Çünki ölkəmizdə Xalq–Hakimiyyət birliyi sarsılmazdır
Son günlər ölkəmizin ictimai-siyasi gündəminə daxil olan mühüm məsələlərdən biri AXCP sədri Əli Kərimli və partiyanın bəzi funksionerləri barəsində həyata keçirilən istintaq tədbirləridir. Məlumatlara əsasən, Dövlət Təhlükəsizliyi Xidməti onların mənzilində axtarış aparmış, bu tədbirlər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində reallaşdırılmışdır.
Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri üzrə ittiham olunur və Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığına məhkum edilib.
Hüquqi baxımdan prosesin məntiqi göstərir ki, əgər istintaq materialları Əli Kərimli ilə bağlı da əsaslı şübhələr formalaşdırırsa, bu halda həmin şəxsin cinayət təqibindən kənarda qalması mümkün deyil. Araşdırmanın nəticələri, ilkin sübutların məhkəməyə təqdim edilməsi və müvafiq qərarların çıxarılması isə prosesin hüquqi məcrada davam edəcəyinin göstəricidir. Yəni məsələyə fərqli don geydirilməsi yolverilməzdir.
Bəli, olayların sırf milli təhlükəsizliyimiz baxımından qiymətləndirilməsi vacibdir. Çünki tarix var və onun 1920-ci il kimi acı reallığı da həmçinin. O reallıq ki, müstəqilliyimizin itirilməsini doğurmuşdu. Deməli, təhdidlərə qarşı cəmiyyətimiz mütəşəkkil olmalıdır. Çünki ölkəmiz inkişaf etdikcə, xarici düşmənlərimizin sayı da artır. Onların daxildəki resurslarını işə salaraq təhlükə yaratmaq ehtimalları da öz yerində.
Belə cəhdləri 2013-cü ildə də görmüşük. Əlbəttə, həmin vaxt bəzi qrupların “beşinci kolon”un canişinləri funksiyasını yerinə yetirdikləri də yaddaşımızdan silinməyib. Adlarını “Milli Şura”, “Ziyalılar forumu” qoymuşdular. Zamanla bu pafoslu təqdimatların Kremlin layihələri olduğu təsdiqini tapdı. Hələ Şimala demokratiyanın beşiyi deyənlər də var idi.
Əlbəttə, bu yerdə Ramiz Mehdiyevin Rusiyaya göndərdiyi və dövlət hakimiyyətinin dəyişdirilməsini nəzərdə tutan məktubunun üzərində də dayanmağa ehtiyac var. Nəzərə alaq ki, məktubda “Dövlət Şurası” ideyasından söz açılır. O ideyadan ki, siyasi sistemin zorla dəyişdirilməsini rəhbər tuturdu. Axı ötən əsrin iyirminci ilində də eyni proses yaşanmışdı. Sapı özümüzdən olan baltalar “Qızıl ordu”nun xalqa xoşbəxtlik gətirdiyini car çəkirdilər. Gördük o xoşbəxtliyi!
Bu gün azadlığımızı boğan zəncirlərdən xilas olmuşuq. Bunu Prezident İlham Əliyevin müzəffər komandanlığı ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qalibiyyətlə, müqəddəs Zəfərlə gerçəkləşdirmişik. Tarixdə ilk dəfədir ki, haqqımız olanı geri qaytarmışıq. Görünür, bu əzmimizi gözü götürməyənlər bədnam əməllərini işə salıblar. Elə zənn edirlər ki, bu yolla Cənubi Qafqaz coğrafiyasında mövcudluqlarını davam etdirəcəklər. Təəssüf ki, belə qüvvələrin daxilimizdəki “istinadgahları” da olub. Ancaq hazırda həmin istinadgahlar da “dağıdılır”. Deməli, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına aparan əzmimiz özünə yeni müqavimət çalarları qazanır.
Sonda onu da bildirək ki, bugünün Azərbaycanı nə 1920-ci ilin çaşqın, gücsüz cümhuriyyətidir, nə də 1990-cı illərin qarışıq dövrünün məkanı. Bu torpağın sahibi olan xalq ayıqdır, dövlətin dayaqları möhkəmdir, düşmənlərin oyunu vaxtında aşkarlanır. Daxili təhdidlərin ifşa olunması, xarici mərkəzlərə bağlı strukturların sıradan çıxarılması ölkəmizin suverenliyini daha da möhkəmləndirir. Dövlətçiliyimizə yönəlmiş hər bir addım qarşısında dövlətin və xalqın iradəsi divar kimi dayanır.
Tam qətiyyətlə deyə bilərik ki, bu gün atılan hər addım Azərbaycanın gücünə güc qatır, milli birliyimizi daha da sarsılmaz edir. Bunu hər kəs bilsin! Nəinki bilsin, eyni zamanda, qulağında sırğa eləsin! Onu da bilsinlər ki, Azərbaycanda mövcud olan Xalq–Hakimiyyət vəhdəti bütün təhdidlərə qarşı sipərdir!
“Xalq qəzeti”nin analitik qrupu

