Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 2 Fevral Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Dilbər Hüseynova “Azərbaycan Respublikasının müstəqillik və suverenliyinin qəhrəman gəncləri” mövzusunda məruzəsini təqdim edib. Bildirilib ki, gənclər hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsidir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən etibarən 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd olunması ənənəsi gənclər siyasətinin dövlətimizin inkişafının əsas istiqamətlərindən biri olduğunu bir daha sübut edir. Cəsurluqları ilə fərqlənmiş və qürur mənbəyimiz olan gənclərimizdən söz açan Dilbər Hüseynova onların uğur və hünər yolunun gələcək nəsillərə örnək olduğunu vurğulayıb.
Mədəniyyət ocağının direktor müavini Ləman Muxtarova “M.Ə. Rəsulzadənin daim gənc qalan Azərbaycan sevgisi” mövzusunda məruzəsində bildirib ki, 1918-ci ildə Azərbaycanın ilk suverenliyi elan edilərkən Məhəmməd Əmin Rəsulzadə gənc yaşlarında idi. O siyasi fəaliyyətinə “Müsəlman gənclik təşkilatı”nı yaratmaqla başlamışdı. Qəlbi vətən sevgisi ilə döyünən, istiqlal eşqi ilə alovlanan Rəsulzadə əbədi və daim gənc qalan Azərbaycan sevgisini “Əsrimizin Səyavuşu” əsərində əbədiləşdirib. Onun “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarı Azərbaycan gəncliyinə məfkurə mirasıdır.
XQ