Milli futbol – 115
Təxminən 1 il əvvəl mərhum hakimimiz Eldar Əzimzadənin 1998-ci ildə “Elm və həyat” nəşriyyatında çap olunmuş “Məhəbbətim mənim–futbol” kitabının son səhifəsində müəllifin kövrək duyğularla qələmə aldığı bu gözəl oyunda keçdiyi uzun və qürurlu yol haqqında qeydlərini “Xalq qəzeti” oxucularının diqqətinə çatdırmışıq.
Bu gün isə milli futbolumuzun 115 illik tarixinin bir parçası olan həmin kitaba bir daha müraciət edib, E.Əzimzadənin Madriddə qarşılaşdığı xoş sürpriz, İçərişəhərdən başlayan futbol sevgisi, Tbilisiyə gedərkən yolüstü Qazax şəhərində başabəla azarkeşə “qırmızı vərəqə” göstərməsi barədə xatirələrini yada salaq. Doğrudan da, əlahəzrət futbol başqa bir aləmdir.
Madriddə Novruz xonçası
UEFA kuboku turnirində İspaniyanın “Barselona” və İngiltərənin “İpsviç” klubları arasında dörddəbir final görüşünə hakim təyin olunmuşdum. Martın 20-də köməkçilərim – moskvalı Valentin Lipatov və xarkovlu Yuri Sergiyenko ilə birlikdə Madridə gəldik. Ertəsi gün isə bizim milli bayramımız–Novruz bayramı idi. Madrid hava limanında briqadamızı əslən Ukraynadan olan tərcüməçi qadın və “Barselona” klubunun prezidenti qarşıladılar. Onlar bizə yaxınlaşanda fotomüxbirlər də bunu gözləyirmişlər kimi, haradansa peyda olub, fotokameraları işə saldılar. Sonra məni bir otağa apardılar. Otağa daxil olduqda masanın üstündə gördüklərim məni heyrətləndirdi. Burada qoz-fındıq yığılmış bir xonça var idi, onun ətrafında isə şam yanırdı. Tərcüməçidən bunun nə demək olduğunu soruşduqda gülümsəyərək dedi ki, bəs bilmirsiniz, sabah sizin xalqın milli bayramıdır...
Xoş sürpriz idi. Həmin gecə xüsusi təyyarə ilə Madriddən Barselonaya uçduq”.
İçərişəhərdən başlayan yol
“Hərdən olub-keçənləri, futbolda yaşadığım günləri, illəri xəyalımda canlandırarkən, bu gözəl oyun sayəsində ünsiyyət yaradıb, sonralar möhkəm dostlaşdığım adamlar barədə düşünərkən, bir nəfəri həmişə minnətdarlıq hissi ilə xatırlayıram. Mən uşaqlıq dostum, hazırda Azərbaycan Dövlət Televiziyası idman proqramları baş redaksiyasının baş redaktor müavini, yüngül atletika hakimi Abbas Əzimovu nəzərdə tuturam.
Abbasla mən İçərişəhərdə, bir məhəllədə, Müslüm Maqomayev küçəsində böyüyüb, boya-başa çatmışıq. Valideynlərimiz qonşu olmuşlar. Necə deyərlər, ayağımız yer tutandan hər ikimiz indi AzTV-də idman proqramları baş redaksiyasının baş redaktoru vəzifəsində çalışan Aydın Əliyev, müğənni Oqtay Ağayev, sonralar tanınmış idman mütəxəssislərindən biri olmuş Yaqub Zöhrabov və digər məhəllə uşaqları ilə birlikdə, demək olar, hər gün yaxınlıqdakı Sabir bağına gələr, səhərdən axşamadək top qovardıq.
Sonralar mən hakimliyə başlayanda Abbas da yüngül atletika hakimi oldu. Aradan uzun illər ötdükdən sonra iş elə gətirdiyindən biz – iki uşaqlıq dostu, bir məhəlləli iki oğlan Moskvada XXII Yay Olimpiya Oyunlarında hakimliyə dəvət olunduq və hər ikimiz də dəqiq hakimliyə görə evə diplomla qayıtdıq”.
Başabəla azarkeşə “qırmızı vərəqə”
“Drezdenə səfərdən sonra Tbilisidə yerli dinamoçularla onların kiyevli həmklublarının oyununu idarə etməliydim. Gürcüstan paytaxtına getməyə hazırlaşarkən respublika Dövlət İdman Komitəsində məndən xahiş etdilər ki, yolüstü Qazaxda yerli “Göyəzən”lə Bakının “Suraxanı” komandasının da görüşünə hakimlik edim.
Bu təklifi razılıq hissi ilə qarşıladım. Əvvəla, ona görə ki, həmin illər bu komandalar Azərbaycan çempionatlarında özlərini mübariz kollektivlər kimi göstərmişdilər. Bu səbəbdən də Tbilisi matçı qarşısında Qazax görüşü mənim üçün baş məşq olardı.İkincisi isə, Qazax futboluna xüsusi hörmətim var idi. Burada vaxtilə yaxşı ustalar meydana çıxmışdır. İndi də Rəhman Salmanovun başçılıq etdiyi “Göyəzən” komandasında bacarıqlı futbolçular az deyildi.
Bu oyunda uzun müddət hesab açılmadı. Görüşün sonuna yaxın isə heç vaxt yadımdan çıxmayan bir hadisə baş verdi. “Göyəzən” komandasının növbəti hücumu zamanı aydın görünürdü ki, onun futbolçularından biri oyundankənar vəziyyətdədir. Bir gözüm köməkçim Əlisgəndər Nağıbəyovda idi. Lakin o, bayrağı qaldırmırdı. Mən bir daha Əlisgəndərə baxanda gördüm ki, onun arxasında bir nəfər çöməlib və bayrağı tutub, onu qaldırmağa imkan vermir. Əlbəttə, dərhal oyunu dayandıraraq başabəla azarkeşi meydançadan uzaqlaşdırdım. Bundan sonra isə “Göyəzən” öz hücumlarından birini qolla başa çatdırıb, qələbə qazandı”.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

