AMEA: milli zəka mərkəzi

post-img

I MƏQALƏ

Elmin gündəmi

Sosio-humanitar elmin bəşəriyyət üçün gündəmi insan amili ilə bağlıdır. İnsanın fərd olaraq azadlığı, rifahı, mədəni, sosial, mənəvi-əxlaqi, maliyyə və iş təminatı kimi məsələlər olduqca aktual problemlər hesab olunur.

Müasir qloballaşma elə vəziyyət yaratmışdır ki, elmin gündəmində insanların birgəyaşam forması olan cəmiyyətin tədqiqi də insanın rifahı naminə çox əhəmiyyətli və aktual problem kimi qəbul edilir.

Burada maraqlı olan məqamlardan biri ondan ibarətdir ki, dünyanın elmi baxımdan ən çox inkişaf etmiş ölkələrində belə birdəfəlik elmdən, təhsildən, alimlərdən razılıq yoxdur. Elm və alimlər daim tənqid edilir, onlara çox müxtəlif iradlar tutulur.

Görünür, burada elmin özünün insan həyatına gətirdiyi rasional tənqidi düşüncə tərzi “bumeranq” kimi geri qayıdır. Hər bir halda, elm tənqid edir və tənqid olunur və bu dinamikanın fonunda bəşər övladı yeni-yeni kəşflərə imza atır.

Elmin tənqidi Barak Obamanın 2009-cu ildəki Amerika Milli Elmlər Akademiyasının illik yığıncağında söylədiyi tarixi nitqində, hazırda D.Trampın müxtəlif kontekstlərdə ifadə etdiyi təhsilin tənqidində, Avropa Elm Cəmiyyətinin uzun müddət başçısı olmuş alimin Aİ-də elm və təhsilin digər aparıcı ölkələrdən geridə qaldığı haqqında tənqidi məqaləsində və digər çoxlu sayda yanaşmalarda özünü göstərir. Bir zamanlar Edmund Husserl də Avropa elmində “böhran”dan yazırdı və onu həyati əhəmiyyətli ekzistensial məsələlərə diqqət yetirməməkdə tənqid edirdi.

Başqa nümunələr də kifayət qədərdir. Ancaq bütün bu kimi tənqidlərdə əsas məqsədin elmi yeni səviyyəyə yüksəltməyin yollarını axtarmağa stimullaşdırmaq olduğundan, tənqidçilər qeyri-ciddi davranmır və alimləri yaradıcılığa aidiyyəti olmayan ucuz məsələlərə görə ittiham etmirdilər.

Alimliyi aşağılamağın paparassi üsulu qətiyyən qəbuledilməz bir haldır. Bu, bütövlükdə cəmiyyətin yaradıcı potensialını baltalamaq və onu cahillik bataqlığına sürükləmək cəhdidir. Bunu məhz Amerika və Avropada çox gözəl anlayırlar.

Başqa bir məqam daha önəmlidir. Qərbin inkişaf etmiş ölkələrində elm və təhsili cəmiyyətə daha səmərəli xidmət kontekstində “xeyirxah tənqid” edirlər. Onlar anlayırlar ki, elm mahiyyətcə fəzilətlidir və ona qarşı münasibət də həmin fəzilətlilik çərçivəsində olmalıdır. Alim bütün hallarda cəmiyyətin seçkin, nüfuzlu və dərin sayğıya layiq kəsimi olaraq qəbul edilməlidir.

Burada ulu öndər Heydər Əliyevin Azərbaycan elmi və alimləri haqqında ifadə etdiyi çoxlu sayda müdrik kəlamlarını xatırlaya bilərik. Onlar haqqında elmi ədəbiyyatlarda və KİV-də kifayət qədər informasiya vardır. Heydər Əliyev daim AMEA-ya yüksək elmi qiymət vermiş və ona inamını ifadə etmişdir. Prezident İlham Əliyev bu xətti inkişaf etdirir və AMEA-nı Azərbaycan elminə daha səmərəli töhfə verməsinə səsləyir. AMEA-nın 80 illik yubileyində söylədiyi dərin məzmunlu nitqində verdiyi tövsiyələr bunu sübut edir. Yəni Azərbaycan dövlət başçısı yüksək fəzilət çərçivəsində Azərbaycan alimlərini ölkənin və cəmiyyətin faydası naminə daha fəal çalışmağa, azərbaycançı olmağa dəvət edir.

Alimliyin və elmiliyin saxta tənqidi

AMEA da daxil olmaqla, indi Azərbaycanda müəyyən dairələrin alimlərə və elmiliyə münasibətində bir xüsusiyyət hiss olunur. Onlar Azərbaycan alimlərinin yaradıcılığı ilə minimum səviyyədə tanış olmaq fonunda onu maksimal səviyyədə nələrdəsə ittiham etməyə cəhdlər edirlər. Bu zaman Azərbaycanın artıq həyatda olmayan və bu baxımdan kimsəyə rəqib ola bilməyəcək ziyalılarımızın yaradıcılığını nümunə kimi göstərməyə çalışırlar. Onlar Xudu Məmmədovun, Azad Mirzəcanzadənin, Yusif Məmmədəliyevin və digər tanınmış Azərbaycan alimlərinin adlarını çəkirlər (onlardan AMEA həmişə öyrənmiş və bununla qürur duymuşdur).

Ancaq indi tənqidlə kükrəyənlər sırasında olanlardan elə bir nümunəyə rast gəlinmir ki, böyük alimliklərindən danışdıqları ziyalılarımızın yaradıcılığı haqqında tutarlı təhlil aparsınlar. Bu olmasa, alimliyin böyüklüyü və ya kiçikliyi haqqında keçərli fikir bildirmək mümkün deyildir.

Bəs niyə bu əlamət yoxdur? Çünki Azərbaycan alimlərini oxumurlar və kütləvi bilməməzliyin fonunda hay-küy salırlar. Nəticədə, alimlər üçün çox vacib olan obyektiv tənqid kasadlığı yaranır. Bu tendensiya inkişaf etdikcə və şəxsi qərəzlik motivi yeni səviyyəyə qalxıb, daha kütləvi olduqca nəinki elm və təhsil, hətta bütövlükdə cəmiyyət itirməyə başlayır. Cəmiyyət öz-özünü nüfuzdan salmaq kimi təhlükəli psixoloji deqradasiyaya uğrayır. Çünki hər bir cəmiyyəti yaşadan və inkişaf etdirən dəyərlər sistemi ciddi zərər görür.

Sosial, etik və intellektual dəyərlər

Dəyərlər, ümumiyyətlə, hər bir cəmiyyət üçün çox aktual mövzudur. O cümlədən müasir cəmiyyət üçün sosial, etik və intellektual dəyərlərin bir-birini tamamlaması, dəstək verməsi və birgə inkişaf etməsi həyati əhəmiyyətli məsələdir. Problemin özəlliyi onunla əlaqəlidir ki, müasir dövrdə intellektual dəyərlərini qiymətləndirə bilməyən toplumsal dayanıqlı və müsbət funksiyalı sosial və etik dəyərlər oturuşa bilmir.

Yəni intellektin milli sərvətə çevrilməsi üçün yalnız rəsmi münasibət kifayət etmir, cəmiyyətin bunu özlüyündə dərk etməsi çox vacibdir. Cəmiyyət intellekti özünün inkişaf mənbəyi kimi görə bilirsə, intellektual dəyələr avtomatik olaraq sosial və etik dəyərlərin aparıcı meminə çevrilir. Bu baş verənə “intellekt incimir”, əksinə, bütövlükdə cəmiyyət üçün nümunə olmağa can atır. İntellekt bununla özünə dəyər verir, özünütəsdiq baş tutur. Buna görə də toplumun intellektə münasibəti səthi və keçici hal deyildir – o daim çox dərin sosial-psixoloji qatlarda cəmiyyəti stimullaşdırır.

Nümunələrə baxaq. Əgər hər hansı cəmiyyətdə alimliyi və alimləri şəxsi münasibətlər fonunda “qiymətləndirmə” tendensiyası davamlı olursa, bu, gec və ya tez şəxsi təhqir müstəvisinə keçir. Təhqir obyektinə çevrilmiş alimlik və elmilik heç bir ölkədə inkişaf edib milli sərvətə çevrilə bilməz. Bu, sosial dəyərlər kontekstidir.

Əgər biri alimə edilmiş fəzilətli etik davranışı yaltaqlıq və ya alimin tələbi kimi təqdim edirsə, həm Azərbaycan milli ənənəsinə, həm də ümumiyyətlə, müsbət davranış qaydalarına zərər verir. Xüsusilə, Azərbaycanda özündən böyükləri tənqid etmək qadağan deyildir, lakin həm də onlara hörmət ciddi tələbdir!

Açıq danışaq: hansı ailədə müəllimə, alimə, özündən yaşlı olana hörmətlə yanaşmağın pis olduğu deyilir? Çox nadir hallarda belə hal ola bilər. Lakin orta azərbaycanlı ailəsində dəqiq fəzilət təsəvvürü vardır: özündən böyüyə hörmət et!

Belə isə bir gənc əməkdaşın özündən böyük alimə hörmət əlaməti olaraq hansısa davranışını mənfi anlamda kütləvi tirajlamağın adı nədir? Və ya AMEA-nın illik yığıncağında deyilən fikirləri zərrə qədər də təhlil etmədən (və ya buna intellektual gücü çatmayan) kiminsə alimin oturuşu, duruşu, baxışı üzərində antidəyər ruhunda spekulyasiyalar etməyi necə qiymətləndirmək olar? Bəziləri hətta təbdir zalındakı “tozların ruhuna müdrikcəsinə baş vurur” və belə qənaətə gəlirlər ki, iclas maraqsız keçmişdir!

İnciməyin, lakin insafən deyin: AMEA-da işləyən hansı akademikin yaradıcılığı ilə əməlli-başlı tanışsınız? Ünvan da göstərə bilərik: Nizami Cəfərovun azərbaycanşünaslıq haqqında yazdıqlarını sistemli oxuyursunuzmu? Ümumiyyətlə, bir Azərbaycan vətəndaşı kimi azərbaycançılıq və azərbaycanşünaslıqla bağlı ciddi elmi təsəvvürə maliksinizmi? Və ya İsa Həbibbəylinin bədii təfəkkürün dövrüləşdirilməsi konsepsiyası ilə tanışlığınız varmı? Akademik İ.Həbibbəylinin azərbaycançılıq və azərbaycanşünaslıq haqqında fikirləri ilə elmi səviyyədə tanışlığınız varmı?

Bəlkə, keçmişə baxaq? Xudu Məmmədovun naxışlarıla bağlı dərin elmi mənası olan nəzəriyyəsi haqqında nələri bilirsiniz? X.Məmmədov hər bir cəmiyyət üçün qürur mənbəyi olan alimlərdən idi! Onun qiymətini ümumi məclis tostları və səthi jurnalist təsəvvürlərindən o tərəfə verə bilənlərin sayı, görəsən nə qədərdir?

Bəlkə, Azad Mirzəcanzadənin ciddi elmi səviyyədə yaradıcılığı ilə tanış olanlarımız çoxdur? Bu böyük Azərbaycan alimi haqqında kimsənin ordan-burdan söhbət səviyyəsində eşitdikləri əsasında digərləri ilə müqayisəli şəkildə fikir bildirməsi etikanın və məsuliyyətin hansı tərəfindədir?

Akademik Rasim Əliquliyevin apardığı tədqiqatlardan xəbəri olan “tənqidçi” varmı? Hələ keçən əsrin 90-cı illərində R.Əliquliyevin həmkarı ilə Azərbaycan müdafiə sənayesi üçün böyük əhəmiyyəti olan ixtirasının qarşısının xarici dövlətlərdən biri tərəfindən necə alındığını araşdıran mövcuddurmu?

Çətin dönüş

Bəli, indi Azərbaycanda faydalı tədqiqatla məşğul olmaq və mənsub olduğun qövmə xidmət etmək asan məsələ deyildir. Xüsusilə bunu bir təşkilat kimi həyata keçirmək yalnız savad və çalışqanlıq deyil, həm də iradə və azərbaycanlılığa dərin inam tələb edir. Azərbaycan rəhbərliyi bu mənada yüksək nümunədir.

Dövlətin başçısı müxtəlif istiqamətlərdən atılan şər-böhtana, sayğısız deyimlərə, səviyyəsiz hay-küylərə böyük qətiyyət və iradə ilə təmkinli yanaşır və həm də seçdiyi kursu inamla davam etdirir! Prezident İlham Əliyevin tarixi xidmətlərini bu millət və cəmiyyət heç zaman unutmayacaq. İşğal altında olan torpaqları kişi kimi və siyasi-hərbi müdrikliklə azad edən liderə qarşı belə davranışı heç zaman qəbul etməyəcəyik!

Azərbaycan Prezidenti alimlər üçün elə bir nümunədir ki, ən yüksək elmi məqsədlərə belə çatmağa yetər! O cümlədən AMEA seçdiyi yeniləşmə yoluna mütləq davam etməlidir! Qarşıda azərbaycançılıq və azərbaycanşünaslıqla, dünya elminə daha dərindən və geniş inteqrasiya ilə, Türk dövlətlərinin elmi mərkəzləri ilə, gənclərin daha fəal surətdə elmi yaradıcılığa cəlb edilmələri ilə, ən yeni informasiya texnologiyaları rəqəmsallaşma, kibertəhlükəsizliklə mübarizəylə bağlı görülməli çox işlər vardır! Alimlər ucuz şər-böhtana görə bu yoldan dönməzlər!

Ancaq bunların həyata keçirilməsinin nə qədər çətin olduğunu da anlayırıq. Çünki əsrlərlə Azərbaycan elmini və alimlərini başqa istiqamətə yönəltməyə çalışmışlar. Cəmiyyətə görünməyən o qədər saxta dəyərlər, memlər, maneələr yeritmişlər ki, onlardan təmizlənmək asan deyildir. Bir sıra sosial kəsimlərdə milli məsələlərə laqeydlik yaranmışdır. Bəziləri hansısa “kalonçu” olmuşdur. Bir başqaları şəxsi maraq əsasında intriqalar izindədirlər. Buna görə də fərdi təşkilati təşəbbüslərə qısqanclıq, hirs, gözü götürməzlik və müxtəlif üsullarla onların qarsısını almaq kimi cəhdlərə rast gəlinir. Onu hətta “Qarabağ” futbol klubuna bəzilərinin münasibətində gördük.

Nə etməli, bu, bizim taleyimizdir! Hətta qardaşların atdığı daşları “öpüb göz üstünə qoymağa” məhkumuq! Nəyin naminə? Vətən, müstəqillik, dövlətçilik, inkişaf naminə! Alimlər və elmi təşkilatlar üçün bu fəzilətliliyə “elm naminə” ifadəsini əlavə edə bilərik!

Bunların yeniləşmə kursunu müəyyən etmiş AMEA-ya, onun 25 fevral iclasına və bütövlükdə alimliyə birbaşa aidiyyəti vardır. Bunu həmin iclasda haqqında danışılan elmi məsələlərin məzmun və məqsədinə bir daha aydınlıq gətirməklə sübut etmək çətin deyildir. Bura azərbaycançılıq, azərbaycanşünaslıq, rəqəmsallıq, yeni informasiya texnologiyaları, kibertəhlükəsizliklə mübarizə, Azərbaycan tibb və biologiya elmlərinin nailiyyətləri, AMEA-nın tədqiqat institutlarını fəaliyyətlərinin elmmetrik təhlili kimi aktual və maraqlı mövzular daxildir! Əgər KİV konkret bu məsələlərdən yazsaydı, şübhəsiz, oxucu nəticə çıxarardı: yola davam, AMEA!

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Sosial həyat