Soydaşımız bp-də yüksək vəzifədə

post-img

Azərbaycanda iri neft-qaz hasilatı və ixracı layihələrinin operatoru bp şirkəti ölkədə kadr potensialının gücləndirilməsinə də mühüm töhfələr verir. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda şirkətin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir.

Bu günlərdə isə daha bir azərbaycanlı mütəxəssis bp şirkətində yüksək vəzifəyə təyinat alıb. Bu, uzun müddət şirkətdə çalışan Nadir İmanovdur. O, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib. N.İmanov bu vəzifədə bp-nin Azərbaycanda yerli vətəndaş olan 7-ci vitse-prezidenti kimi Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional rəhbər heyətinin üzvü olacaq.

Hazırda şirkətin Yaxın Şərq və Şimali Afrikada maliyyə üzrə vitse-prezident kimi fəaliyyət göstərən N.İmanov bu il aprelin 1-dən yeni vəzifəsinin icrasına başlayacaq. O, bp-nin London ofisindəki hasilat və əməliyyatlar sahəsində maliyyə məsələləri üzrə baş vitse-prezidentinin rəhbərliyi altında çalışacaq.

Xatırladaq ki, 30 ildən artıq planlaşdırma və kommersiya sahəsində təcrübəsi olan Nadir İmanov bp əməkdaşı kimi Azərbaycan, Türkiyə, Misir və Omanda çalışmaqla həmin ölkələrdə böyük komandalara və iri biznes sahələrinə rəhbərlik edib.

XQ

İqtisadiyyat