Kənddə bolluq təntənəsi

post-img

Tədbir iştirakçıları əvvəlcə  Samux şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. 

Samux Şəhidləri Abidə Kompleksini ziyarət edən qonaqlar torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarını ehtiramla anıblar. 
Daha sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətinə dair fotostendlərlə tanış olub, dahi şəxsiyyətin Samux rayonuna səfərləri və zəhmətkeşlərlə keçirdiyi görüşləri əks etdirən fotolara baxıblar.  
Festival çərçivəsində qonaqlar Samux rayonunda fəaliyyət göstərən “Casa Aqro” MMC-nin təsərrüfat sahəsinə baxış keçirib, istehsal olunan məhsullarla tanış olublar. 
Həmçinin Qarayeri qəsəbəsində mövcud olan Forer qardaşlarının şərab zavodunda olub, istehsal sahəsi ilə maraqlanıblar. 
“Ərik Festivalı” və “Aqrar Biznes Festivalı” ilə əlaqədər olaraq Samux şəhərinin mərkəzi küçə və prospektləri, park və xiyabanlar bəzədilib, yerli sakinlərin və qonaqların iştirakı ilə bayram paradı təşkil olunub. 
Samux şəhəri, Heydər Əliyev prospektində müasir dizaynda yeni salınan parkda təşkil olunan "Ərik Festivalı” və “Aqrar Biznes Festivalında” milli mətbəximizin təamları hazırlanıb, fermerlərin yetişdirdikləri ərik məhsullarının meyvəsi, mürəbbəsi və şirələrinin stendlərlə təqdimatı olub. 
Sənətkarların və satıcıların stendləri, ustad dərslərinin təqdimatı, qol güləşi, uşaqlar tərəfindən milli rəqslər, məktəblilərin əriklə bağlı hazırladığı əl işləri, rəsmlər maraqla izlənilib.
“Aqrar Biznes Festivalı”nda kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənib, aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum və dərmanlar nümayiş olunub. 
Festivalın keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi ərik növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək, eyni zamanda destinasiyanın aqroturizm potensialını canlandırmaq, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərməkdir.
Açılış mərasimində çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonda kənd təsərrüfatı sahəsinin inkişafı barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü işlər, eyni zamanda kənd təsərrüftı sahəsinə diqqət və qayğısı nəticəsində rayonlarda bağçılıq ildən-ilə inkişaf edir. Samux rayonunda təkcə ərik bağlarının sahəsi 500 hektardan çoxdur. Bu bağlarda 16 sort ərik yetişdirilir. 
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib  ki, son dövrlərdə ölkəmizdə müxtəlif meyvələrə həsr olunmuş festivalların keçirilməsi ənənə halını alıb. Bu cür kütləvi tədbirlər kənd təsərrüfatı məhsullarına, xüsusilə də mövsümi meyvələrə marağı artırmaq baxımından əhəmiyyət daşıyır. 
Qeyd edək ki, "Ərik Festivalı” və “Aqrar Biznes Festivalı”nın Samux rayonunda  keçirilməsi təsadüfi deyil. Belə ki, Azərbaycanda Ordubad rayonundan sonra ən çox ərik yetişdirilən rayon Samuxdur.  
Rəsmi hissədən sonra Samux rayonunda 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş geniş bayram konserti təşkil olunub. Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Hamlet Qasımov, 
XQ-nin bölgə müxbiri 
Samux rayonu

Sosial həyat