Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzərində yerləşən respublikamıza məxsus gömrük postları ilə bağlı yeni layihələr hazırlanıb başa çatdırıldıqdan sonra bütün gömrük-sərhəd buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması ilə bağlı işlərə başlanılacaq. Təbii ki, prioritet Orta Dəhliz üzərində yerləşən “Beynəlxalq Dəniz Ticarət Limanı” və “Qırmızı körpü” gömrük postları olacaq.
Komitənin bütün gömrük-sərhəd buraxılış məntəqələrində tənzimləmə ilə bağlı standartları var. Hazırda bu standartlara uyğun şəkildə layihə hazırlanaraq müvafiq prosedurlardan keçirilir. Gömrük-sərhəd buraxılış məntəqələrində daha çox buraxılış imkanlarının olması və sahəvi tənzimlənmənin qurulması nəzərdə tutulur. Yeni layihələr də müasir beynəlxalq standartlara uyğun qurulur.
Beynəlxalq standartlarda təchizatla bağlı normaların olması da diqqətdə saxlanılır. Bunlar kompleks tədbirlərdir. Bütün bu işlər yekunlaşdıqdan sonra tikintinin həyata keçirilməsi nəzərdə tutulur. Artıq Xanoba gömrük-sərhəd buraxılış məntəqəsi fəaliyyət göstərir. Belə bir tendensiyanın digər sərhəd-buraxılış məntəqələrində də gerçəkləşdiriləcəyi planlaşdırılır. Bu layihələrin hazırlanması zamanı Orta Dəhliz üzərində yerləşən gömrük-sərhəd buraxılış məntəqələrinin yenidənqurma işləri prioritet hesab edilir.
Qeyd edək ki, Ələt qəsəbəsində yerləşən gömrük postunun infrastruktur imkanları kifayət qədər böyükdür. Amma buna baxmayaraq hazırlanan yeni layihələrdə bu infrastrukturun buraxılış qabiliyyətinin artırılmasına mühüm önəm verilir.
Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci il mayın 14-də açılışı olmuş “Beynəlxalq Dəniz Ticarət Limanı”nın 1-ci mərhələdə yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteynerdir. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və “yaşıl” həllər tətbiq olunduğu limanın yükaşırma həcmi hər il artır. Eyni zamanda, dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşır və bu amil də respublikamızın ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcminin sürətlə yüksəlməsini, nəticədə isə Ələt gömrük postunun infrastruktur imkanlarının artırılmasını şərtləndirir.
“Qırmızı körpü” gömrük-sərhəd buraxılış məntəqəsində müəyyən infrastruktur tədbirlərinin, layihələrin həyata keçiriləcəyi planlaşdırılır. Cənub–Astara gömrük postunun tikintisi ilə bağlı işlər də sürətlə icra olunur. Qırmızı Körpü sərhəd-buraxılış məntəqəsinin yaxınlığında yerləşən “İpək yolu” – “Abreşumis Qza” gömrük postu layihəsi ilə bağlı mütəmadi Gürcüstan tərəfi ilə görüşülür. Layihənin texnoloji cəhətdən işə düşməsi ilə bağlı müəyyən tələblər var. Buna görə də həm Gürcüstanın, həm Azərbaycanın gömrük orqanlarının eyni baxış altında tədbirlər həyata keçirəcəyi nəzərdə tutulur.
Zəngilan rayonu ərazisində yerləşən “Ağbənd” gömrük-keçid məntəqəsi ilə bağlı layihə isə aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Onu da deyək ki, işğaldan azad olunmuş ərazilərdə iki gömrük postu – “Qazançı” və “Eyvazlı” artıq fəaliyyət göstərir.
DGK-nın məlumatında bildirilir ki, ümumilikdə, bütün gömrük-sərhəd buraxılış məntəqələrinin tənzimlənməsi, beynəlxalq standartların tətbiq olunması, təchizatla bağlı normalara diqqət yetirilməsi nəzərdə tutulub. Məsələn, yük nəqliyyat vasitələri keçidinin əlverişli olması üçün “X-ray” aparatlarının quraşdırılma yeri, minik nəqliyyat vasitələri və avtobuslarla səfər edənlərin keçidinin daha səmərəli qaydada təmizlənməsinin həyata keçirilməsi planlaşdırılıb.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Nəqliyyat marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Yeri gəlmişkən, dövlətimizin başçısının nəqliyyat-logistika sahəsinə böyük diqqətinin nəticəsidir ki, hazırda Azərbaycanın beynəlxalq yükdaşımalarda fəaliyyəti getdikcə genişlənir. Bu, müxtəlif istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin sayının getdikcə artması, mövcud sahədə bazarın şəffaflaşması nəticəsində “kölgə”də işləyən daşıyıcıların qeydiyyata alınması, onların bəzilərinin fəaliyyətinin bərpa edilməsi, bəzilərinin isə daxili bazardan beynəlxalq bazara keçidinin reallaşması ilə bağlıdır. Bundan savayı, yükdaşımalarda qanunvericiliyin təkmilləşdirilməsi də daim diqqət mərkəzində saxlanılır.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ölkəmizin nəqliyyat üzrə gəlirləri 2024-cü ilin yanvar-aprel aylarında 4 milyard 184 milyon manat (keçən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz çox) olub.
Cari ilin birinci rübündə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi isə 7 milyon 980 min ton, yük dövriyyəsi isə 3 milyard 234 milyon ton-kilometr olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, daşınmış yüklərin həcmində əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3 faiz və 9 faiz artım müşahidə edilib.
Qeyd edək ki, Şərq–Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3 milyon 763 min ton, o cümlədən Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizi ilə 1 milyon 967 min ton, Şimal–Cənub nəqliyyat dəhlizi ilə 2 milyon 432 min ton, Şimal–Qərb nəqliyyat dəhlizi ilə 1 milyon 699 min ton, Cənub–Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 86 min ton təşkil edib.
Yüklərin 3 milyon 607,4 min tonu və ya 45,2 faizi dəmir yolu nəqliyyatı, 2 milyon 527,5 min tonu və ya 31,7 faizi avtomobil nəqliyyatı, 1 milyon 845,7 min tonu və ya 23,1 faizi dəniz nəqliyyatı ilə daşınıb. Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 60,2 faizini və ya 4 milyon 808 min tonunu tranzit yüklər təşkil edib.
Keçən il ərzində respublikamızın nəqliyyat vasitələri ilə ölkə ərazisindən tranzit daşımalarının həcmi 3,8 dəfə artaraq 36 min 387 ədəd təşkil edib. 2021-ci ildə bu nəqliyyat vasitələri ilə ölkə ərazisindən cəmi 9 min 551 ədəd tranzit daşımalar həyata keçirilmişdisə, 2022-ci ildə bu rəqəm 23 min 366-ya çatıb.
Beynəlxalq yük daşımalarından bəhs edərkən, onu da vurğulayaq ki, son illərdə Azərbaycan Orta Dəhlizin ən yüksək səviyyədə reallaşdırılması üçün öz üzərinə düşən işləri tam yerinə yetirib. Bakı–Tbilisi–Qars dəmiryolu xəttinin istifadəyə verilməsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gücünün artırılması, eləcə də respublikada nəqliyyat və logistika infrastrukturunun yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirib.
Hazırda yük daşımaların artmasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun fəaliyyəti daha çox diqqət çəkir. Bu marşrut Çindən Türkiyəyə və Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yük axınının artırılmasına xidmət etməklə region ölkələrinin ticarət-iqtisadi əlaqələrinin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır.
Azərbaycan Orta Dəhlizin inkişafına daim önəm verib, bu istiqamətdə reallaşdırılan layihələrin gerçəkləşdirilməsini diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda aprelin 23-də keçirilən beynəlxalq forumda bu gün Orta Dəhlizə heç vaxt olmadığı qədər ehtiyac yarandığını, Çindən gələn və Azərbaycandan keçən yüklərin ildən-ilə artdığını vurğulayıb. Ölkə rəhbəri daha sonra deyib: “Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı biz Siandan çıxmış və Bakıya çatmış konteyner qatarının birgə qarşılanma mərasimini keçirdik. Beləliklə, bu, ölkələrimiz arasında əməkdaşlığımızın birgə nümayişi idi. Sözsüz ki, Qazaxıstanla Çin daha fəal əməkdaşlıq edir. Lakin Azərbaycanla Çin də əməkdaşlıqlarını çox ümidverici və çox nəticəyönümlü şəkildə inkişaf etdirir”.
Vaqif BAYRAMOV
XQ