamısı, sözün əsl mənasında, solçu olmasalar da, Sosialist Partiyasından olan namizəd Benua Hamonu yox, "Hərəkətdə!" hərəkatının banisi, heç bir partiyası olmayan Makronu dəstəkləyəcəklər.
Rəqiblərə qarşı mübarizə
"Hərəkətdə!" siyasi hərəkatını yaratmaq fikrinə düşəndə, Makron bu arzusunu ancaq iki nəfərlə bölüşdü: 2007-ci ildə Att ali komissiyasında tanış olduğu Sanofi şirkətinin prezidenti Serj Veynberq və biznes advokatı Jan-Mişel Darrua ilə. Onların hər ikisi bu iddialı gənci Rotşild bankının maliyyə müfəttişi Fransua Henrota tapşırırlar. Darrua, Rotşild bankının prezidenti David dö Rotşildin qardaşı qızı Bett ina Rems ilə ailə həyatı qurub. Bundan başqa, Veynberq və Darrua Fransanın siyasi dünyasını çox yaxşı tanıyırlar. Onlar ikisi də keçmiş Baş nazir Loran Fabiüsün yaxın adamlarıdır. Biri 1980-ci illərin əvvəllərində onun kabinet direktoru olub, digəri isə vaxtilə onun vəkili. 2016-cı ilin mart ayında Fransua Hollandın Xarici İşlər naziri, Konstitusiya Şurasının sədri vəzifəsinə təyin olundu. Beləliklə, bu adamın siyasi karyerası başa çatdı. Təbii ki, onun şəbəkələrini kimsə özünə götürməlidir. Bu, Makronun gözündən yayınmadı. Xüsusilə Loran Fabiüs “yabanı çiyələk” adlandırdığı Fransua Hollandın prezident seçkilərindəki qələbəsini həzm edə bilmədiyindən, bütün gücünü balaca Emmanuelin siyasi macərasına həsr etməyi qərara alır. Paralel olaraq, zirvələri fəth etmək arzusunda olan bu iddialı gənc bankir, (Makron) keçmiş Baş nazirin qanadının altına yığdığı adamlardan istifadə etməyə başlayır. Məsələn, vaxtilə Fabiüsün dövlət katibi olmuş Florans Parli və onun əri, APE (Dövlət İştirakı Agentliyi) şirkətinin direktoru Marta Vialdan, eləcə də Fabiüsün şəbəkəsindən olan Müriel Penikodan. (1991-ci ildə Martin Obri Əmək naziri olanda, bu sonuncu, onun kabinetində işlədiyinə görə hamı ona keçmiş Əmək nazirinin yaxın rəfiqəsi kimi baxırdı)
Makronun sosialist texnokratiyasından ələ keçirdiyi şəbəkələr, vaxtilə Stros-Kanı dəstəkləyən gənclərin bandasından qat-qat mürəkkəbdir. Yelisey sarayının gələcək baş katibi Aleksi Kohler də İqtisadiyyat Nazirliyində əvvəl Moskoviçinin, sonra da Makronun kabinet direktoru olmamışdan əvvəl Fabiüsün şəbəkələrində olub. Bir vaxtlar Aleksi Kohler Sedrik O. ilə birlikdə Loran Fabiüsün rəhbərlik etdiyi bir qrupda çalışıb. O vaxt bu qrup Fransua Holland prezident seçiləndən sonra ilk yüz gündə ölkə üçün nə işlər gördüyünü araşdırırdı. Moskoviçi və Fabiüs kimi texnokratlar neoliberalizm və qloballaşma ideyalarını dəstəkləyirlər, özü də çoxdan. 1980-ci illərdə Fransua Mitteranın Baş naziri olanda, həmin Loran Fabiüs, nəinki Fransanın maliyyə bazarlarını liberallaşdırmışdı, hətta ölkə bazarlarının qapılarını Avropa rəqabətinin üzünə açmışdı.
Paralel olaraq, Makron rəqiblərini sıxıb qurutmaqda davam edir. Bu məqsədlə o, 2007-ci il prezident seçkilərindən bəri mərkəz solçuları və mərkəz sağçıları canı-dildən müdafiə edən, yüksək səviyyəli siyasi məmurların birləşdiyi Qrak qrupunu da ələ alır. Bu qrupda kimlər yoxdur? Jan-Pierr Juyet (Fransua Hollandın prezidentliyi zamanı Yelisey sarayının Baş katibi), Stefan Bujnah (Eronext şirkətinin prezidenti və baş direktoru), Fransua Villeroy dö Qalo (Fransa Bankının prezidenti və baş direktoru), Erik Lombard (Dövlət Əmanət kassasının prezidenti və baş direktoru), Nikola Düfurq (İctimai İnvestisiya Bankının (BPI) prezidenti və baş direktoru), Bernard Spitz (Fransa Sığorta Federasiyasının prezidenti və baş direktoru), Qiyyom Hannezo (Rotşild bankının keçmiş ortağı) və hətta Denis Oliven (FNAC mağazasının və Avropa-1 radiosunun keçmiş baş direktoru, bu gün Çex milyarderi Daniel Kretinskynin media şöbəsinin rəhbəri). Hollandın beş illik hakimiyyəti dövründə bu yüksək səviyyəli məmurların hamısı Baş nazir Manuel Vallsa simpatiya bəsləyirdilər. 2015-ci ilin noyabrında – Parisdə islamçı terroristlərin Bataklan konsert zalına hücumundan bir neçə gün sonra – Emmanuel Makron Fransanın texnokrat və kapitalizm dünyasının bu möhtərəm nümayəndələri qarşısında onların qəlbini oxşayan bir çıxış edir. O gündən texnokratiyanın əsl sintezi olan bu qrup Emmanuel Makronun xidmətinə keçir.
(ardı var)