Lənkəranda “Yaşıl marafon”

post-img

IDEA İctimai Birliyinin Lənkəran rayonunun meşə ərazisində təşkil etdiyi “Yaşıl marafon” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Könüllülərin iştirakı ilə 1350 ədəd Eldar şamı tingi əkilib.

1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin kollektivi nəcib təşəbbüsü davam etdirərək Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin 9 saylı dolayının 11-ci kvartalında 0,3 hektar ərazidə 333 Eldar şamı əkib.

Mərkəzin direktoru Habil Əliyev söhbət zamanı bildirdi ki, 2 gün ərzində Osaküçə kəndinin yuxarı hissəsindəki meşə ərazisində daha 1600 palıd tingi əkilib. Aksiya zamanı dəmirağac, palıd və yerli cinsdən olan digər tinglərin əkilməsinə üstünlük verilir. Mərkəzin 5 tinglik təsərrüfatı Lənkəran, Astara və Lerik rayonlarının meşə təsərrüfatlarını əkin məqsədilə tinglərlə təmin edir. Ümumilikdə hər üç rayonda 48 hektar ərazidə yeni meşə massivinin salınması nəzərdə tutulur. İndiyə kimə 32 hektar sahədə ağacəkmə aksiyası keçirilib. “Yaşıl marafon” çərçivəsində tədbirlər davam etdirilir.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”nun məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə layiqli töhfələr verməkdir, – deyə mərkəzin direktoru bildirdi.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri



Sosial həyat