Pakistan–Əfqanıstan gərginliyi sağalmayan yaraya çevrilib
Deyəsən, yeni dünya düzəni “qlobal anarxiya” formasında gəlir. Yaxın Şərqdən tutmuş Cənubi Asiyaya qədər bir çox ixtilafların həll olunmamış qalması sabit dünya konsepsiyasının reallaşmasını mümkünsüz edir. Səbəb isə İkinci Dünya müharibəsindən sonra bərqərar olmuş mövcud sistemin həllər tapmaq yerinə, böhranları gələcəyə miras saxlamaqla kifayətlənməsi oldu. Pakistan və Əfqanıstan arasında uzun müddətdir davam edən münaqişə bunun bariz nümunəsidir.
Ötən ayın son həftəsi iki ölkə arasında gərginlik pik həddə çatdı. Rəsmi İslamabad terror təşkilatı hesab etdiyi və son illər İslam prinsiplərinə zidd fəaliyyətlərinə görə “xaricilərin fitnəsi” adlandırdığı “Tehrik-e-Taliban Pakistan” (TTP) qruplaşmasının liderlərinin Əfqanıstan ərazisində sığınacaq tapdığını iddia edərək fevralın 21-də Nanqarar və Paktika vilayətlərinə hava zərbələri endirdi. Cavab olaraq fevralın 26-da Taliban qüvvələri sərhəd mövqelərinə qarşı əməliyyatlar həyata keçirdiyini açıqladı. Fevralın 27-si səhər saatlarında Pakistan ordusu əks-hücuma keçərək Kabil, Kəndəhar, Paktia və digər ərazilərə genişmiqyaslı hava və artilleriya zərbələri endirdi. Ölkənin müdafiə naziri Xəvəca Əsif rəsmi olaraq Əfqanıstana müharibə elan edildiyini bildirdi. Son rəqəmlərə əsasən, itkilər hər iki tərəfdən kifayət qədərdir. Pakistan 274 Taliban döyüşçüsünün məhv edildiyini, Əfqanıstan isə 55 Pakistan əsgərinin öldürüldüyünü bildirib.
ARAYIŞ: Mübahisənin təməli 1893-cü il noyabrın 12-də Britaniya Hindistanının xarici işlər naziri Mortimer Dürand və Əfqanıstan əmiri Əbdürrəhman xan arasında imzalanmış sazişə dayanır. Faktiki olaraq, bu sənəd puştunların məskunlaşdığı əraziləri iki yerə bölərək Britaniyanın maraqları üçün bufer zona yaratdı. 1947-ci ildə Pakistan yarandıqdan sonra Əfqanıstan tərəfi müqavilənin Britaniya imperiyası tərəfindən təzyiq altında imzalandığını və 100 illik müddətinin bitdiyini əsas gətirərək sərhədi tanımır. Əfqanıstanın bəzi radikal millətçi qrupları Pakistanın Xeyber-Paxtunxva əyalətini və Bəlucistanın şimal hissələrini “tarixi Əfqanıstan”ın ayrılmaz parçası hesab edirlər.
Məsələ burasındadır ki, aparılan sorğulara əsasən, Əfqanıstanın mübahisəli hesab etdiyi Pakistan ərazilərində yaşayan yerli əhali İslamabadın siyasətini dəstəkləyir və ölkədən ayrılmaq niyyətində deyil. Başqa sözlə, Əfqanıstandakı mövcud rejimin həm öz ərazisini, həm də Pakistan və İranın bir hissəsini əhatə edən “Puştunistan” dövləti yaratmaq ideyası həmin bölgələrdə məskunlaşan yerli xalqın əksəriyyəti tərəfindən rəğbətlə qarşılanmır.
Ötən əsrin sonlarında formalaşan Taliban hərəkatı 2001-ci ilə qədər Əfqanıstanın böyük hissəsini öz nəzarətində saxlasa da, 11 sentyabr hadisələrindən sonra regionda geosiyasi mənzərə köklü şəkildə dəyişdi. ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsi nəticəsində hakimiyyətdən uzaqlaşdırılan Taliban qüvvələri mövcudiyyətini qorumaq üçün geri çəkilmək və fəaliyyətlərini ciddi şəkildə məhdudlaşdıraraq gizli müqavimət taktikasına keçmək məcburiyyətində qaldı. 2021-ci ildə ABŞ qoşunları Əfqanıstanı tərk etdikdən sonra Talibanın hakimiyyətə qayıdışı İslamabadda böyük ümidlər yaratmışdı. Pakistan tərəfi yeni rejimi özünə sadiq tərəfdaş hesab etsə də, Taliban gözlənilməz addım ataraq TTP kimi Pakistan daxilində fəaliyyət göstərən silahlı qruplaşmaların hücumlarına zəmin yaratdı. Məhz bu səbəbdən ötən bir neçə il ərzində iki ölkə arasındakı sərhəd bölgələrində mütəmadi olaraq silahlı toqquşmalar qeydə alınıb.
Qarşıdurmanın gedişatı ilə bağlı bir neçə mümkün ssenarini nəzərdən keçirmək yerinə düşər. Bəzi analitiklər sonrakı mərhələdə tərəflərin məhdud eskalasiyaya yol verərək, qısa müddətdən sonra nisbi sakitlik fazasına keçəcəyini ehtimal edirlər. Bu ehtimala görə, Pakistan yalnız strateji hədəflərə nöqtəvi zərbələr endirməklə tammiqyaslı müharibədən yayınacaq, Əfqanıstan isə simvolik cavab tədbirləri ilə kifayətlənəcək. Belə bir vəziyyətdə Qətər, Çin və ya Körfəz dövlətlərinin vasitəçiliyi ilə sülh danışıqlarının canlanması və hər iki tərəfin uzunmüddətli hərbi münaqişədən çəkindirilməsi mümkün görünür. Arzuolunmayan digər ssenariyə əsasən, toqquşmaların miqyasının tədricən genişlənərək uzunmüddətli cəbhə müharibəsinə çevrilməsi ehtimalı istisna edilmir. Belə bir gedişat onsuz da bölgənin həssas durumuna ciddi təsir edəcək və regionda yenidən qeyri-sabitliyin bərqərar olmasına şərait yaradacaq.
Üçüncü ssenariyə görə, Taliban daxildə parçalanacaq və rəhbərlər arasında ciddi qarşıdurma baş qaldıracaq. Bu, hər bir qanadın müxtəlif strateji və ideoloji maraqlara üstünlük verməsi səbəbindən silahlı toqquşmalara və hakimiyyət uğrunda mübarizəyə çevrilə bilər. Nəticə isə başda Əfqan xalqı olmaqla, mövcud rejiminin sonunu gətirəcək. Dördüncü proqnoz region dövlətlərinin rolu ilə bağlıdır. Çin–Pakistan İqtisadi Kəməri çərçivəsində Pekinin stabilliyə marağı, İranın sərhəd təhlükəsizliyini qoruma arzusu, Hindistanın isə Pakistanın zəifləməsində strateji marağı var. Birbaşa hərbi müdaxilə ehtimalı aşağı olsa da, diplomatik dəstək, maliyyə yardımı və təhlükəsizlik sahəsində məsləhətlər regiondakı güc balansına ciddi təsir göstərə və qarşıdurmanı yumşalda bilər.
Nəticə etibarilə, Pakistan və Əfqanıstan arasında gərginliyin hansı müstəviyə keçəcəyi hələ də qeyri-müəyyənliyini qoruyur. Mövcud vəziyyət onu deməyə əsas verir ki, regionun gələcəyi İslamabadın daxili güc balansından və xarici siyasət kursundan asılı olacaq. Keçmişdən qalan münaqişələrin istənilən yolla həlli bu gün bütün dünyada təhlükəsizlik arxitekturasını yenidən formalaşmasına təkan verə bilər.
Tacir SADIQOV
XQ

