Qiymətləndiricilər Palatasında elektron portal yaradılıb

post-img

Bu onlayn baza rəqəmsal qiymətləndirmə mərhələsinə keçidi sürətləndirəcək

Noyabrın 30-da Qiymətləndiricilər Palatasının hesabat xarakterli geniş toplantısı keçirildi. Media nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, qiymətləndirmə şirkətlərinin üzvləri və digər tərəfdaşların iştirak etdiyi məclisdə görülən işlər və qarşıdakı prioritetlər barədə məlumat verildi.

Yığıncaqda palatanın yeni elektron qiymətləndirmə portalının təqdimatı oldu. Qeyd edildi ki, istifadəyə verilən bu portal bütün Azərbaycan üzrə tətbiq ediləcək və qiymətləndirmə proseslərini tam rəqəmsallaşdırmaq məqsədi daşıyır. Artıq vətəndaşlardan tutmuş dövlət qurumlarına, kommersiya banklarına, böyük holdinqlərə və sahibkarlara qədər hər bir sahədə qiymətləndirmə əməliyyatları elektron qaydada əlverişli olacaq.

Məclisdə bildirildi ki, portalın Elektron Məhkəmə sistemi ilə inteqrasiyası artıq son mərhələyə daxil olub. Bu yenilik sayəsində hakimlər qiymətləndirmə sifarişlərini birbaşa portal vasitəsilə göndərə biləcək, beləliklə, prosesdə əlavə vaxt itkisi və kağız daşıyıcılarından asılılıq aradan qalxacaq.

Tədbirdə həmçinin palatanın Prezident İlham Əliyevə ünvanladığı müraciət məktubu oxundu. Məktubda son bir ildə görülmüş işlər, rəqəmsallaşma sahəsində atılan addımlar, yeni portalın ölkə üzrə tətbiqinin əhəmiyyəti və qiymətləndirmə sektorunun inkişafına dair təkliflər yer alırdı. Qeyd edildi ki, yeni platforma qiymətləndirmə sahəsində açıq, şəffaf və müasir idarəetmə modelinin qurulmasına böyük töhfə verəcək.

Qeyd edək ki, Qiymətləndiricilər Palatası tərəfindən media nümayəndələrinə palatanın fəaliyyətininin işıqlandırılmasında fəallıq göstərdikləri üçün sertifikat təqdim olundu.

Tədbir yekun nitqləri ilə başa çatdı və Qiymətləndiricilər Palatası bundan sonra da qiymətləndirmə sahəsində rəqəmsallaşma, şəffaflıq və peşəkarlıq istiqamətində islahatların davam etdiriləcəyini bəyan etdi.

XQ

İqtisadiyyat