AYİB-in Azərbaycan üçün yeni dəstək strategiyası

post-img

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Azərbaycan üçün növbəti 5 ildə investisiya və siyasət təşəbbüslərini rəhbər tutan yeni ölkə strategiyasını təsdiqləyib.

Sənədə əsasən, qurum ölkəmiz üçün iki əsas prioriteti müəyyənləşdirib. Həmin prioritetlərə daha güclü, daha rəqabətli və inklüziv özəl sektor və təkmilləşdirilmiş idarəetmə vasitəsilə daha çox iqtisadi diversifikasiyanın təşviq edilməsi; “yaşıl” iqtisadiyyata keçidin sürətləndirilməsi və regional əlaqənin təkmilləşdirilməsi daxildir.

Birinci prioritet çərçivəsində AYİB Azərbaycanın özəl sektorunun rəqabət qabiliyyətini və inklüzivliyini artırmaqla karbohidrogen ixracından asılılığını aradan qaldırmağı hədəfləyir. Bu məqsədlə bank ölkəmizlə bağlı investisiya və məsləhət dəstəyini aqrobiznes, istehsal və xidmətlər, informasiya və kommunikasiya texnologiyaları, eləcə də infrastruktur kimi qeyri-neft sektorlarında kiçik və orta müəssisələrə yönəldəcək.

Bank Azərbaycanda qadınların və gənclərin rəhbərlik etdiyi müəssisələrin səlahiyyətləndirilməsinə, daha böyük rəqabət qabiliyyəti vasitəsilə innovasiyaların dəstəklənməsinə və ixrac imkanlarının genişləndirilməsinə də diqqət yetirəcək. Bununla yanaşı, qurum korporativ idarəetmənin gücləndirilməsi, dövlət müəssisələrində islahatların aparılması və ümumi biznes mühitinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə işləməyə davam edəcək.

AYİB-in ikinci prioriteti Azərbaycana bərpaolunan enerji potensialını açmaqda kömək etmək məqsədi daşıyır. Bununla bağlı bank günəş və külək enerjisi layihələrinin inkişafına, enerji səmərəliliyinin artırılmasına və iqlim dəyişikliyinə davamlılığa dəstək göstərəcək. Bu səylərin əsasını isə ölkənin enerji şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerjinin ixracına imkan yaradılması bu səylərin təşkil edəcək.

Bank növbəti illərdə ölkəmizə Avropa və Asiya arasında yerləşən coğrafi mövqeyindən yararlanmağa da kömək edəcək. AYİB bu zaman xüsusi diqqəti Orta Dəhlizlə əlaqəli layihələrə yönəltməklə dayanıqlı nəqliyyat şəbəkələrinə, rəqəmsal əlaqə və bələdiyyə infrastrukturuna investisiya yatırılmasını nəzərdə tutur.

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Natali Mouravidze bugünlərdə mətbuata verdiyi açıqlamada qurumun Direktorlar Şurası tərəfindən Azərbaycan üçün növbəti 5 illik investisiya və siyasət təşəbbüslərini rəhbər tutan yeni ölkə strategiyasının təsdiqlənməsindən məmnunluğunu bildirib. O deyib: “ Biz Bakı ofisində işimizi daha da gücləndirməyi səbirsizliklə gözləyirik. Növbəti beş il ərzində biz Azərbaycanla innovasiyalar və özəl sektorun gücləndirilməsi ilə idarə olunan şaxələndirilmiş, inklüziv və davamlı iqtisadiyyat qurmaq üçün işləyəcəyik. Azərbaycanın bərpaolunan enerji potensialından istifadə etməklə və onun regional əlaqələrini gücləndirməklə biz ölkə və onun əhalisi üçün uzunmüddətli imkanlar yarada bilərik. Bunun üçün artıq güclü bir təməlimiz var”.

Xatırladaq ki, AYİB 1991-ci ildən fəaliyyətə başlayıb. Bank ötən müddətdə, əsasən, keçmiş sosialist ölkələri və Mərkəzi Asiya dövlətlərinə bazar iqtisadiyyatına keçidi dəstəkləmək məqsədilə kredit və texniki yardım üçün kredit, həmçinin ianələr ayırıb. Azərbaycan 1992-ci il sentyabrın 25-də banka üzv seçilib. 2019-cu ildə Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən AYİB-in Şərq Tərəfdaşlığı İnvestisiya Sammiti çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə bu maliyyə institutu arasında ölkəmizin Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondunda iştirakı ilə əlaqədar ianə haqqında, eləcə də respublikamızın AYİB-in donorları icmasına qoşulması ilə bağlı sazişlər imzalanıb.

Avropa Yenidənqurma və İnkişaf Bankı 2024-cü ildə Azərbaycanda 8 layihənin icrasına 196 milyon avro investisiya yatırıb. Bu vəsaitin 82 faizi ölkənin “yaşıl” iqtisadiyyatına – enerji və nəqliyyat sektorları, maliyyə institutları, kiçik və orta biznes subyektləri kimi müxtəlif sahələrə yönəldilib. Ümumilikdə isə, bank ötən müddətdə ölkəmizə 194 layihə çərçivəsində 3,962 milyard avro həcmində investisiya yatırıb. Həmin məbləğin 81 faizi (3,212 milyard avro) borcgötürənlər tərəfindən real iqtisadiyyata yönəldilib. Bunun da hesabına ümumi investisiyalarda özəl sektorun payı 26 faizdən 37 faizə yüksəlib.

Hazırda bank bərpaolunan enerji hərraclarının həyata keçirilməsinə dəstək, Gəncə şəhərində küçələrin işıqlandırılması layihəsi üzrə qrant sazişi, Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu, “Gəncə şəhərində küçələrin işıqlandırılması layihəsinin icrasına dəstək” qrant müqaviləsi” və “Gəncə şəhərində bərk məişət tullantıları layihəsinin icrasına dəstək” qrant müqaviləsi” çərçivəsində ölkəmizlə fəal əməkdaşlıq edir.

Qeyd edək ki, AYİB-nin Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos bir müddət bundan əvvəl təmsil etdiyi qurumun “yaşıl” maliyyələşməyə olan öhdəliyini artırdığını və hazırda portfelinin 50 faizindən çox hissəsinin iqlim məqsədlərinə uyğun layihələrlə bağlı olduğunu bildirib. O daha sonra AYİB-in artıq “yaşıl” bank kimi tanındığını və bunun sübut edən bir sıra nailiyyətlərin mövcudluğunu vurğulayıb.

AYİB-in nümayəndəsi bu maliyyə qurumunun hələ bir neçə il əvvəl Paris Sazişi çərçivəsində bankın “yaşıllaşması” ilə bağlı üzərinə öhdəlik götürdüyünü və bu istiqamətdə artıq səyləri artırdığını, 2022 və 2023-cü illərdən etibarən sözügedən sahədə mühüm uğurlar qazandığını da diqqətə çatdırıb.

A.Drakinos qeyd edib ki, AYİB iqlim dəyişikliyi ilə bağlı layihələrə investisiyaları artırmaq məqsədilə digər çoxtərəfli inkişaf bankları ilə əməkdaşlığa başlayıb və bu məqsədlə hər il iqlim layihələrinə 2030-cu ilə qədər 120 milyard avro sərmayə qoymaq öhdəliyi götürüb.

Xatırladaq ki, Azərbaycanın bu bankla əməkdaşlığa başlaması 1992-ci illərə təsadüf edir. Beynəlxalq maliyyə qurumunun ölkəmizdəki nümayəndəliyi isə 1993-cü ildən fəaliyyət göstərir. Bank ilə dövlətimiz arasında əməkdaşlıq 2019–2024-cü illəri əhatə edən ölkə üzrə strategiya sənədi ilə tənzimlənir. Həmin strategiyaya əsasən, AYİB üçün bir sıra prioritet məsələlər var. Bunlar rəqabət qabiliyyətliliyə və yaxşı idarəçiliyə dəstək vasitəsilə iqtisadi şaxələndirmənin təşviqi, maliyyə bazarlarının inkişaf etdirilməsi ilə dözümlülüyün artırılması, “yaşıl” iqtisadiyyata keçidə, eləcə də regional rabitəliliyə dəstəkdir.

AYİB davamlı olaraq “yaşıl” inkişafın, davamlılığın və innovasiyanın təşviqinə sadiqlik nümayiş etdirir. Bu, iqlim dəyişikliyi ilə mübarizədə, özəl maliyyənin səfərbər olunmasında və fəaliyyət göstərdiyi bütün regionlarda sistemli dəyişikliyin gerçəkləşdirilməsində özünü qabarıq büruzə verir. Beynəlxalq maliyyə qurumu biznesinin azı yarısını “yaşıllaşmaya” yönəltməyi qarşıya önəmli vəzifə kimi qoyur. 2023-cü ildə bankın “yaşıl” maliyyələşdirməsinin 6,5 milyard avroya çatması, dünyada iqlimin maliyyələşdirilməsində liderlik səviyyəsinə yüksəlməsi də bunun bariz ifadəsidir.

Yeri gəlmişkən, AYİB-in apardığı tədqiqatlar Azərbaycanda ekoloji cəhəfdən təmiz hidrogen istehsalının məqsədəuyğun olduğunu təsdiq edib. Bununla yanaşı, adıçəkilən bankın dəstəyi ilə Niderlandın tanınmış “Advision” şirkəti ilə Azərbaycanın hidrogen potensialının qiymətləndirilməsi ilə bağlı təhlili də yekunlaşıb. Qurumun hesabatında ölkəmizin bu sahədəki potensial imkanları ilə bağlı müsbət məqamlar yer alıb.

Maliyyə qurumunun ölkəmizin bərpaolunan enerji layihələrinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən danışarkən bankın hazırda respublikamızın şərqində 240 meqavatt gücündə külək enerjisi stansiyasının tikintisini maliyyələşdirdiyi daha çox diqqət çəkir. Bu, külək enerjisi sahəsində ölkədə ilk təşəbbüs olmaqla Qafqazda bu cür ən böyük layihədir. Stansiya istismara verildikdən sonra ildə 893 qiqavatt-saatadək xalis elektrik enerjisinin hasil olunacağı gözlənilir. Ölkəmiz tərəfindən AYİB-in fəaliyyətində xüsusi yer tutan “Xəzər–Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihəsi də yüksək dəyərləndirilir.

 

İqtisadiyyat