II YAZI
Azərbaycanlıların nisbətən sıx məskunlaşdıqları əcnəbi ölkələrdən biri də Əfqanıstandır. Rəsmi statistikaya görə, bu ölkədə soydaşlarımızın sayı 400 min, qeyri-rəsmi mənbələrə görə isə 2 milyon nəfərə çatır.
Tarixi mənbələrdə azərbaycanlıların bu bölgəyə gəlişinin əsasən XI–Xll əsrlərə təsadüf etdiyi göstərilir. Qədim türk tayfaları sayılan əfşarlar bura səlcuqlarla birlikdə XI əsrdə gəliblər. Daha sonra, Nadir şah Əfşarın hakimiyyəti dövründə (1736-1747) Qarabağ bölgəsindən qacar, şahsevən, bayat, otuziki və digər tayfaların Mərv, Qəndəhar, Qəznə bölgələrinə köçürülüb.
Səfəvilər, Əfşarlar, Qacarların hakimiyyəti illərində həmyerlilərimiz yüksək zümrələrdə təmsil olunublar. Mərv, Herat, Qəndəhar və digər ərazilərdə əyalət hakimləri arasında azərbaycanlıların daha çox olduğunu tarixi mənbələr təsdiq edir.
Oxucuların bu mövzuya marağını nəzərə alıb AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi Mübariz Ağalarlı ilə görüşüb söhbət etdik. Müsahibimiz bildirdi:
– Əfqanıstan öz geosiyasi möv- qeyinə və strateji əhəmiyyətinə görə həmişə böyük dövlətlərin maraq dairəsində olub. Tarixən belə bir narahat bölgədə soydaşlarımız necə məskunlaşıblar? Onların bəlalı taleyinə biganə qalmaq olmur. Mərkəzi Asiyanın əhəmiyyətli bölgələrindən biri olan Əfqanıstan etnik baxımdan da zənginliyi ilə seçilir. Tarixən hərbi-siyasi və etnik-tayfa münaqişələrinin meydanına çevrilmiş bu ölkə Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Əfqanıstanın ərazisi 652.860 kvadratkilometrdir.
60-dan çox etnik qrup və xalqın yaşadığı bu çoxmillətli ölkədə heç bir etnik qrup əhalinin çoxluğunu təşkil etmir. 40 milyona yaxın əhalisi olan ölkədə yalnız qarşılıqlı nisbətdə üstünlüyə sahib 5 böyük etnik qrup var (puştunlar – 12 milyon, taciklər – 9 milyon, özbəklər – 8 milyon, həzaralar – 6 milyon, türkmənlər – 2 milyon və digər xalqlar 3 milyon).
Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri gerçəkliyi tam əks etdirən siyahıyaalma aparılmadığından əhalinin etnik tərkibi və sayı haqqında da dəqiq məlumat yoxdur. Bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır. Avropanın “müstəqil sosial təşkilatları” Əfqanıstanda türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar. Qərb mənbələrinin verdiyi dəqiq olmayan, təxmini məlumata görə, Əfqanıstanda türk kökənli xalqlar əhalinin 12 faizini təşkil edirlər (özbəklər 9 faiz, türkmənlər 3 faiz). Ancaq Əfqanıstandakı türk mənşəli etnik qrupların icma rəhbərlərinin məlumatlarına əsasən, bütün türkəsilli xalqlar Əfqanıstan əhalisi içində, təxminən, 35-40 faiz təşkil edir (özbəklər 19 faiz, türkmənlər 10 faiz, azərbaycan kökənli qızılbaşlar, mərvilər, bayatlar, timurlular, cəmşidilər, səlcuqlar, əfşarlar, qacarlar 5 faiz.
– Əfqanıstanda olarkən azərbaycanlılarla görüşüb təmas edə bilmisinizmi?
– Böyük özbək şairi və ictimai-siyasi xadim Əmir Əlişir Nəvainin 580 illik yubileyinin Əfqanıstanın Herat şəhərində təntənəli şəkildə qeyd edilməsi Azərbaycan alimlərinin də qədim sivilizasiya mərkəzi olan şəhərlə tanış olmasına imkan yaratdı. Böyük karvan yollarının üzərində yerləşən, tarix boyu Şərqlə Qərb arasında ticarətdə böyük rol oynayan Herat şəhəri öz strateji əhəmiyyətini bu gün də saxlayıb. Şəhərin tikinti və abadlıq işlərində məşhur Azərbaycan memarı Hacı Əli Hafiz Təbrizi də iştirak edib. Azərbaycan rəssamlarından Pir Seyid Əhməd, Xacə Əli Müsəvir, Qəvaməddin Qiyasəddin və başqaları Herat rəssamlıq məktəbinin inkişafında mühüm xidmət göstəriblər.
Təəssüf ki, şəhərdəki abidələrin böyük əksəriyyəti, “yadellilərin” Əfqanıstan uğrunda son 40 illik müharibəsi dövründə dağıdılıb və talan edilib. Amma son bir neçə ildə dağıdılan memarlıq abidələri yenidən bərpa edilir.
Herat şəhərində olarkən yerli azərbaycanlılarla da görüşdük. Azərbaycan alimlərinin Əfqanıstana gəldiyini eşidən soydaşlarımız bizimlə görüşmək üçün gəlmişdilər. Bayat etnik birliyinin rəhbəri Əsədullah Sahab, Firudin Mahmudi, Qızılbaş icmasından olan Əhməd Rəşad Cahid, Nüsrətullah Mudasser, Mərvi icmasının nümayəndələri Fərid Şabanpur, Çolam Hidar Dost, doktor Nasir Əhməd Niyazi, Əfşar icmasından Əli Sina Əfşarla görüşdük. Onlar Əfqanıstanda yaşayan azərbaycanlıların öz etnik kimliklərini, adət-ənənələrini və dillərini qorumasında əllərindən gələni ediblər. İcma rəhbərlərinin bizə verdikləri məlumatlara görə, soydaşlarımız bu ölkədə əfqan dilində təhsil alırlar. Hətta bir çox soydaşlarımız Türkiyə universitetlərində təhsil alıb.
Gənclər gələcəkdə bizim universitetlərdə təhsil alaraq, Azərbaycan dilini dərindən öyrənmək və Əfqanıstanda soydaşlarımıza dərs demək arzusundadırlar. Təəssüflər olsun ki, “Taliban” hakimiyyətə gələndən sonra qeyri-rəsmi icmalar tamamilə qadağan edilib, hətta icma rəhbərlərinin böyük əksəriyyəti Almaniya, İraq, Fransa, Qətər və digər dövlətlərdə siyasi qaçqın statusu ilə məskunlaşıblar.
– Bəs Azərbaycan türkləri bu ölkədə necə məskunlaşıblar? Necə olub ki, onlar Əfqanıstanda varlıqlarını bu günədək qoruyub saxlamışlar?
– Orta əsrlərdə Azərbaycan hökmdarları Şərq sərhədlərini qorumaq və etnik dayaq yaratmaq məqsədilə Əfqanıstanda azərbaycan mənşəli tayfaları və əmirləri, xüsusilədə qızılbaşları yerləşdiriblər.
1737–1739-cu illərdə Əfqanıstana, müasir Pakistan və Hindistan ərazisinə yürüş edən Nadir Şah Əfşar da bu ölkələrdə öz hakimiyyətini hərbi cəhətdən möhkəmləndirmək üçün Əfqanıstanda qızılbaş qoşunlarını yerləşdirib. Hindistana yürüş edən Nadir şah Şirvan vilayətindəki qızılbaş tayfalarından olan Sərdar Əli xanı da özü ilə götürüb. Hindistandan qayıdarkən Nadir şah Sərdar Əli xanı Qəndəhar valisi təyin edib. Digər qızılbaş əmirləri də əmin-amanlığı və sabitliyi təmin etmək məqsədilə Kabil və Pişəvərdə hakim təyin olunublar.
Nadir şahın qətlindən sonra 1747-ci
ildə Əfqanıstanda hakimiyyətə gələn Əhməd şah Dürrani həmin nüfuzlu əmirlərə hərbi vəzifələr verməyə məcbur olub. Əli xan Qəndəhardan şimalda yerləşən Xazar vilayətinə hakim təyin olunub və Herata qədər ətraf bölgələri özünə tabe edib. Əli xanın ölümündən (1770) sonra onun xanımı bir neçə il bölgəni idarə edib. Əli xanın oğulları da əfqan sarayında nüfuz sahibi olublar. Əhməd şahın oğlu və xələfi olan Timur şahın hakimiyyəti dövründə Əli xanın böyük oğlu Qul Məhəmməd xan Kabilə dəvət edilərək ona sərdar titulu verilib. Əfqan hökmdarı Şah Zamanın dövründə də qızılbaşlar orduda və idarəçilikdə nüfuz sahibi idilər.
Əli xanın oğlu Hidayət xan 1797-ci
ildə Şah Zamanı Lahor yürüşündə müşayiət edib. 1813-cü ildə Sərdar Əli xanın oğullarından ən kiçiyi Əli Məhəmməd xan 4 minlik ordu ilə əfqan vəziri Fəth xana Kəşmir yürüşündə dəsdək verib. Bu uğurlu yürüşdən sonra o, yüksək hərbi vəzifəyə təyin olunub. Qızılbaş əmiri Hidayət xanın ölümündən (1836) sonra oğlanları yüksək dövlət vəzifələrində olublar. Hidayət xanın dördüncü oğlu Əli Rza xan Qızılbaş Kabildə böyük nüfuz qazanıb. 1839-cu ildə Britaniya ordusu Kabilə daxil olduqda o, Ticarət Departamentinə baş agent təyin edilib.
– Əfqanıstanda yaşayan soydaşlarımızın tarixi Vətənləri Azərbaycanla əlaqələrini yaratmaq üçün nə etmək lazımdır?
– Əfqanıstanda yaşayan Azərbaycan kökənli əhalinin ölkəmizə mədəni və etnik inteqrasiyası olduqca vacibdır. Mərkəzi Asiyanın əhəmiyyətli dövlətlərindən biri olan Əfqanıstanda ölkəmizin geosiyasi maraqlarını qoruya biləcək böyük bir toplum məhz burada yaşayır. Etnik kimliklərini qoruyaraq özlərini azərbaycanlı hesab edən, Azərbaycana bağlı olduqlarını bu gün də dərk edən toplumu formalaşdırmaq, onların tarixi vətənləri ilə münasibətlərini inkişaf etdirmək olduqca vacibdir. Bunun üçün ilkin olaraq aşağıdakı təşəbbüslər məqsədəuyğundur: Əfqanıstanda yaşayan Azərbaycan kökənli əhalinin öz ana dilini yaxşı bilməsi üçün internet üzərindən onlayn dərslər təşkil etmək olar. Bu ölkədə azərbaycanlıların kompakt yaşadığı əyalətlərdə mədəni-maarif mərkəzləri və kitab evləri yaratmaq da önəmli olardı. Soydaşlarımızın Azərbaycan universitetlərində oxuması imkanları nəzərdən keçirilə bilər.
Bu ölkədəki azərbaycanlı iş adamlarının Azərbaycanla biznes-ticari fəaliyyətlərinin qurulması onların ölkəmizlə geniş əlaqələrinin qurulmasına yol aça bilər. Bundan başqa, Əfqanıstan azərbaycanlılarının turizm xətti ilə ölkəmizə davamlı gediş-gəlişini təşkil etmək də olar.
Bu və digər tədbirlərin həyata keçirilməsi Əfqanıstan azərbaycanlılarının dövlətimizə bağlılığını gücləndirməklə yanaşı, Avroasiya nəqliyyat dəhlizinin Əfqanıstandan keçən hissəsində (Lacivərd yolu) ölkəmizin geoiqtisadi maraqlarının təmin olunmasına imkan yaradardı. İkinci Qarabağ savaşından sonra Azərbaycan–Əfqanıstan əlaqələrinin inkişafı üçün geniş imkanlar yaranıb. Qarabağ müharibəsində Azərbaycanı dəstəkləyən əfqan dövləti və xalqı islam həmrəyliyinə sadiqliyini ortaya qoyub. Bu mövqenin nümayiş olunmasında Əfqanıstanda yaşayan türksoylu xalqların önəmli rolu olub.
Bu gün Əfqanıstanda Azərbaycana qarşı isti və səmimi bir münasibət hökm sürməkdədir. Onun dostları siyahısında Azərbaycan və Türkiyə ön cərgədədi. Zaman-zaman tarixi və mədəni əlaqələrimizi, bu ölkədə milyonlarla soydaşlarımızın yaşamasını nəzərə alaraq Azərbaycan–Əfqanıstan əlaqələrinin bünövrələrini genişləndirmək günün zəruri tələbidir.
Pünhan ƏFƏNDİYEV
XQ