Qəzzanın qəzalı aqibəti

post-img

ABŞ-ın “UG Solutions” mühafizə xidməti atəşkəs dövründə Qəzza zolağında sərhəd-buraxılış məntəqəsinə nəzarət edəcək. Bununla bağlı şirkət ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin 100 veteranını işə götürməyi planlaşdırır. Məlumatda həmçinin bildirilir ki, onların hər birinə gündə 1100 dollar əmək haqqı və 10 min dollar avans veriləcək. Bu barədə “trtrussian.com” saytı məlumat verib. Mənbəyin bildirdiyinə görə, bundan əvvəl də “UG Solutions” şirkəti müqaviləli veteranları Qəzza zolağında yerləşən nəzarət buraxılış məntəqəsinə göndərmişdi. Onlar 2023-cü ildə Qəzzanın “Netzarim” dəhlizində yerləşdirilmişdilər. 

Keçmiş İsrail kəşfiyyatçısı Avi Melamed “Reuters” agentliyinə deyib: “Əlbəttə ki, onlar təhdidlərlə üzləşəcəklər”. Axı, HƏMAS İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlara verdiyi dəstəyə görə ABŞ-dan qəzəblidir.

Müqaviləli əsgərlər M4 tüfəngləri və “Glock” tapançaları ilə silahlanacaqlar. “Bizim özümüzü müdafiə etmək hüququmuz var”, – deyən şirkət sözçüsü silahdan istifadə qaydalarını açıqlamaqdan imtina edib. 

Ekspertlər Qəzza ilə İraq arasında ­təhlükəli paralellərə diqqət çəkirlər. Onların sözlərinə görə, 2007-ci ildə özəl hərbi “Blackwater” şirkəti İraqda müqaviləli ­əsgərlər yerləşdirmişdi. Onlar Bağdadda 
14 mülki vətəndaşı qətlə yetirməklə diplomatik ­böhrana səbəb olmuşdular. 2004-cü ildə isə üsyançılar Fəllucədə “Blackwater”dən olan 4 amerikalını öldürdülər və 2 cəsədi körpüdən asdılar. Bu da ABŞ-ın qisas əməliyyatı həyata keçirməsinə səbəb oldu. Ekspertlər belə bir vəziyyətin Qəzza zolağında da təkrarlanacağından ehtiyat edirlər. Onlara görə, bu, İsrailə hərbi əməliyyatların yenidən başlamasına bəhanə verə bilər.

­Hesab olunur ki, İsrail hökuməti müqaviləli əsgərlərin Qəzzada yerləşdirilməsində maraqlıdır. Xarici işlər nazirinin müavini Şarren Haskel təsdiq edib ki, İsrail Qəzzaya təhlükəsizlik və humanitar yardımların çatdırılması üçün atəşkəs razılaşmasına “Misir təhlükəsizlik şirkəti” ilə birlikdə işləyəcək özəl mühafizə şirkətinin daxil edilməsini tələb edib. Məlumatda o da qeyd olunub ki, amerikalı müqaviləli əsgərlər keçid məntəqəsində sakinlərdən nisbətən aralı məsafədə yerləşdiriləcək və yerli sakinlərlə heç bir əlaqələri olmayacaq. Onların əsas vəzifəsinə nəqliyyat vasitələrini yoxlamaq da daxildir. 

ABŞ ilə yanaşı Avropa İttifaqı (Aİ) da Qəzzada fəaliyyətini genişləndirir. Bu arada İsrail ordusu Qəzza ilə Misir arasındakı “Rəfah” sərhəd keçid məntəqəsini Aİ-nin beynəlxalq missiyasının nəzarətinə təhvil verərək geri çəkilib. Bu qərar yanvarın 19-dan qüvvəyə minmiş atəşkəs rejiminin şərtlərinə uyğundur.

İsrail Ordusu Radiosunun məlumatına görə, sərhəd keçid məntəqəsini tərk edən hərb­çilər yenidən Misirlə sərhəddə yerləşdirilib. Hər gün 50 yaralı fələstinliyə, eləcə də hər bir yaralını müşayiət edən daha 3 nəfərə, ümumilikdə, gündə 200 nəfərə sərhədi keçməyə icazə veriləcək.

Aİ diplomatiyasının rəhbəri Kaja Kallasın sözlərinə görə, qurum keçidi izləmək üçün yanvarın 31-də rəsmi olaraq öz missiyasını açıb. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, ilk yaralı qrupların təxliyəsinə başlanılıb. Beləliklə, Fələstin anklavından ilk qrup dünən “Rəfah” sərhəd-keçid məntəqəsindən keçib.

Qeyd edək ki, İsrail əsgərləri 2024-cü il mayın 7-də “Rəfah” keçidinin Fələstin hissəsini ələ keçirib. O vaxtdan bura nəqliyyatın hərəkəti üçün bağlı qalıb.

Hadisələrin bu fonunda əsirlərin azad edilməsi davam edir. Qəzzada azad edilmiş 2 israilli Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib. Bu barədə İsrail tərəfi məlumat yayıb. Dünən daha 3 girov təhvil verilib. ­HƏMAS fevralın 1-də 35 yaşlı Yarden Bibas, 65 yaşlı Keyt Siegel (ABŞ vətəndaşı) və 54 yaşlı Ofer Kalderonu (Fransa vətəndaşı) azad edib. Bu barədə onların ailələrinə məlumat verilib.

Hər 3 şəxs 7 oktyabr 2023-cü ildə hücum zamanı əsir götürülüb. Bu günə qədər ­HƏMAS İsraillə atəşkəs razılaşması çərçivəsində 15 nəfəri azad edib. Onlar İsrailin həbsxanalarından azad edilən fələstinli məhbusların müqabilində geri qaytarılır. Ümumilikdə, Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsində HƏMAS-ın azad etməyi öhtəsinə götürdüyü girovların siyahısına 33 nəfər daxildir. Bunun müqabilində 2000-ə yaxın fələstinli İsrail həbsxanalarından sərbəst buraxılıb. 

Xatırladaq ki, Qəzza zolağında döyüşlər 2023-cü il oktyabrın 7-də başlayıb. Həmin vaxtdan keçən müddət ərzində Qəzzada əksəriyyəti qadın və uşaqlar olmaqla 47 min 400-dən çox fələstinli həlak olub. Onların sayı hər gün artır. Dağıntılar arasından yeni cəsədlər çıxarılır. Atəşkəs elan edildikdən sonra axtarış-xilasetmə qrupları Qəzza zolağında dağılmış binalardan 354 cəsədi çıxarıb. 111 mindən çox fələstinli yaralanıb, 14 mindən çox insan itkin düşüb. 

Pünhan ƏFƏNDİYEV
XQ

 

Dünya