Son illər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər dünyanın əksər dövlətləri, eləcə də bir sıra beynəlxalq təşkilatlar tərəfindən bəyənilir. Təsadüfi deyil ki, hazırda tanınmış reytinq agentlikləri də ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı nikbin, ümidverici fikirlər səsləndirir, əvvəlki proqnozlarını mütəmadi olaraq yeniləyirlər.
Nüfuzlu “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin ölkəmizlə bağlı bir qədər əvvəl səsləndirdiyi fikirlər də bu baxımdan diqqət çəkir. Qurumun Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatına əsasən, 2024-cü ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2,5 faiz real artımla 129 milyard manat (76 milyard ABŞ dolları) təşkil edəcək.
“S&P Global Ratings” 2025-ci ildə nominal ÜDM-i 2 faiz real artımla 130 milyard manat (77 milyard ABŞ dolları), 2026-cı ildə 1,5 faiz real artımla 135 milyard manat (79 milyard ABŞ dolları), 2027-ci ildə isə 1,5 faiz real artımla 140 milyard manat (82 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırır. Qurumun proqnozuna əsasən, ölkəmizdə 2024-2025-ci illərdə adambaşına ÜDM-in 7,4 min ABŞ dolları (real artım müvafiq olaraq 1,5 faiz və 1 faiz), 2026-cı ildə 7,6 min ABŞ dolları (0,5 faiz), 2027-ci ildə isə 7,8 min ABŞ dolları (0,5 faiz) səviyyəsində olacağı gözlənilir.
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 38 milyard 181,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7,7 faiz artıb. İlin ilk 4 ayında əhalinin hər nəfərinə düşən ÜDM 3 min 748,1 manata bərabər olub.
Azərbaycan hökuməti cari ildə ÜDM-i 121,3 milyard manat, o cümlədən qeyri-neft gəlirlərini 84,7 milyard manat səviyyəsində proqnozlaşdırır. Xatırladaq ki, ötən il ölkədə ÜDM 1,1 faiz artaraq 123 milyard manat (72 milyard ABŞ dolları), adambaşına düşən gəlir isə 0,5 faiz artaraq 7,1 min ABŞ dolları təşkil edib.
Agentliyin reytinqlə bağlı ənənəvi açıqlamasında Azərbaycan iqtisadiyyatının neftdən asılılığı ilə bağlı məqam da yer alır. Yeni işə düşən qaz sektorunun nefti əvəz edib-edə bilməyəcəyi ilə bağlı təhlillər aparan mütəxəssislər Azərbaycan iqtisadiyyatının neftdən hələ də çox asılı olduğunu vurğulayırlar. Hazırda ölkəmizdə ÜDM-in, təqribən, 50 faizinin, ixracın isə 80 faizinin neft-qaz sektorunun payına düşdüyünü bildirən “S&P Global Ratings”in hesabatında Azərbaycanın neftin qiymətlərində baş verə biləcək potensial mənfi dəyişikliklərə qarşı çox həssas olduğu vurğulanır. Bununla bağlı 2015-ci ildə neftin kəskin ucuzlaşması nəticəsində büdcədə yaranan problemlər və manatın devalvasiyası xatırladılır.
Agentliyin açıqlamasında, həmçinin qeyd olunur ki, problem təkcə neftin qiymətində deyil, həm də həcminin azalmasındadır. Azərbaycanın neft yataqlarının köhnəlməsi nəticəsində hasilatın azalmaqda olduğunu bildirən hesabat müəllifləri yazırlar: “Son illər Azərbaycanın əsas neft yataqları sayılan və “Əsrin müqaviləsi”nin predmeti olan “Azəri–Çıraq–Günəşli” neft yataqları köhnəldikcə hasilat sabit şəkildə azalır. 2019-cu ildə ölkədə gündə 790 min barel neft hasil edildiyi halda, 2024-cü ildə bu rəqəm 650 min barelə enib. Nəticədə, iş o yerə çatıb ki, Azərbaycan OPEC+ tərəfindən ona ayrılan kvotadan da aşağı səviyyədə neft hasil edir. Neft hasilatı 2027-ci ilədək sutkada orta hesabla 0,65 milyon barel səviyyəsində qalacaq”. Bununla yanaşı, ölkədə qaz hasilatının artmaqda olduğunu vurğulayan agentlik bu sahədəki potensiala və əldə olunan uğulara da geniş yer ayırıb.
Azərbaycanda hökm sürən əlverişli biznes mühiti yerli və xarici investisiyaların qorunması və təşviqi üçün də əlverişli imkan yaradır. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq qurumların müsbət hal kimi vurğuladıqları bu məqam hesabatlarda öz geniş əksini tapır. “S&P”nin proqnozuna görə, həm 2024-2025-ci illərdə Azərbaycanda real investisiya artımı 5 faiz təşkil edəcək (ÜDM-də payı müvafiq olaraq 18,7 faiz və 19,8 faiz). Xatırladaq ki, ötən il bu göstərici ÜDM-də payı 18,3 faiz olmaqla cəmi 6 faiz təşkil edib.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı sosial-iqtisadi islahatların, kompleks tədbirlərin nəticəsi olaraq davamlı şəkildə möhkəmlənən makroiqtisadi və maliyyə sabitliyi ölkənin xarici borcunun da azaldılmasına gətirib çıxarıb. Xarici dövlət borcunun azalmasında büdcə gəlirlərinin yüksək icrası da mühüm önəm daşıyıb. 2023-cü ildə dövlət büdcəsinin gəlirləri, təxminən, 35,6 milyard manata yüksəlib ki, bu da əvvəlki illə müqayisədə 4,9 milyard manat (16 faiz), xərcləri isə 36,5 milyard manat (99,5 faiz) səviyyəsində icra olunub. Bu isə 2022-ci illə müqayisədə 4,4 milyard manat (13,7 faiz) çoxdur.
Xarici dövlət borcunun davamlı azalmasında ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” da böyük əhəmiyyətə malikdir. Belə ki, sözügedən sənəddə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizini, o cümlədən xarici dövlət borcunun 10 milyard dolları üstələməməsi qarşıya mühüm vəzifə kimi qoyulur.
Artıq bu istiqamətdə də həyata keçirilən tədbirlərin müsbət nəticələri hiss olunmadadır. Məsələn, S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında bildirilir ki, ölkəmizin xarici likvid aktivləri 2027-ci ilə qədər xarici borcu üstələyəcək və xalis beynəlxalq investisiya mövqeyi 2024-2027-ci illərdə ÜDM-in orta hesabla 68 faizini təşkil edəcək. Agentliyin analitikləri əminliklə bildirirlər ki, Azərbaycan potensial ticarət şərtləri dəyişkənliyinə həssas olsa da, onun böyük xalis xarici aktiv mövqeyi iqtisadi dövrlərin daxili iqtisadi inkişafa potensial mənfi təsirini azalda biləcək bufer rolunu oynayacaq. “Neftin qiyməti və hasilatı ilə bağlı proqnozlarımıza əsasən, biz Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2022-ci ildə rekord 30 faizdən sonra 2024-2027-ci illərdə ÜDM-in orta hesabla 7 faizini təşkil edəcəyini gözləyirik. Bu da son 10 ildən artıq müddətdə ən yüksək səviyyədir”, – deyə hesabatda qeyd olunur.
Azərbaycanda həyata keçirilən məqsədyönlü və çevik iqtisadi tədbirlər inflyasiyanın da arzuolunan həddə saxlanmasına imkan yaradır. Artıq ölkədə illik inflyasiya birrəqəmli göstərici ilə ifadə olunur. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin sözügedən hesabatında bu hal da müsbət məqam kimi vurğulanır. Agentlik ölkəmizdə orta illik inflyasiyanı 3 faiz səviyyəsində proqnozlaşdırır. Xatırladaq ki, qurumun cari il üçün aprel ayında elan etdiyi inflyasiya proqnozu 3,5 faiz təşkil edirdi.
Mirbağır YAQUBZADƏ
XQ