“Nur şəhəri”ndə gənclik ab-havası

post-img

Mingəçevir Şəhər İcra Hakimiyyətində Gənclər Günü münasibəti ilə gənclərlə görüş bayram əhval-ruhiyyəsində keçdi.

Görüşdə Mingəçevir Dövlət Universitetini, Tibb  və  Turizm kolleclərini, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrini, digər qurumları təmsil edən gənclər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edirdilər. Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov gəncləri təbrik edərək xoş arzularını çatdırıb.  Müstəqil Azərbaycanda uğurlu gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulduğunu bildirən şəhər rəhbəri 1994-cü il 26 iyul tarixli fərmanla Gənclər və İdman Nazirliyinin yaradılmasının gənclərə göstərilən diqqət və qayğı olduğunu vurğulayıb. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumu, 2 fevral 1997-ci il tarixində imzalanmış sərəncama əsasən, həmin günün Azərbaycan Gəncləri Günü elan edilməsi, 1999-cu il 29 iyul tarixli “Dövlət gənclər siyasəti haqqında” fərmanla    bu siyasətin həyata keçirilməsi üzrə tədbirlər planının təsdiq edilməsi, 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi gənclərin inkişafına, təhsilinə, fiziki sağlamlığına geniş yollar açdı. Natiq deyib ki, ardıcıllıqla həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələrindən bəhs edərkən ölkəmizdə vətənpərvər bir nəslin formalaşmasını məmnunluq hissi ilə təsdiqləyə bilərik. 

Qeyd olunub ki, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin dövründə  Azərbaycan gəncləri sərhədlərimizin qorunmasında, ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə böyük fədakarlıqlar göstəriblər. Dövlətimizin başçısı gənclərimizin Vətən sevgisini qürur hissi ilə belə nəzərə çatdırıb: “Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur”. 

Gənclərin dünyanın müxtəlif ölkələrindəki universitetlərdə təhsil almasının, dünya və Avropa idman yarışlarında qələbələr qazanaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmasının bu uğurlu siyasətin davamı olduğu vurğulanıb.     “Respublikamızda 45-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına evsahibliyi etməsi və bu kimi digər nailiyyətlər hər birimizin fərəhini artırır”.

Sonra Mingəçevirdə uşaq və gənclərin təhsili, sağlamlığı üçün  layihələrin icra edildiyini bildirən İlham İsmayılov qeyd edib ki, “Nur şəhəri”ndə aparılan abadlıq-quruculuq işləri çərçivəsində məhəllələrdə və istirahət məskənlərində, xiyabanlarda futbol və basketbol idman meydançaları, müxtəlif idman aksesuarları ilə təchiz edilmiş meydanlar  hazırlanır. Bütün bunlar insanların, xüsusilə də gənclərin səmərəli və mənalı istirahətlərinin təşkili, onların məmnunluq hisslərinin artırılması üçün görülən işlərin bir hissəsidir.    

Görüşdə YAP şəhər təşkilatının sədri Bəxtiyar  Mustafayev, İşıqlı Gələcək Gənclər İctimai Birliyinin sədri Samrin Xanlayev gənclərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, şəhərdə gənclər üçün  yaradılan şəraitə görə  yerli rəhbərliyə minnətdarlıqlarını ifadə ediblər. Məktəbli gənclərdən Hüseyn Əbdürəhimli, Əlmurad Hacızadə, Zəhra Allahverdi təhsil və idman sahəsində qazandıqları uğurlardan söhbət açaraq onlara yaradılan şərait üçün təşəkkürlərini bildiriblər.

Sonda şəhərin ictimai həyatında fəallıq göstərən,  təhsil, idman sahəsində nailiyyətlərinə görə fərqlənən bir qrup gəncə Mingəçevir Şəhər İcra Hakimiyyətinin fəxri fərman və  hədiyyələri təqdim edilib.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Mingəçevir 

 

Sosial həyat