AYİB-in Gəncə və Şəkinin su təchizatının yenilənməsinə maliyyə dəstəyi

post-img

Azərbaycanın sosial-iqtisadi inkişaf gündəliyində su və şəhər infrastrukturu prioritet istiqamətlərdən biri kimi xüsusi yer tutur. Bu kontekstdə Maliyyə Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Natali Mouravidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüş strateji məzmunu ilə diqqət çəkib.

Görüş çərçivəsində imzalanması nəzərdə tutulan layihələrin icra vəziyyəti, eləcə də su təchizatı və şəhər infrastrukturunun modernləşdirilməsi istiqamətində prioritet məsələlər geniş müzakirə olunub. Maliyyə nazirinin birinci müavini Anar Kərimov vurğulayıb ki, özəl sektorun gücləndirilməsi, şəhər təsərrüfatının dayanıqlı əsaslarla yenilənməsi, ekoloji tarazlığın qorunması və kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində AYİB Azərbaycanın əsas beynəlxalq maliyyə tərəfdaşlarından biridir. Onun sözlərinə görə, icra edilən layihələr strateji xarakter daşıyır və mərhələli şəkildə, fiskal dayanıqlılıq prinsipləri əsas götürülərək reallaşdırılır.

Xüsusilə Gəncə və Şəki şəhərlərində həyata keçirilən su və kanalizasiya layihələri artıq real nəticələr verməkdədir. Bu təşəbbüslər yalnız infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Eyni zamanda, şəhərlərdə ekoloji standartların yüksəldilməsi, su itkilərinin azaldılması, enerjidən səmərəli istifadə və kommunal xidmətlərin idarəetməsində müasir yanaşmaların tətbiqi təmin olunur. Regionlarda dayanıqlı şəhər mühitinin formalaşdırılması istiqamətində atılan addımlar vətəndaşların həyat keyfiyyətinə birbaşa təsir göstərir.

Natali Mouravidze isə öz çıxışında Azərbaycanın AYİB üçün etibarlı və uzunmüddətli tərəfdaş olduğunu bildirib. O qeyd edib ki, Bank üçün əsas prioritetlərdən biri su və şəhər infrastrukturu sahəsində layihələrin icrasını sürətləndirmək, maliyyələşmə mexanizmlərini daha çevik və səmərəli strukturlaşdırmaqdır. Eyni zamanda, yaşıl keçid, iqlim maliyyələşməsi və texniki dəstək alətlərinin genişləndirilməsi əməkdaşlığın əsas istiqamətləri kimi müəyyənləşdirilib.

Qeyd edək ki, Gəncə ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdim olunan rəsmi layihə məlumatları göstərir ki, infrastruktur problemlərinin sistemli şəkildə həlli üçün mərhələli və uzunmüddətli investisiya modeli tətbiq edilir. 22 yanvar 2025-ci il tarixində 35 milyon avroya qədər məbləğdə suveren kredit üzrə I mərhələ imzalanıb. Bu mərhələ Gəncədə su təchizatı və kanalizasiya sisteminin yenilənməsi istiqamətində ilkin və fundamental islahatları əhatə edir. Məqsəd mövcud şəbəkələrin dayanıqlılığını artırmaq, itkiləri azaltmaq və xidmət keyfiyyətini yüksəltməkdir.

Növbəti mərhələ isə miqyasına görə daha geniş və strateji xarakter daşıyır. 120 milyon avroya qədər maliyyələşməni nəzərdə tutan II mərhələ çərçivəsində 400 min nəfər əhali ekvivalenti gücündə yeni tullantı su təmizləyici qurğunun inşası planlaşdırılır. Bununla yanaşı, su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması sistemləri üzrə əlaqəli şəbəkələrin qurulması və modernləşdirilməsi də bu paketə daxildir. Bu yanaşma şəhərin ekoloji təhlükəsizliyinin təmin olunmasına, ətraf mühitə düşən yükün azaldılmasına və urbanizasiya prosesinin daha sağlam əsaslarla idarə edilməsinə xidmət edir.

Layihənin miqyası təkcə iki mərhələ ilə məhdudlaşmır. Hər iki mərhələ ümumi dəyəri 410 milyon avro həcmində qiymətləndirilən geniş Prioritet İnvestisiya Proqramının tərkib hissəsidir. Bu isə o deməkdir ki, Gəncə üçün nəzərdə tutulan infrastruktur yenilənməsi qısamüddətli layihə deyil, uzunmüddətli strateji proqram çərçivəsində reallaşdırılır.

Mövcud məlumatlara əsasən, II mərhələnin 2026-cı ilin may ayında imzalanması gözlənilir. Bu baş verdiyi təqdirdə, Gəncə regionunda su və tullantı su idarəçiliyi sahəsində yeni keyfiyyət mərhələsi başlayacaq və şəhər müasir, ekoloji cəhətdən davamlı infrastruktur modelinə bir addım daha yaxınlaşacaq.

Şəki şəhəri də su və kanalizasiya infrastrukturunun yenilənməsi baxımından genişmiqyaslı transformasiya mərhələsinə hazırlaşır. Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən şəhər və ətraf kəndlərə xidmət göstərən tullantı su təmizləyici qurğuda su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması şəbəkələrinin, eləcə də bioloji təmizləmə bloklarının tikintisini dəstəkləmək məqsədilə 91 milyon avroya qədər suveren kredit nəzərdə tutulur.

Qeyd edək ki, layihənin maliyyə strukturu mərhələli şəkildə formalaşdırılıb: 57 milyon avro ilkin imzalanma zamanı ayrılacaq, qalan 34 milyon avro isə növbəti mərhələdə təqdim ediləcək. Ümumi layihə dəyəri 95 milyon avro həcmində qiymətləndirilir. Bundan əlavə, Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit Tərəfdaşlığı Fondu tərəfindən 4 milyon avroya qədər investisiya qrantı ilə birgə maliyyələşmə mexanizmi də tətbiq olunacaq. Fondun 14 noyabr 2025-ci il tarixli açıqlamasında Şəkinin mövcud sosial ehtiyacları da konkret rəqəmlərlə təqdim olunur.

Beləliklə, Şəki üzrə planlaşdırılan bu təşəbbüs həm də ictimai sağlamlıq, ekoloji təhlükəsizlik və regionun dayanıqlı inkişafı baxımından strateji əhəmiyyət daşıyan kompleks proqram kimi qiymətləndirilir.

Beləliklə, Azərbaycan ilə AYİB arasında əməkdaşlıq həm də institusional inkişaf, yaşıl iqtisadiyyat və müasir şəhər idarəçiliyi konsepsiyasının təşviqi baxımından strateji tərəfdaşlıq modelinə çevrilməkdədir. Bu tərəfdaşlıq ölkənin dayanıqlı inkişaf yolunda mühüm dayaqlardan biri kimi çıxış edir.

Nurlan ABDALOV
XQ

İqtisadiyyat