Ölkəmiz Aralıq dənizində “Tamar” layihəsində iştirak edəcək

post-img

Azərbaycan Dövlət Neft Şirkəti öz inkişaf strategiyasına uyğun olaraq xarici ölkələrdə hasilat bazasının genişləndirilməsi istiqamətində tədbirləri davam etdirir. Qurum 2025-ci il yanvarın 31-də “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri yataqlarından biri olan və qaz bazarı üçün xüsusi əhəmiyyət daşıyan “Tamar” layihəsində 10 faiz iştirak payının alınması üzrə müqavilə imzalayıb. Bu barədə socar.az saytı məlumat yayıb.

Bildirilib ki, müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur. Bununla da, SOCAR Aralıq dənizi hövzəsində apstrim sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır. Şirkət xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, “Tamar” qaz yatağı 2009-cu ilin yanvarında açılıb. Yataqdan təbii qaz hasilatına isə 2013-cü il mart ayının sonunda başlanılıb. “Tamar” yatağı Hayfa şəhərindən, təxminən, 90 kilometr qərbdə, dəniz səviyyəsindən 5 min metr aşağıda və suyun 1700 metr dərinliyində yerləşir. Yatağın sahəsi 100 kvadratkilometr, layların qalınlığı isə 300 metrə çatır.

“Tamar”da təbii hasilat gündə 1,1 milyard kubfuta qədər təbii qaz istehsalına imkan yaradan 6 istismar quyusu vasitəsilə həyata keçirilir. Yatağın təbii qaz ehtiyatları, təqribən, 389 milyard kubmetr qiymətləndirilir.

İqtisadiyyat