Yaxud hay başıpozuqların Azərbaycan və Türkiyə qarabasmaları
ABŞ və İsrailin İranla müharibə həddinə çatmış hərbi qarşıdurması fonunda Ermənistanda bu duruma münasibət baxımından ən real mənzərə ölkənin baş naziri Nikol Paşinyanın və parlament sədri Alen Simonyanın avtobusda əvvəl qutab, sonra isə qarğıdalı yemələridir. Əslində, bunda təəccüblü heç nə yoxdur. Qlobal savaş fonunda ermənilər başqa nə edə bilərlər? Ritorik suala sonda qayıdacağıq.
Başda Paşinyan və Simonyan olmaqla, Ermənistan Təhlükəsizlik Şurası üzvlərinin Yaxın Şərqdəki gərginliyə həsr olunmuş məşvərəti keçirilib. Toplantıda nələrdən söz açıldığı bildirilmir. Ehtimal böyükdür ki, çıxarılan qərar “qutab və qarğıdalıya sadiqliyi” rəhbər tutub. Ritorik saydığımız suala cavabımız kimi, bu sadiqliyin də düzgün olub-olmadığını sonda açıqlayacağıq. Hələlik isə...
Əlqərəz, İrandakı müharibə şəraiti fonunda Ermənistandakı bəzi siyasi dairələr ciddi şəkildə hərəkətə keçərək, hay cəmiyyətini qarışdırmağa səy göstərirlər. Söhbət revanşistlərdən və şovinistlərin aktivləşmələrindən gedir. Onlar savaşın miqyasının genişlənəcəyi təqdirdə, ölkələrinin üzləşəcəyi iqtisadi problemlərlə yanaşı, diqqəti Azərbaycanın və Türkiyənin Ermənistana hərbi müdaxiləsi üzərində cəmləşdirirlər. Əlbəttə, başıpozuqlardan başqa nə isə gözləmək mümkünsüzdür.
Deməli, Ermənistandakı revanşist və şovinistlər əsasən iki məqama köklənirlər. Birincisi, Azərbaycan və Türkiyə Qərbin təhriki ilə İrana qarşı açıq hərbi əməliyyatlara başlaya bilər. Mövcud xüsusda Azərbaycanın İrana quru yolu ilə daxil olmaq üçün ən mühüm məntəqə olduğu vurğulanır. İkinci məqam isə bilavasitə Ermənistanla əlaqəlidir. Bildirilir ki, Azərbaycanın və Türkiyənin vəziyyətdən yararlanaraq, Süniki, yəni Zəngəzuru ələ keçirməsi mümkündür.
Qeyd edək ki, Ermənistandakı revanşist və şovinist dairələr, bir qayda olaraq, Bakı və İrəvan arasında ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə əldə olunmuş sülh razılaşmasını, imzalanmış Birgə Bəyannaməni heçə endirmək, sənədin heç bir təhlükəsizlik təminatı vermədiyini iddia etmək yolu tuturlar. Onlar Ermənistanın Rusiyaya köklənmiş ənənəvi təhlükəsizlik sisteminin nəzərə alınmamasını böyük fəlakət kimi qiymətləndirir və İrəvanın Moskva ilə yaxınlaşmasının vacibliyini vurğulayırlar.
Hazırda İranla bağlı durumun gərginləşməsi fonunda Azərbaycan və Türkiyənin fəallaşacağı ritorikasının təbliği də məhz Rusiya ilə yaxınlaşmaq tezisinin əhəmiyyətini qabartmağa yönəlib. Əlbəttə, hay başıpozuqların İranın da Ermənistan üçün təhlükəsizlik faktoru olmasına dair düşüncələri var. Axı vaxtilə Tehran rəsmilərinin Zəngəzur dəhlizinə qarşı çıxan, regionda sərhədlərin dəyişilməsinin yolverilməzliyini vurğulayan sərt fikirləri olmuşdu.
Beləliklə, Ermənistandakı revanşist və şovinist kəsim İrandakı durumun daha da gərginləşdiyi şəraitdə ABŞ-ın təhlükəsizlik zəmanətinin heç nəyə yaramadığı ideyasını təbliğ edir, ölkənin ənənəvi anti-Azərbaycan və anti-Türkiyə xəttinin təbliğatına girişib. Təbliğatın ana xətti isə budur: Birləşmiş Ştatların Ermənistan üçün təhlükəsizlik zəmanətinin heç nəyə yaramadığı bir dönəmdə Qərbdəki himayədarları Azərbaycanı və Türkiyəni İrana qarşı hərbi əməliyyatlara təhrik edəcək, İran əks-zərbələr endirəcək və buna qarşılıq Azərbaycan Süniki ələ keçirəcək. Sən demə Süniki, yəni Zəngəzuru ermənilər üçün qoruyan İran imiş.
Ermənistanda anti-Amerika ab-havası formalaşdırmağa xidmət edən bu cür sərsəm baxışlara daha bir təbliğat seqmenti də hakimdir. Sərsəmlik müəllifləri iddia edirlər ki, ABŞ Zəngəzur ərazisini 99 il müddətinə icarəyə götürməkdənsə, Azərbaycana və Türkiyəyə Ermənistana müdaxilə etməməklə bağlı sərt xəbərdarlıq edə bilərdi. Yəni Vaşinqtonun Bakı və Ankaraya xəbərdarlığının yoxluğu şəraitində də ABŞ-ın İrəvan üçün təhlükəsizlik zəmanətindən danışmağa dəyməz.
Məlumdur ki, belə baxışlar tipik hay xislətindən qaynaqlanır. O xislət ki, ona Ermənistanı və erməni varlığını mütləq kiminsə birmənalı qaydada qorumalı olduğuna dair cəfəngiyyat hakimdir. Sanki dünya ermənilərə borclu imiş. Amma Rusiyanın Ermənistanı tam aşkar himayəyə götürdüyü dövrü xatırlayırıq. Hayların Qarabağ avantürasının mövcudluğu dövrünü. Görünən budur ki, həmin zaman kəsiyinin dadı kimlərinsə damağındadır... Nə isə Ermənistanda İranın gələcəyinə dair proqnozlar da verilir və bu zaman iki məqamın üzərində dayanılır. Birincisi, ABŞ və İsrailin İran kampaniyasının tənəzzülə uğraması fonunda Birləşmiş Ştatlarda Tramp hakimiyyətinin devrilməsi. İddia olunur ki, bunun nəticəsində Vaşinqtonun Cənubi Qafqazdakı fəallığı sıfırlanacaq və beləliklə, Azərbaycan–Ermənistan sülh prosesi əhəmiyyətini itirəcək və bu ssenari İrəvan üçün müsbətdir... İkincisi, Birləşmiş Ştatlar İran platformasında uğur qazanacaq, nəticədə, İrandakı azərbaycanlı faktoru güclənəcək ki, durumun ağırlığı Ermənistanı tam iflasa sürükləyəcək. Aydındır ki, xüsusən ikinci tezis mahiyyət etibarilə Rusiyaya sığınmağın ən doğru qərar olduğunu aşılamaq məramına söykənir. O Rusiyaya ki, hazırda Ukraynada müharibə aparır və onun Yaxın Şərqdə yaşananlara heç bir müdaxiləsi yoxdur.
Bildirdiklərimiz fonunda sonda əvvəldəki ritorik sualımıza doğru yön alaq və vurğulayaq ki, Ermənistanda İran mövzusu ətrafında gedən diskussiyaların ana xəttini ölkənin hazırkı hakimiyyətinin bacarıqsızlığı və səriştəsizliyi ideyası təşkil edir. Əlbəttə, Paşinyan administrasiyasına, belə demək mümkünsə, bu damğa yapışır. Çünki onun səhvləri az deyil. Ancaq hesab edirik ki, sırf indiki durumda rəsmi İrəvan ən doğru olanı edir. Söhbət qutab və qarğıdalı yeməkdən gedir. Axı rəsmi İrəvan başqa nə edə bilər? Əlbəttə ki, heç nə.
Ə.CAHANGİROĞLU
XQ

