Azərbaycan Respublikasının Konstitusiyası və Suverenliyi

post-img

(əvvəli ötən sayımızda)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Konstitusiya Məhkəməsinin fəaliyyətinə bu cür yüksək qiymət verilməsi və etimadın göstərilməsi olduqca əhəmiyyətli və qürurverici olmaqla yanaşı, həmçinin böyük məsuliyyət deməkdir.

Fəaliyyət göstərdiyi ötən illər ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 588 qərar və 170 qərardad qəbul edilib. Bu qərar və qərardadlarda formalaşdırılmış hüquqi mövqelər ilk növbədə Əsas Qanunun aliliyinin təmin olunmasına, əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə edilməsinə xidmət edir.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən sorğu, müraciət və şikayətlər əsasında qəbul edilən qərar və qərardadlarda formalaşdırılan hüquqi mövqelərdə ilk öncə Konstitusiyanın müvafiq müddəalarına istinad edilir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında məhz Konstitusiyanın aliliyi və birbaşa hüquqi qüvvəsi əsas götürülərək müvafiq hüquq normalarına hüquqi qiymət verilib.

Konstitusiya Məhkəməsi Plenumunun bu cür mühüm əhəmiyyət kəsb edən qərarlarından biri Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusu əsasında qəbul edilən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 dekabr tarixli Qərarında ilk olaraq qeyd edilib ki, Konstitusiyanın preambulasında xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq niyyəti ifadə edilmiş, həmçinin 7-ci maddəsinin I hissəsi ilə Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edilmişdir.

Hüquqi dövlətin əsas vəzifəsi insan hüquqlarına əsaslanmaq, bu hüquq və azadlıqları qorumaq və möhkəmləndirmək, hərəkət və davranışların qanuna uyğun olmasını, hər bir sahədə ədalətli hüquq qaydasının qurulmasını və inkişaf etdirilməsini təmin etməkdir.

Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I və II hissələrinə istinad edərək qeyd edib ki, Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.

Qeyd edilib ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.

Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin vurğulayıb ki, hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur.

Bu Qərarda göstərilənləri və Konstitusiyanın birbaşa hüquqi qüvvəyə malik olması barədə 147-ci maddəsinin II hissəsinin tələbini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir.

Artıq qeyd edildiyi kimi, Konstitusiya qanunvericilik sisteminin əsasında durmaqla, digər normativ hüquqi aktlara nisbətən ən yüksək hüquqi qüvvəyə malikdir. Ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsi də öz növbəsində dövlətin Əsas Qanununun öyrənilməsinə, eyni zamanda, burada əks olunan müddəaların, prinsip və dəyərlərin cəmiyyətdə geniş şəkildə təbliğ edilməsinə daim xüsusi diqqət yetirir. Belə ki, hüquqi maarifləndirilmə hüquqi dövlətin və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinin mühüm amillərindən biridir. Bununla da, gənclər arasında hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə işinin həyata keçirilməsi Konstitusiya Məhkəməsinin fəaliyyətində mühüm yerlərdən birini tutur. Bu məqsədlə ənənəvi olaraq hər il ölkəmizin müxtəlif bölgələrində ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri arasında hüquq olimpiadaları keçirilir.

Xüsusilə vurğulanmalıdır ki, 2024-cü ildə keçirilən hüquq olimpiadası Məhkəməmiz üçün xüsusi məna daşıdı. Belə ki, hüquq olimpiadası 2024-cü ilin oktyabr ayında Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin tələbələri, habelə Xankəndi və Şuşa şəhərləri, Füzuli, Laçın, Zəngilan və Xocalı rayonlarının orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında “Zəfər çalmış dövlətin Əsas Qanunu” mövzusunda keçirilmişdir.

İşğaldan azad edilmiş şəhər və rayonlarda tamamilə yenidən bərpa edilmiş təhsil müəssisələrində bu cür hüquq olimpiadasının keçirilməsi Konstitusiya Məhkəməsinin bütün kollektivi üçün unudulmaz və əlamətdar oldu.

Əminliklə deyə bilərik ki, hazırda dövlətimiz müstəqillik tarixinin ən qüdrətli, yüksək inkişaf mərhələsini yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi şübhəsiz ki, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi müasir tariximizin ən parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının qürur mənbəyidir. Bununla bağlı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2021-ci il sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində qeyd etmişdir: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Xüsusi qürur hissi ilə qeyd edilməlidir ki, Vətən müharibəsində dövlətimizin qazandığı şanlı Qələbədən ilhamlanaraq 2022-ci ilin iyul ayında Konstitusiya Məhkəməsinin hakimləri və məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Məhkəmənin Plenumunda baxılmış üç qərarın elan olunması üçün Şuşa şəhərinə səfər ediblər. Dövlət başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti və Azərbaycan Silahlı Qüvvələrinin gücü, rəşadəti sayəsində işğaldan azad edilmiş doğma torpaqlarımıza səfər etmək Konstitusiya Məhkəməsi üçün xüsusilə əlamətdar hadisə oldu.

44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də dövlətimiz siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr əldə etməkdə davam etdi. Belə ki, 2023-cü il aprelin 23-də Laçın–Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradıldı. Bu nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin Vətən müharibəsindən sonra əldə etdiyi növbəti tarixi nailiyyət olmaqla, Azərbaycanın bütün sərhədləri boyunca suveren hakimiyyətinin və nəzarətinin təmin edilməsi demək idi.

Dövlətimizin İkinci Qarabağ müharibəsində inamlı Qələbə qazanmasına baxmayaraq, Ermənistan tərəfindən hərbi təxribatlar müharibədən sonrakı dövrdə də davam etdirildi. Belə ki, Azərbaycan Ordusunun mövqeləri sistemli şəkildə atəşə tutulmuş, ərazilərimizin minalanması davam etdirilmişdir. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandı. 24 saatdan az müddətdə davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində Rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.

Bununla da, Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və bu tarix milli dövlətçilik tariximizə növbəti şanlı səhifə olaraq daxil oldu. Həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Dövlətimizin və xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Qələbə sayəsində Dövlət Bayrağımız suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində parlaq Qələbənin əldə edilməsi Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı, dövlət başçısı cənab İlham Əliyevin yenilməz siyasi, hərbi iradə və qətiyyəti, Ordumuzun qəhrəmanlığı sayəsində mümkün oldu.

2024-cü ilin may ayında daha bir olduqca mühüm əhəmiyyət kəsb edən, əlamətdar və tarixi hadisə baş verdi. Belə ki, məlum olduğu kimi, 2024-cü il mayın 24-də Qazax rayonunun dörd kəndinin Azərbaycana geri qaytarılması prosesi uğurla başa çatdırıldı. Dörd kəndin dinc yolla geri qaytarılması istisnasız olaraq dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli siyasətinin məntiqi nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti dövlətimizin zəfərlərinin davamlılığını təmin edir. Otuz ilə yaxın işğal altında qalan əzəli Azərbaycan torpaqlarını addım-addım geri qaytaran Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin zəfər müjdələri hər bir azərbaycanlını qürurlandırır, xalqımızın yenilməzliyini bir daha bütün dünyaya nümayiş etdirirdi.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi. Sərəncama əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq hər il sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi qərara alındı. Sərəncamda qeyd edilmişdir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində Əsas Qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. Belə ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində bu müddətdə təsbit edilən prinsiplər tam şəkildə təmin olunub.

Məlum olduğu kimi, cari il yanvarın 17-də tarixi məhkəmə prosesi başlanıldı. Qarabağdakı qanunsuz rejimin keçmiş “rəhbərləri” ilk dəfə hakim qarşısına çıxarıldı. Belə ki, Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən dövlətimizə və Azərbaycan xalqına qarşı bir sıra – sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlandı.

Dünya ictimaiyyətinin diqqət mərkəzində olan bu məhkəmə prosesi yalnız hüquqi bir hadisə deyil. Keçirilən məhkəmə prosesi bir daha qanunun aliliyini və tarixi ədalətin bərqərar edilməsini sübut edir.

Qeyd olunduğu kimi, dövlət başçısının 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.

Əminliklə bildirmək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı bu Sərəncam xüsusi əhəmiyyət kəsb edir. Respublikamızda “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi Azərbaycan dövləti üçün yeni inkişaf mərhələsinin başlaması istiqamətində önəmli addım olmaqla, ölkəmizin hərtərəfli inkişafında mühüm mərhələ olacaq. Sərəncam dövlətimizin gələcək inkişafı və eyni zamanda, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Dövlətimiz ildən-ilə güclənərək, inkişafının yüksək tərəqqi ilə xarakterizə olunan, keyfiyyətcə yeni dövrünü yaşayır. Dövlət Başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən effektiv dövlət idarəçiliyi, həmçinin təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində görülən tədbirlər ümumilikdə müstəqilliyimizin daha da möhkəmləndirilməsini təmin edib.

Azərbaycan yaranmış yeni reallıqlar şəraitində qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoyub. Regionun lider dövləti olan və bölgədəki iqtisadi-siyasi proseslərin əsas iştirakçısı olan dövlətimizin sosial-iqtisadi potensialı 44 günlük Vətən müharibəsindən sonra daha da artdı. Ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə uğurla realizə edilən bir sıra irimiqyaslı layihələr nəinki təkcə Azərbaycanın, eyni zamanda, ümumilikdə regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz mühüm və əvəzsiz töhfəsini verir.

Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq proqramı həyata keçirilir, bərpa və yenidənqurma işləri sürətlə və planlı şəkildə davam etdirilir, müasir standartlara cavab verən infrastruktur formalaşdırılır. Mühüm məqam odur ki, burada dayanıqlı məskunlaşma və davamlı iqtisadi reinteqrasiya üçün bütün zəruri şərait yaradılır. İşğal illərində tamamilə viran qoyulmuş kənd, qəsəbə və şəhərlər tamamilə yenidən qurulur, doğma torpaqlarımıza həyat qayıdır.

İkinci Qarabağ müharibəsindən ötən müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda sürətlə davam edən bərpa-quruculuq işləri çərçivəsində nəhəng infrastruktur layihələri həyata keçirilib, qısa zaman ərzində geniş yol şəbəkəsi qurulub, tunellər çəkilib, beynəlxalq əhəmiyyətli dəhlizlər salınıb, hava limanları inşa edilib, yüksəkkeyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlər, ictimai iaşə obyektləri tikilib.

Bu bölgədə aparılan bütün bərpa və yenidənqurma işləri dövlət başçısı cənab İlham Əliyevin bilavasitə nəzarətindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlər etməsi bu proseslərin qarşıda duran ən mühüm və həssas məsələlərdən biri olmaqla, hər zaman diqqət mərkəzində olduğunun təsdiqidir.

Qarabağ və Şərqi Zəngəzurda tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində də işlər uğurla həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə işğal dövründə dağıdılan dini, mədəniyyət və tarixi abidələrin bərpasına və inşasına olduqca böyük diqqət yetirilir.

Həyata keçirilən bütün bərpa və yenidənqurma işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.

Vətən müharibəsindən sonra işğaldan azad edilən bütün ərazilərə yenidən həyat verilir, yurdlarından didərgin düşmüş sakinlər öz doğma el-obalarına qayıdırlar. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması ilə yanaşı, bu torpaqlara yerli əhalinin qayıtması Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafı ilə bağlı qarşıda duran ən vacib istiqamətlərdən biridir.

Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq əhalinin qısa zamanda öz doğma torpaqlarına qayıtmaları istiqamətində dövlət tərəfindən bütün imkanlar səfərbər edilib. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb.

Bu ərazilərdə konstitusiya hüquqlarının tətbiq və təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Əhalinin hüquq və azadlıqlarının müdafiəsi onların sosial və digər vacib xidmətlərlə təmin olunması, eyni zamanda, bütövlükdə iqtisadi inkişaf üçün zəruri hüquqi şərait yaradır.

İşğaldan azad edilmiş ərazilərdə suveren hüquqların və azadlıqların təmin edilməsi məhz Konstitusiyanın aliliyinə əsaslanır. Bu ərazilərdə dövlət idarəetmə strukturlarının, həmçinin hüquq-mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətinin təmin edilməsi insanların hüquqlarının və azadlıqlarının müdafiəsi üçün əsaslı və olduqca mühüm addımlardır.

Qeyd edilməlidir ki, həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrini də uğurla davam etdirir. Dövlətimizin xarici siyasətinin özünəməxsus xüsusiyyətlərindən biri bu siyasətin müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Azərbaycan tam müstəqil siyasət həyata keçirir və bunun nəticəsidir ki, ölkəmizə rəğbət, maraq daim artır, eyni zamanda ölkəmizə yüksək hörmət və etimad göstərilir.

Dövlət başçısı cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində qeyd etdiyi kimi: “Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib”.

Azərbaycan özünü dünya birliyində ən mötəbər kürsülərdən öz haqlı mövqeyini nümayiş etdirən və bu mövqeyini qoruyan, eyni zamanda zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıdıb. Eyni zamanda, müasir beynəlxalq münasibətlər sisteminin tam və bərabərhüquqlu üzvü olan ölkəmiz hər il mötəbər, beynəlxalq miqyaslı konfranslara, qlobal forumlara, zirvə görüşlərinə və digər mühüm tədbirlərə, ikitərəfli və çoxtərəfli görüşlərə, idman yarışlarına, musiqi və incəsənət festivallarına layiqincə ev sahibliyi edir.

Ötən 2024-cü ildə də Azərbaycanda bir sıra mühüm beynəlxalq tədbirlər keçirilmişdir. Məlum olduğu kimi, ötən ilin noyabr ayında ölkəmiz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi etmişdir. COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olmaqla, qlobal səviyyədə bir nömrəli dövlətlərarası konfransdır.

COP29 tədbiri dünyada iqlim dəyişmələri ilə bağlı məsələlərin həll edilməsində yeni konseptual yanaşmaların tətbiqində və maraqlı tərəflər arasında səmərəli əməkdaşlığa əlverişli şərait yaradan platforma qismində çıxış etdi. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimad və inamın göstəricisi idi. Şübhəsiz ki, dünya birliyinin Azərbaycana göstərdiyi bu inam və etimad Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi nüfuzu, həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin, diplomatik məharətinin bilavasitə nəticəsidir.

Əminik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə inkişafının mühüm mərhələsi gözləyir. Dövlətimiz və xalqımız tarixi nailiyyətlərə imza atmaqda davam edəcək. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də öz növbəsində, müəllifi Ulu öndər Heydər Əliyev olan Əsas Qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət quruculuğu və müstəqil dövlətimizin möhkəmlənməsi istiqamətində dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi mütərəqqi fəaliyyətinə dəstək olaraq, üzərinə düşən məsuliyyətli vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə daim çalışacaq.

 



Siyasət