Sabahımızın sahibləri

post-img

Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dönəmində yüksək səviyyəli gənc nəslin yetişdirilməsini ümdə vəzifə sayıb. Dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Unudulmaz dahi şəxsiyyətin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” – İlk  forumda Ulu öndər gənclərin qarşısında bu tarixi vəzifəni qoyub. 

Prezident İlham Əliyevin çoxsaylı görüşlərində gənclərə tövsiyələri isə onların çağdaş davranışları üçün fəaliyyət proqramıdır: “Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar. Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır”.

Fərəhli haldır ki, gənclərimiz etimadı doğruldur, tərəqqi edir və heç bir yad təsirə uymurlar. Elə buna görə də ölkəmizdə Gənclər Günü hamının bayramı sayılır. Təkcə yaşca gənc olanların deyil, ruhən gənc olanların da, gənclərlə işləyib onların tərbiyəsinə məsuliyyət daşıyanların da bu günü qeyd etməyə haqqı çatır. Tarix dəyişsə də, gənclik ruhu davam edir, milli-mənəvi dəyərlər yaşadılır. Məhz vətənpərvər gənclik özünün sanbalı ilə xoşbəxt gələcəyin müjdəçisi olur. 

XQ

 

Sosial həyat