Prezidentin ana dilimizi qorumaq tələbi milli-mənəvi çağırışdır

post-img

Dil, sadəcə, strukturlaşmış ünsiyyət sistemi deyil. Bu mürəkkəb sistemə yalnız fikirləri və hisslərin ifadə vasitəsi kimi baxılmamalıdır. Dil həm də hər bir insanın milli mənsubiyyətini müəyyənləşdirən, millətin dünyagörüşünü möhkəmlədən vasitədir. Ana dili milli şüur səviyyəsini müəyyən edən əhəmiyyətli faktorlardan biridir. Belə ki, hər bir xalqın ana dili mədəniyyətinin və keçdiyi tarixi proseslərin məhsulu, göstəricisidir.

Dilin formalaşmasında gedən proseslər spontan baş verdiyindən müəyyən təsirlərə məruz qalması təbiidir. Lakin bəzi hallarda bu təsirlər ziyanlı olur, dilin “milli özülünü” laxladır, “nüvəsi”ni aşınma təhlükəsinə məruz qoyur. Bəzən yad təsirlər və təzyiqlər nəticəsində dilin tamamilə unudulması kimi böyük bir faciə də yaşanır. Bir çox xalqlar bu ağır faciəni – dil itkisini yaşayıb və yaşayır. Müasir dövrdə də belə nümunələrə rast gəlmək mümkündür. Məsələn, Çilidə yaqan dilinin tədricən yoxa çıxması, Pakistanda Pəncab dilində danışanların sürətlə azalması belə faciələrdəndir. Rusiya, Fransa və Şotlandiya kimi ölkələrdə də bəzi azlıq dillərinin də yoxa çıxdığını, yaxud yoxa çıxmaq üzrə olduğunu göstərmək olar.

Mütəxəssislər dilin tarix səhnəsindən silinməsini tarixi-siyasi proseslərlə əlaqələndirir, qloballaşma, geopolitik və sosiolinqvistik təsirlərini xüsusi qabardırlar. Bu tarixi faciənin baş verməsində həmin dilin daşıyıcısı olan xalqın ziyalılarının, xüsusən elm adamlarının fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi xüsusi qabardılmalıdır.

Əhəmiyyətli geostrateji və təbii resurslarla zəngin coğrafiyada yerləşməmiz bizi istər-istəməz dünyanı, yaxud regionumuzu həyati mənafe zonası hesab edən fövqəlgüclərin davamlı siyasi-iqtisadi, eyni zamanda, ictimai-mədəni təzyiqləri ilə üz-üzə qoyur. Digər tərəfdən ortaq mədəni tarixə malik qonşularımızın dillərindəki fərqli qrammatik ünsürlərin cəmiyyətimizin müəyyən təbəqələrinə bəlli səbəblərdən sirayət etməsi də dilimizin təhlükəsizliyi üçün ciddi siqnallar doğuran təhlükələr yaradır.

Qeyd edək ki, bu təhlükələr yeni deyil. Ulu öndər Heydər Əliyev hələ sovet hakimiyyəti vaxtı ölkəmizə rəhbərlik etdiyi dövrdə ana dilimizə qarşı ziyanlı təsirləri görür və qabaqlayıcı addımlar atırdı. Onun 1970-ci ildə BDU-nun 50 illik yubileyində Azərbaycan dilində çıxış etməsi kommunist rejiminin tarixində nadir hadisə olmaqla yanaşı, Azərbaycan hakim nomenklaturasına, ziyalı təbəqəsinə milli kimliyin, o cümlədən milli mənsubiyyətin əsas identiflik göstəricisi olan ana dilinin qorunması, təəssübünün çəkilməsinə yönəlmiş yüksək səviyyəli çağırış idi.

Sovet Azərbaycanının son illərində və müstəqilliyimizin ilk dövrlərində də dilimiz fərqli fonetik və qrammatik xüsusiyyətlərə malik fərqli dillərin təsirlərindən təəssüflər olsun ki, qoruna bilmədi. Bu mənəvi deqradasiya meyillərinin qarşısının alınması üçün 18 iyun 2001-ci il tarixində “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” verilən Fərman tarixi addımlardan biri kimi göstərilə bilər.

Prezident İlham Əliyev də şübhəsiz ki, mürəkkəb geostrateji coğrafiyada yerləşən və ciddi siyasi-iqtisadi, hətta hərbi təzyiqlərə qarşı xalqını qorumaq əzmində olan müdrik dövlət başçısı kimi mənəvi-milli mövcudluq dəyərlərimizdən birinə qarşı təhlükəni görməyə bilməzdi. Son illərdə ana dilimizin məruz qaldığı təsir və təzyiqlərin, təbii ki, fərqindədir. 3 noyabrda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında dövlət başçısının çıxışında ana dilimizin qorunması ilə bağlı tarixi çıxışı və çağırışı da bu yöndə ciddi siqnaldır.

Qeyd olunan kontekstdə həyəcan zənginin çalınmasına məsul peşə sahiblərindən biri məhz humanitar sahədə fəaliyyət göstərən alimlər olmalıdır. Prezident AMEA-nın yubiley tədbirində qeyd etdiyi kimi, on il bundan əvvəl həmin kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmış, öz narahatlığını ifadə etmişdi... “Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram”, – deyən dövlət başçısı narazılığını ifadə edib. Bu məsələ bütün cəmiyyətin məsul olduğu problemidir. Lakin elm adamları da öz məsuliyyətini dərk edərək sözügedən sahədə əhəmiyyətli töhfələr verməlidirlər.

Qeyd edək ki, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda monoqrafiyalardan tutmuş ən xırda dəftərxana sənədinə kimi bütün mətnlərin ana dilimizin qanunlarına əməl edilərək yazılmasına diqqət olunur. Xüsusilə qeyd olunmalıdır ki, institutumuzda fəaliyyət göstərən “Cənubi Azərbaycan” şöbəsində ana dilimizin statusunun qorunması və tarixi inkişafına dair konseptual elmi tədqiqatlar aparılır. Bu tədqiqatlar arasında Cənubi Azərbaycanda yaşayan və öz doğma dilində təhsil almaq hüquqlarından məhrum olunan, hətta orta məktəblərdə ana dilində danışdığına görə ağır şəkildə cəzalandırılmış soydaşlarımızın sözügedən müqəddəs amal – Azərbaycan dili uğrunda mübarizələri də tədqiqata cəlb edilib.

Cənubi azərbaycanlıların İran İslam Respublikasının qanunvericiliyinə və beynəlxalq sənədlərə əsaslanan ana dili uğrunda mübarizəsi demokratiya və insan haqlarına dair məsələ kimi tədqiq olunur. Hazırda da şöbədə həmin istiqamətdə elmi araşdırmalar davam etdirilir. Bundan sonra da ana dilimizin keşiyində durmaq və Azərbaycan dilinin qorunması istiqamətində elmi fəaliyyətimizi uğurla davam etdirmək əzmindəyik.

Yeganə HACIYEVA,
AMEA Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, dosent

Mədəniyyət