“Kinomexanikin qayıdışı”

post-img

Azərbaycanlı gənc rejissor Orxan Ağazadənin 2024-cü ildə Nantda keçirilmiş beynəlxalq “3 Qitə Festivalı”nın (Festival des 3 Continents) mükafatlarına layiq görülmüş filmi belə adlanır. Bu ekran əsəri ötən həftə Parisin “L’Arlequin” kino zalında nümayiş olunub.

Xatırladaq ki, noyabr ayında 45 ildən bəri keçirilən festivalın münsiflər heyəti “Kinomexanikin qayıdışı”nı “Nant-Atlantik hava limanı” xüsusi mükafatı və “Gənc münsif” mükafatına layiq görmüş, film ARTE ZDF və CNC tərəfindən dəstəklənmişdi. Nant və Luar–Atlantik şəhərlərindən sonra paytaxt Paris festivalın qalib filmlərini yerli kinosevərlərə təqdim edib.

Bu ekran işi Astara rayonunun Sım kəndində təsadüfən rast gəlinən bir olaydan sonra yaranıb. Qış vaxtı qar yağdığına görə çəkilişə getmiş Orxangil kənddən çıxa bilməyib və Samidin qonağı olublar. Onların kinoçu olduqlarını bilincə, Samid özünün keçmiş kinomexanik olduğunu deyib və 30 ildən bəri evin zirzəmisində saxladığı aparatları göstərib. Deyib ki, yenidən film göstərməyi çox istəyir, amma problem lampanın olmamasıdır. Bu əhvalatdan sonra Orxan xarici dostları ilə layihə hazırlayıb və “Kinomexanikin qayıdışı” araya-ərsəyə gəlib. Almaniya və Fransadan olan kinematoqrafçıların dəstəyi ilə hasilə gələn bədii-sənədli film tezliklə diqqət çəkib, uğurlu festival həyatı yaşayıb. Orxandan başqa, Daniel Quliyev filmin operator işinə görə fərqlənib. Filmin baş qəhrəmanlarından biri isə elə Astara sakini Samid Xəlilovdur.

Xatırladaq ki, “Kinomexanikin qayıdışı” ötən il yayda Cənubi Koreyada keçirilən sənədli film festivalında Qran-Pri qazanıb. Daha öncə isə Almaniyada (Köln şəhəri) operator (təsvir rejissorluğu) işinə görə verilən nüfuzlu “Alman Kamera Mükafatı”nın (Deutscher Kamerapreis) qalibləri sırasında yer alıb. 

Lənkəranda anadan olmuş Orxan Ağazadə 2006–2011-ci illərdə Bakı Slavyan Universitetində jurnalistika üzrə bakalavr təhsili aldıqdan sonra, 2015–2018-ci illərdə Böyük Britaniyada “London Film School”da (LFS) magistraturanı bitirib. O, hələ tələbəlik illərində çəkmiş olduğu qısametrajlı sənədli və bədii filmləri ilə nüfuzlu festivallarda iştirak edib. Almaniyanın “Leipzig İnternational Film” Festivalında Orxanın ilk işi olan “Leninə məktub”un premyerası olub. 

Gənc rejissor bizimlə söhbətində dedi:

– Əlbəttə, bu uğura çox sevinirəm. Bir də ki, ailə ənənəsinin davamçısı olmağımla    fəxr edirəm. Atam – kino və televiziya rejissoru, ssenarist Mirsadiq Ağazadə bu sahənin tanınan təmsilçisidir. Məndən 1 yaş böyük qardaşım Ruslan isə bacarıqlı operatordur. Mən də onların yolu ilə gedirəm. Ölkəmizdə kino sənətinin inkişafına önəm verilməsi ruhlandırıcıdır.  

Əli NƏCƏFXANLI    
XQ

Sosial həyat