Karlseni məğlub edən 14 yaşlı soydaşımız

post-img

Bu günlərdə 14 yaşlı rusiyalı şahmatçı David Əhmədov sürətli şahmat üzrə həftəlik onlayn turnirdə özündən 20 yaş böyük kumiri – 16-cı dünya çempionu norveçli Maqnus Karlseni məğlub edərək böyük sensasiyaya imza atıb. Rusiyanın, demək olar ki, bütün saytları bu oyunu şərh edib,  çoxu da şahmatda supersensasiya adlandırıb.

Mütəxəssislər də qeyd edirlər ki, “çhess.com” platformasında İsveçrə sistemi üzrə keçirilən, yalnız beynəlxalq titulu olan şahmatçıların iştirak edə bildikləri bu blits turnirdə qrossmeysteri məyus etmək, doğrudan da, bir möcüzədir.  

Əhmədov “Title Tuesday” (“Titullu çərşənbə axşamı”) turnirinin 2-ci turunda ağlarla oynayıb və 56-cı gedişdə 2831 xalla Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlinə liderlik edən, 2013–2023-cü illərdə şahmat tacının sahibi olan, sonra isə titulunu qorumaqdan imtina edən Karlsen üzərində qələbə qazanıb. O, özünün 2368 reytinq xalı ilə FİDE ustasıdır, amma hələlik heç dünyanın ən yaxşı top-100-lüyünə də daxil deyil.

David peşəkar şahmatla 5 yaşından Soçidəki UGİM-də məşğul olmağa başlayıb. Sonra Moskvada Anatoli Karpovun məktəbində və Botvinnik adına UGİM-də məşqlər edib. Müəllimi beynəlxalq qrossmeyster Stanuislav Novikovdur. 2022-ci ildən sürətli şahmat və blits üzrə həm şəxsi, həm də komanda yarışlarında iştirak edir. İnişil yeniyetmələrin dünya birinciliyində 14 yaşadək oğlanlar arasında 4-cü olub. Elə həmin il 15 yaşadək yeniyetmələr arasında klassik şahmat üzrə Rusiya birinciliyində qalib gəlib. Bir neçə ay sonra isə Səmərqənddə blits üzrə dünya çempionatında qüvvəsini sınayaraq orta nəticə göstərib.      

Soydaşımız son turnirin qalibi olmasa da, tarix yaza bilib. O deyib: “Çox xoş idi. Bütün partiya boyu gərgin, toparlanmış vəziyyətdə oldum. Analayırdım ki, konsentrasiyanı itirmək olmaz, yoxsa Maqnus cəzalandırar. Buna görə də o təslim olanda sanki çiynimdən ağır yük götürüldü. Hər halda, söhbət blits üzrə dünya çempionundan gedir. Ondan qoparılan hər bir qələbə böyük uğurdur. Oynamağa davam etmək əzmindəyəm, ümidvaram ki, yaxın vaxtlarda qrossmeyster ola biləcəyəm”. 

Keçmiş dünya çempionu Anatoli Karpov Davidin qələbəsini belə şərh edib: “Əhmədov üçün bu, böyük nailiyyətdir. 14 yaşında belə bir rəqibi udmaq möhtəşəmdir. Onu təbrik edirəm”. 

Öz kumiri Karlsen üzərində qələbədən sonra Moskva məktəblisi David dostları ilə futbol oynamağa gedib – triumf gənc şahmatçının coşğun həyat sürməsinə mane olmur.     

Qeyd edək ki, yeniyetmə zəka ustası Yessentuki şəhərindəki “Araz” Azərbaycan İcmasının başçısı Fərhad Əhmədovun nəvəsidir. Atası Ruslan Əhmədov Davidin hələ balaca ikən şahmata həvəs göstərdiyini görüb və bu zəka oyununu öyrənməsinə şərait yaradıb.

Əli NƏCƏFXANLI    
XQ

 

Sosial həyat