İrəvan Zəngəzur dəhlizinin özü üçün də strateji əhəmiyyət daşıdığını anlamır
Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan və Ermənistan arasında sülhə nail olmağa, diplomatik münasibətlərin bərpasına ən ciddi əngəllərdən biri Zəngəzur dəhlizi ilə bağlı məsələdir. Öz iradəsindən kənar ayrı düşdüyü tarixi torpaqlarına qayıdış Azərbaycan xalqının halal haqqıdır. Qərbi Zəngəzurun Qərbi Azərbaycan olduğuna artıq hayların özləri də əmin olmağa başlayıblar. Doğrudur, bu məsələ imzalanacaq sülh sazişində müzakirə predmeti deyil, amma dövlətimiz və xalqımız üçün sülh müqaviləsinin imzalanması qədər əhəmiyyətlidir. Çünki burada söhbət həm də tarixi ədalətin bərpasından gedir. İrəvan hələlik buna inadlı müqavimət göstərməkdə davam edir. Ermənistan hakimiyyəti qərbli havadarlarına güvənərək bu dirənişi daha da gücləndirməyə, “qonşudan təcavüz” feykini qabartmağa çalışır. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bu yaxınlarda jurnalistlərə açıqlamasında bəyan etdi ki, heç bir Zəngəzur dəhlizi olmayacaq: “Biz artıq dəfələrlə təkrar etmişik ki, bu, olmayacaq”.
Əslində, Qriqoryanın bu bəyanatı Paşinyan hökumətinin Bakı ilə sülh anlaşmasına dair səsləndirdiyi “nikbin” tezislərin söz oyunundan, demaqogiyadan savayı bir şey olmadığını göstərir. Həm də o deməkdir ki, 4 il 3 ay bundan əvvəl kapitulyasiya aktnı imzalayan ölkə düşdüyü dalandan çıxmaq barədə düşünmək istəmir. Bunu özü bilər. Fəqət Zəngəzur dəhlizi gec, ya tez, mütləq açılacaq. Bunun sadə bir səbəbi odur ki, bu məsələdə Ermənistan söz sahibi deyil. Bakı və Ankaranın mövqeyi isə dəyişməz olaraq qalır: Zəngəzur dəhlizi region ölkələrinin maraqlarına cavab verən Avrasiyanın orta xəttindəki önəmli layihələrdən biridir. Bu layihənin beynəlxalq əhəmiyyətini nəzərə alaraq, onu da qeyd etmək lazımdır ki, Avropa İttifaqı adlı “kollektiv Qərb” Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın hökm sürməsində qətiyyən maraqlı deyil. Eləcə də region dövlətlərinin inkişafı Qərbin maraq dairəsi ilə üst-üstə düşmür. O cümlədən İrəvanın bölgədə sülhün, əmin-amanlığın dəstəklənməsinə yönəlik bəyanatları, sadəcə, siyasi manipulyasiyadır. Bundan məqsəd haypərəst Qərbin bu coğrafiyada məkrli geopolitik oyunlarını ört-basdır etməkdir.
* * *
“Türkiyə və Azərbaycan üçün Meğri və ya Zəngəzur dəhlizi bugünün və gələcək illərin əsas strateji hədəflərindən biridir”. Bu sözləri erməni politoloq Varujan Geqamyan deyib. O bildirib ki, dəhliz reallaşarsa, Türkiyə–Azərbaycan cütlüyü 3 böyük problemi həll edəcək: Birincisi, Türkiyə ilə Azərbaycan arasında tam ortaq quru sərhədi, nəhayət, formalaşacaq və Türkiyə Cənubi Qafqazda əsas güc olacaq. İkincisi, Türkiyə türk dünyası ilə birləşəcək və regional supergücə çevriləcək. (Geqamyan bunu “neopantürkizm” adlandırır – red.). Üçüncüsü, bu layihə Ermənistanın cənubunu kəsəcək və faktiki olaraq ölkəmizin ərazisini anklava çevirəcək, bizi Türkiyədən tamamilə asılı vəziyyətə salacaq.
Onun sözlərinə görə, dəhliz layihəsinin əsas benefisiarı Türkiyədir. Nifrətdən yoğrulmuş hay təfəkkürünün məhsulu olan bu düşüncəsi ilə İrəvan heç vaxt irəli gedə bilməyəcək. Transmilli əhəmiyyət kəsb edən, Ermənistanın özü üçün də faydalı olacaq Zəngəzur dəhlizinin yalnız qonşuların mənafeyinə xidmət edəcəyini irəli sürmək və bundan qorxuya düşmək məhz xoflu hay xislətinin bəhrəsidir. “Türkiyə Azərbaycanla sülh müqaviləsi imzalanmayana qədər Ermənistanla münasibətlərin normallaşması istiqamətində praktiki addımlar atmayacaq”. Bunu isə 6 ay bundan əvvəl erməni türkoloq Ruben Safrastyan deyib. Zəngəzur dəhlizinin açılması məsələsində məsləkdaşı Geqamyanla fikirləri üst-üstə düşən Safrastyan iddia edir ki, sülh müqaviləsi imzalandıqdan sonra da münasibətlər tam nizamlanmayacaq: “Düşünürəm ki, bundan sonra Ankaranın əsas hədəfi Zəngəzur dəhlizinin açılması olacaq. Beləliklə, Ermənistana ikinci təzyiq dalğası başlayacaq”. Safrastyanın sözlərinə görə, Ankara Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır: “Türkiyə gözləyəcək ki, Azərbaycan müqaviləni imzalasın. Bəs onun bu sənədə niyə ehtiyacı var? Düşünürəm ki, bu, Ankaraya regionda İkinci Qarabağ müharibəsindən sonrakı yeni geosiyasi situasiyanın nəticələrini rəsmiləşdirmək baxımından lazımdır. Yeni geosiyasi situasiya isə bölgədə Rusiyanın təsirinin azalması, Türkiyənin təsirinin güclənməsidir”.
Yəni, Safrastyan da məsləkdaşı Geqamyan kimi Türkiyənin regional supergücə çevrilməsini Ermənistan üçün “təhlükəli perspektiv” sayır. Rəsmi İrəvan, bir qayda olaraq, sülhə əngəl yaratmağa yönəlik bu cür feyk-ehtimallarını hay politoloqların dili ilə bəyan edir. Paşinyan hökumətinin bu məsələyə yanaşmada problem yaşadığı göz qabağındadır. Ermənistanın xarici işlər naziri Türkiyəli həmkarı Hakan Fidanla son görüşündə Zəngəzur dəhlizinin açılmasının onların maraqlarına da cavab verdiyini birdirməsinin ardından daxili auditoriyaya fərqli tezislərin ötürülməsi İrəvanın yenə “sülhdənqaçma nömrələrinə” baş vurması anlamına gəlir. Bu zaman onlar bu transmilli layihənin strateji əhəmiyyətini, ilk növbədə, özlərinə fayda gətirəcəyini ya anlamaq istəmir, ya da vaxtı uzatmaq məqsədilə manipulyasiya ilə məşğul olur. Əslində, İrəvanın istər sülh sazişinin mətni, istərsə də 2020-ci il 10 noyabr Bəyanatında öz əksini tapmış Zəngəzur dəhlizinin açılması, eləcə də Bakının sülhə və əməkdaşlığa çağırışlarına ikibaşlı, məkrli, bir növ, “ağrılı” yanaşmasının birinci dəfə deyil şahidi oluruq.
* * *
Mövzu ilə bağlı XQ-yə açıqlamasında məhz yanaşma amilini önə çəkən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov hesab edir ki, hay politoloqlar məsələnin nə coğrafi, nə də geosiyasi xarakterini anlayırlar: “Yəni, sözlərindən belə çıxır ki, Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın vəziyyəti yaxşılaşmayacaq. Məgər ermənilər bu dəhlizdən istifadə etməyəcək? Hazırda, faktiki olaraq, blokada şəraitində yaşayan Ermənistan digər regionlara, dünyaya çıxış yolunu yanlış məkanlarda axtarmaqdadır. Bu da maraqlı suallar yaradır. Əslində, onların Azərbaycan və Türkiyənin maraqları ilə bağlı gurultulu bəyanatları reallıqdan uzaq tezis və ifadələrdən ibarətdir. İrəvan bir yandan Türkiyə ilə sərhədlərin açılmasına, diplomatik əlaqələrin bərpa olunmasına can atır. Vəziyyət o həddə çatıb ki, hayların baş naziri çıxışında “erməni soyqırımı” məsələsinin 1939-cu ilədək səslənməməsinin səbəbləri barədə danışmağa başlayıb. Paşinyan bu məsələdə Türkiyəni günahlandırmağın yanlış olduğunu dedi. Bu, Ermənistan baş naziri tərəfindən edilən böyük etirafdır. Rəsmi İrəvan çox yaxşı başa düşür ki, bölgə ölkələri, eləcə də xariclə əlaqələrini bərpa etmək üçün dəhlizlərə, yollara ciddi ehtiyac var. Başqa cür bu imkanı əldə edə bilməyəcəklər. Əsas məsələ bundan ibarətdir. Düşünürəm ki, Zəngəzur dəhlizi layihəsinə belə yanaşma İrəvanın politoloqların vasitəsilə kimlərinsə gözündən pərdə asmaq cəhdindən başqa bir şey deyil. Sadəcə olaraq, onlar bu məsələyə gözlərini yaxşı-yaxşı ovuşdurub açandan sonra diqqətlə baxmalıdırlar. Bu zaman reallığı görməli və onu olduğu kimi qəbul etməlidirlər”.
* * *
2020-ci il 10 noyabr üçtərəfli Bəyanatı hələlik Azərbaycanın maraqları baxımından öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Ermənistanın Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırması yalnız öz iradəsindən asılı deyil. Bu layihənin gerçəkləşməsi, dəhlizin Rusiyanın, yaxud Türkiyənin nəzarətinə keçməsi “kollektiv Qərb”in bölgədəki maraqlarına cavab vermir. Ona görə rəsmi Bakı bütün bu məsələlərin Qərblə Rusiya arasındakı rəqabət çərçivəsində həll edilməsi prosesinə qarışmaq fikrində deyil. Azərbaycana, sadəcə, Naxçıvana maneəsiz gediş-gəliş dəhlizi lazımdır, vəssalam.
Mövcud duruma kənardan müşahidələr həm də onu deməyə əsas verir ki, haypərəst Qərb, Fransa başda olmaqla anti-Azərbaycan “çete”si özlərinin “strateji planları” üçün Azərbaycanı Rusiya ilə qarşıdurmaya sövq etməyə çalışır. Amma rəsmi Bakı milli maraqlarını Qərbə güzəştə getmək niyyətində deyil və buna müqavimət göstərmək üçün güclü siyasi iradəyə malikdir. Ümumiyyətlə, Bakı hesab edir ki, Cənubi Qafqaz üzərindən geosiyasi, geostrateji və geoiqtisadi planlarını gerçəkləşdirməyə çalışanlar Azərbaycanın maraqlarını mütləq nəzərə almağa məcburdurlar. Əks-təqdirdə həmin planların müəlliflərinin kimliyinə əhəmiyyət vermədən, onları bloklamaqdan qətiyyən çəkinməyəcək. Bu zaman Ermənistanın suveren hüququnun tapdanmasından və ya bu hüquqdan imtinadan söhbət gedə bilməz. Zəngəzur dəhlizi öz potensialı ilə, əslində, təkcə Azərbaycanın və Türkiyənin maraqlarına deyil, bölgənin bütün ölkələrinin maraqlarına cavab verəcək. Ermənistan isə bu dəhliz vasitəsilə birincisi, Azərbaycan dəmir yollarına çıxış əldə edərək, onun İran və Rusiya ilə dəmir yolu əlaqələri bərpa olunacaq. İkincisi isə bu dəhliz vasitəsi ilə beynəlxaq yükdaşımalara görə əlavə dividendlər qazanacaq. Axı Zəngəzur dəhlizi təkcə Naxçıvanı Azərbaycanın digər bölgələri ilə birləşdirən yol deyil, həm də Çin və Mərkəzi Asiya ölkələrini Avropanın tranzit-nəqliyyat qovşağına bağlayan körpü rolunu oynayacaq.
İndi İrəvan isteblişmenti Zəngəzur dəhlizi ilə bağlı içində yaratdığı süni xofdan xilas olmalı, bu əməkdaşlıq körpüsündən keçmək üçün siyasi iradə və cəsarət göstərməlidir.
İmran BƏDİRXANLI
XQ