Azərbaycanda Gənclər Günü ərəfəsində AMEA Rəyasət Heyətinin iclasında 2024-cü il üzrə AMEA-nın “İlin gənc alimi” mükafatı müsabiqəsinin nəticələri elan olunub.
Müsabiqənin yekunlarına əsasən, Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnurə Hüseynova AMEA-nın “İlin gənc alimi” diplomu və pul mükafatına layiq görülüb. XQ-yə açıqlamasında o deyib:
– Çox sevincliyəm. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Ötən il – yəni 29 yaşıma qədər elmi iş müdafiə etdiyimə, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili”ndə 2 kitabımın çıxdığına görə mükafatlandırılmışam. Müdafiə mövzum “Oğuz qrupu türk dillərində təbiət leksikası” adlanır. Kitablarım isə ekolinqvistika: relyef və iqlim leksikası, həmçinin flora və fauna leksikası barədədir. Hazırda bu sahəyə aid olan 6500 sözdən ibarət lüğət hazırlayıram. Mükafat məni daha böyük uğurlara ruhlandırır.
Qeyd edək ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Telli Əliyeva, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçiləri Asim Cənnətov və Şahanə Şahbazova, Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, doktorant Günay Bayramova, Fəlsəfə və Sosiologiya İnstitutunun kiçik elmi işçisi, dissertant Nigar İsmayılova, AMEA-nın Naxçıvan Bölməsi Əlyazmalar Fondunun elmi işçisi Kubra Vəliyeva, Şəki və Lənkəran Regional Elmi Mərkəzlərnin elmi işçiləri Ayşən Salmanova ilə Mirməhəmməd Babayev, Gəncə Bölməsinin şöbə müdiri dissertant Simuzər Qafarlı, keçmiş Qafqazşünaslıq İnstitutunun elmi işçisi, dissertant Şərqiyyə İmaməli və Mərkəzi Elmi Kitabxananın baş mütəxəssisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva da AMEA-nın “İlin gənc alimi” nominasiyası üzrə qalib sayılaraq diplomlarla təltif ediliblər.
Əli NƏCƏFXANLI
XQ