Dövlətin hərtərəfli dəstəyi yeni nəsli uğurlara təşviq edir
Gənclik hər bir millətin döyünən ürəyidir. Zaman dəyişdikcə, nəsillər də dəyişir və fərəhlidir ki, Azərbaycan gəncləri milli-mənəvi dəyərləri yaşadır, estafeti layiqincə sabahlara doğru aparır, tərəqqiyə töhfələr verirlər. Yəni vətənpərvər ruhlu gənclik xoşbəxt gələcəyin müjdəçisi olur.
Dünya şöhrətli siyasətçi olan Ümummilli liderimiz Heydər Əliyev həmişə gənclərə inanıb və onlara böyük ümidlər bəsləyib, zəhmətkeş və yüksək intellektual səviyyəli gənc nəslin yetişdirilməsini ümdə vəzifə sayıb. Məhz Ulu öndərin təşəbbüsü ilə dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətinin koordinasiyası məqsədi ilə 31 il əvvəl – 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Unudulmaz dahi şəxsiyyət 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarını keçirib, öz çıxışları ilə qarşıda duran vəzifələrin “Yol xəritəsi”ni verib. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” – İlk forumda Ulu öndər gənclərin qarşısında bu tarixi vəzifəni qoyub. Bir il sonra həmin tədbirin keçirildiyi gün – fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.
Gənclər üçün fəaliyyət üfüqlərini genişləndirən Dövlət proqramları, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması Heydər Əliyevin gənclərə böyük qayğısının təzahürü idi. Gənclərlə bağlı digər mühüm sənəd 2002-ci ildə qəbul edilmiş “Gənclər siyasəti haqqında” Qanundur. XXI əsri Azərbaycanda gənclərin müstəqil dövlətimizi qurub-yaratmaq və inkişaf etdirmək dövrü kimi xarakterizə edən Ulu öndərin gəncliyə olan etimadı indi artıq öz təsdiqini hərtərəfli şəkildə tapır.
Bu əsrin əvvəllərindən ölkəmizdə gənclər siyasəti yeni məzmunda gerçəkləşdirilir. Prezident İlham Əliyev bu yöndə verdiyi bütün qərarları ilə Ümummilli liderin gənclər siyasətinə sadiqliyini sübuta yetirir. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların cari qayğılarının həllini təmin etmək məqsədi ilə 2005–2009-cu illəri əhatə edən Dövlət Proqramını təsdiq edib. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı sərəncamı gənclərin fəallığının daha da yüksəlməsinə səbəb olub. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb. Bu sahədə ardıcıl və davamlı layihələr həyata keçirilib.
Dünyada elm və texnologiyanın sürətli inkişafı, süni intellekt yaradıcılığı Azərbaycan dövlətinin də gənclərlə bağlı uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan Prezident İlham Əliyev gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə hələ 10 il əvvəl – 2015-ci il yanvarın 26-da “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodlarının tətbiqi də uğurla reallaşıb.
Azərbaycan gəncliyinin vətənpərvərliyi dünyaya nümunədir. 2020-ci ildə şəhidlərimizin, qazilərimizin qanı ilə yazılmış Zəfər salnaməsinin sətirləri əsrlər boyu solmayacaq. “Ataların yolu oğulların yoludur” məramına sadiq qalan gənclərimiz şöhrət vüsətini II Qarabağ müharibəsində əzmlə davam etdiriblər. O zaman ölkədə qismən səfərbərlik elan edilsə də, minlərlə gənc orduya yazılmaq istəyir, cəbhəyə yollanmaqda təkid edirdi. Döyüş bölgələrində, səngərlərdə hərbçilərimizin qələbə əzmi, vətənpərvərlik amalı savaşın taleyini cəmi 44 günə həll etdi. Prezident, Ali Baş Komandan İlham Əliyev Bakının Azadlıq Meydanında keçirilən Zəfər Paradında bu barədə fikirlərini tükənməz iftixar hissi ilə dilə gətirdi: “Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi”.
Müharibədən sonrakı antiterror tədbirlərində, suverenliyimizin tam bərpası üzrə əməliyyatlarda da ordumuz, onun özəyi olan gənc hərbçilərimiz mərdlik və fədakarlıq simvolu olublar. Onların əməli səyləri, qorxmazlığı və qətiyyəti sayəsində hərbi nailiyyətlərimiz təmin edilib.
Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, yaradıcı potensiallarından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2011-ci ildə Azərbaycanda Gənclər Fondu yaradılıb. 2018-ci ildə Fond struktur islahatları ilə yenidən təşkil edilib. İndi sözügedən qurum elm, təhsil, mədəniyyət və digər sahələrə yönəlmiş fəaliyyətlərin daha çevik stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramların qrant şəklində maliyyələşdirilməsini lazımınca təmin edir. Bu kimi addımlar ölkəmizdə gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin sübutudur. Dövlətimizin başçısı gənc kadrların irəli çəkilməsi ilə də bağlı ardıcıl olaraq əməli addımlar atır. İndi neçə-neçə layiqli gənc nazir, icra hakimiyyəti başçısı və digər məsuliyyətli vəzifələrdə etimadı doğruldur.
“Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” 2013-cü il tarixli Fərmanla ilbəil ölkəmizdə bu ali dəyərləndirmənin həyata keçirilməsi gözəl ənənə halını alıb. Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslər həmin mükafata layiq görülürlər.
İdman dövlətimizin gənclər siyasətində aparıcı yer tutur. Ölkə rəhbərinin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən biri kimi tanınır. 2017-ci ildə Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə bu komitənin prezidenti olan cənab İlham Əliyev Azərbaycanda idmana verilən önəmi belə dəyərləndirib: “Bütün müvafiq qurumlar, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman cəmiyyətləri, federasiyalar, klublar bir məqsədi güdür ki, Azərbaycanda idman daha da inkişaf etsin, idmanın kütləviliyi daha da geniş vüsət alsın və idmançılarımız bizi beynəlxalq yarışlarda tez-tez sevindirsinlər. Bax, bu birgə fəaliyyət nəticəsində və idmana cavabdehlik daşıyan bütün qurumlar arasındakı koordinasiya sayəsində Azərbaycan beynəlxalq aləmdə idman sahəsində çox böyük uğurlara imza atmışdır”.
Azərbaycanın müxtəlif bölgələrində olimpiya-idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında və digər mötəbər turnirlərdə uğurlu çıxışları buna əyani sübutdur. Məhz idmanın yaratdığı sağlam bədən – sağlam ruh vəhdəti sayəsində gənclərimiz bu günün qəhrəmanları səviyyəsinə yüksəliblər.
Ötən yay Parisdə keçirilmiş XXXIII Olimpiya Oyunlarını xatırlayaq. Orada Azərbaycan Milli Olimpiya Komandası 48 idmançı ilə (əvvəlkindən 4 nəfər artıq) 15 idman növü üzrə təmsil olundu. İdmançılarımızın 19-nun qadın olması da (əvvəlkində 16 qadın vardı) Azərbaycanın Olimpiya Oyunları tarixində ciddi uğur idi. Təmsilçilərimizin 29 nəfəri olimpiadada debütant olsa da, qazanılan uğur möhtəşəm idi. Belə ki, komandamız Paris Olimpiadasını 7 medalla (2 qızıl, 2 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev final görüşündə qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, Dövlət Himnimizin səsləndirilməsinə nail oldular. Azərbaycan olimpiyaçıları qazanılan medalların əyarına görə 30-cu pillədə, medalların sayına görə isə 33-cü pillədə qərarlaşdı.
Gənclərin fəallığının artırılmasında, istedadlarının üzə çıxarılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Mehriban Əliyeva daim gənclərimizin uğurlarını yaxından izləyir və lazımınca stimullaşdırır. Heydər Əliyev Fondunun xəttilə reallaşdırılan tərəqqi layihələri gənclərin təşəbbüskarlığına əsl dəstəkdir. İşğaldan qurtarmış Qarabağa səfərlərə Prezidentlə bərabər ailə üzvlərinin də getməsi xalqımız, xüsusilə də gənclərimiz üçün tükənməz qürur mənbəyi olub. Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan ölkə əhəmiyyətli və beynəlxalq layihələr Azərbaycanın təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində əvəzsiz rola malikdir.
Dinamik həyat yaşayan bugünkü Azərbaycan gəncliyi doğma ana dilimizi, gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz karyerasını qurarkən, ilk növbədə, məhz müstəqil Azərbaycanın daha işıqlı gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirir.
Bu gün ölkəmizin öz tarixinin ən şərəfli dövrünü yaşaması həm də mübariz gənclərimizin xidməti sayılır. Azərbaycan gəncliyi torpaqlarımızı mənfur düşməndən təmizlədiyi kimi, erməni vandallarının dağıtdığı şəhər və kəndlərimizi də yenidən qurmaq, cənnətə çevirmək üçün hər cür fədakarlıq göstərir. Döyüş səngərlərində vəzifəsini şərəflə başa vuran gənclərimiz indi də Qarabağın və Şərqi Zəngəzurun zəhmət, hünər cəbhəsində öz sözünü qətiyyətlə deyir.
Əli NƏCƏFXANLI
XQ