Yeni tarixi mərhələdə multiregionalizm və milli ideya

post-img

I məqalə
Biz “yeni tarixi mərhələ” dedikdə Ulu öndərin 1993-cü ildə Azərbaycan dövləti üçün müəyyən etdiyi “ərazi bütövlüyünün bərpası” milli ideyasına nail olunduqdan sonra başlayan mərhələnin Prezident ­İlham Əliyevin müəyyənləşdirdiyi kriteriyalar daxilində xarakterizə edilməsini nəzərdə tuturuq. Bu kontekstdə yeni tarixi mərhələni biz faktiki olaraq “postmüharibə dövrü” kimi də qəbul edə bilərik. Həm yeni tarixi mərhələnin nəzəri-konseptual, fəlsəfi, siyasi-praktiki diplomatik xarakteristikalarının müəyyən edilməsinin, həm də postmüharibə dövrünün memarı şəksiz olaraq Azərbaycan Prezidentidir.  
Bu ümumi tezisin prizmasında “multiregionalizm” və “milli ideya” anlayışlarına baxılır. Yəni hər iki anlayış ümumi fəlsəfi və ya politoloji aspektlərdə təhlil edilmir,  postmüharibə mərhələsində Azərbaycanın yeni milli ideyası kontekstində xarici siyasətinin multiregionallıq istiqamətləri araşdırılır. 
İlk olaraq bir suala aydınlıq gətirməyə ehtiyac vardır: xarici siyasətin multiregionallıq xüsusiyyəti ilə milli ideyanın hansı əlaqələri ola bilər? 
Multiregional dünya: 
reallıq, yoxsa ilğım?
Müasir politoloqlar “multiregional dünya” terminindən istifadə edirlər. Məsələn, amerikalı professor, dünyaca tanınmış, bir sıra regionlarda işləmiş (o cümlədən, Çində, Mərkəzi Asiyada, Türkiyədə, Koreyada, Yaponiyada, Sinqapurda və s.) Pyer Şabal və qazaxstanlı professor Jaras İbraşov həmin terminlərdən geniş istifadə edirlər. Hətta, P.Şabal etiraf edir ki, “multiregional dünya” anlayışını, o, J.İbraşevin “panasiya mərkəzçiliyi” anlayışnın genişləndirərək məzmunlaşdırmışdır. Bu zaman P.Şabal multiregional dünyanı öncəki qlobal dinamikadan fərqli məzmunda radikal milli, müstəmləkəçi, yüksələn xətt (vertikal) faktorlarının dəyişməsi kontekstində dərkini ifadə etmişdir. O, multiregional dünyanı öncəki qlobal bipolyar dinamikadan fərqli olan yeni fenomen kimi qəbul etdiyini deyir.
Belə çıxır ki, nəzəri olaraq multiregionallıq çox sayda faktorların – milli, siyasi, geosiyasi, təhlükəsizlik, sosial, iqtisadi, energetik, ideoloji və s. faktorların vertikal dəyişməsinin  (yəni yeni daha zəngin məzmun səviyyəsinə transformasiyası) kompleks halında təzhürü kimi dərk edilir. Onda multiregionallıq yalnız geosiyasi və ya siyasi faktor deyildir. O, özündə çox sayda və müxtəlif xarakterli faktorların sintezini ehtiva edir. Onların sırasında müstəqil dövlətlərin daxili inkişaf xüsusiyyətlərindən qaynaqlanan amillər ayrıca yer tutur. 
Məlumdur ki, müasir mərhələdə milli ideya faktiki olaraq müstəqil dövlətin və cəmiyyətin strateji təkamül özəlliyini ifadə edir. Onun inkişafını, fəaliyyətini istiqamətləndirir. Qarşıya qoyulan hədəfi özündə məzmunca ifadə edir və toplumsal miqyasda bütün daxili potensialı onun reallaşmasına yönəldir.  Bura daxili və xarici siyasətin vəhdəti amili, onların reallaşma mexanizmləri və sosial-mədəni, mənəvi-psixoloji mühitin özəllikləri daxildir. 
Bizcə, multiregional dünyanın formalaşması prosesinin bu cür qoyuluşu işığında onun milli ideya ilə sıx bağlılığı qətiyyən şübhə doğurmur. Və hətta həmin anlayış özündə xarici siyasətin multiregionalizm istiqaməti ilə milli ideyanın ölkənin strateji inkişaf hədəfini qarşılıqlı əlaqədə təhlil etməyə imkan yaradır. Bu ümumi tezisin prizmasında biz multiregional dünyanın formalaşması, Azərbaycanın xarici siyasətində multiregionalizm istiqaməti və milli ideya arasındakı münasibətləri təhlil edə bilərik.
Multiregional dünya və regionlararası əməkdaşlıq
Multiregional dünya anlayışı müasir mərhələdə qlobal təkamülü “ümumregional” proses kimi ifadə etməyin konkret formalarından biridir. Multiregionallıq özündə iki geosiyasi özəlliyi birləşdirir. Birincisi, nəzərdə tutulur ki, dünya çoxmərkəzlidir. İkincisi, hesab edilir ki, bu özəllikdə regionlararası əlaqələr ciddi geosiyasi rol oynayır. 
Bu anlamda multiregional dünyanın formalaşması prosesində dövlətlərin xarici siyasətinin regional və regionlararası aspekti avtomatik olaraq ön sıraya çıxır. Burada dövlətin müstəqilliyi, suverenliyi ilə güclü olması aspektlərinin sıx əlaqəsi də aktuallaşır. Çünki multiregional dünyada yalnız, sözün əsl mənasında, müstəqil, suveren və güclü olan dövlət rol oynaya bilər. Deməli, xarici siyasətdə elə bir “fəaliyyət diapazonu” və “təsir dairəsi şəbəkəsinin formalaşması” sahəsi mövcuddur ki, milli ideya ilə regionlararası əlaqələr bir-biri ilə məzmunca çulğalaşır. Daha dəqiq ifadə etsək, milli ideya müstəqil dövlətin regionlararası miqyasda uğurlu olmasını istiqamətləndirən və məzmunlaşdıran başlıca faktor rolunu oynayır. 
Səbəbi onunla bağlıdır ki, milli ideyası dəqiq olmayan istənilən müstəqil dövlət regionlararası mühitin mürəkkəbliyi, ziddiyyətləri və çoxkomponentliyi şəraitində inkişaf istiqamətini itirir. Faktiki olaraq xarici təsirlərin altında qalır və gerçək rol oynaya bilmir. Milli ideyada konkret müəyyən edilən hədəf isə dövlətin maraqlarını qorumaqla regionlar arasında real bağlantıların formalaşmasına töhfə verir. 
Belə çıxır ki, hər bir dövlətin multiregional dünyanın formalaşmasında rolu, onun  regionlararası əməkdaşlıq modeli ilə müəyyən olunur. Dünya təcrübəsi göstərir ki, bu məqamda iki amil mühüm əhəmiyyət kəsb edir. 
Birincisi, müstəqil dövlət yerləşdiyi regionu dünyanın mərkəzi kimi görür. Bu, hazırda perspektivsiz modeldir və köhnə yanaşma hesab olunur. Bu yolda Qərb, Asiyanın inkişaf etmiş ölkələri, Rusiya və digər böyük güclər artıq uğursuzluğa düçar olmuşlar. Onların səhvlərini təkrar etmək heç nə qazandıra bilməz. Məsələn, “Avropasentrizm”, “Amerika dünyası”, “Rusiya dünyası”, “Çin dünyası” və s. təşəbbüslər gözlənilən nəticələri vermir və hətta, müxtəlif xarakterli yeni ziddiyyətlər yaradır. Çünki onların hər birində təşəbbüskar özünü dünyanın mərkəzində görür, əsas nizamyaradıcı və inkişafetdirici faktor olaraq təsəvvür edir. Xüsusilə, mədəniyyət istiqamətində fərqli mədəni dəyərləri arxa planda görür (yəni dil üstünlüyünə, davranış, mənəvi-əxlaqi dəyərlərin hakimliyinə can atır). Əsas səhv bu zaman digər regionların eyni hüquqa və haqqa sahib olmasını qəbul etməməkdən qaynaqlanır. 
İkincisi, regional gücün liderliyi ilə hər bir region qarşılıqlı münasibətlərdə bərabərhüquqlu faktor kimi iştirak edir. Onlar birgə polisentrik mühit yaradırlar. Regionlararası mühit vahid sistem və ya şəbəkə kimi formalaşır. Avrasiya məkanı üçün bu modelin bir sıra xüsusiyyətləri üzərində dayanmaq olar.
Burada ümumi Avropa və Asiya qitələri polisentrik dünyanın təşkiledici faktorları kimi çıxış edirlər. Onlar da öz növbəsində müxtəlif regional və regionlararası geosiyasi konfiqurasiyaların sistemindən ibarət məkan kimi təsəvvür edilə bilər. Hazırda Avrasiyada bu aspektdə bir neçə regional və regionlararası təşkilatlar mövcuddur. Məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT). BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası), Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı (AİƏT), MDB, Türk Dövlətləri Təşkilatı (TDT) və digərləri bu qəbildəndir. Bu kimi təşkilatların artması multiregionallıq prosesini ierarxik (pilləvari) edir. Ümumi səviyyədə isə “poliregionalmərkəzli dünya” yaranmasına doğru aparır. 
Müasir mərhələ üçün xarakterik olan bir məqamı da vurğulamaq lazımdır. Məsələ onunla bağlıdır ki, hər bir regional əməkdaşlıq modeli və regionlararası əməkdaşlıq formasına daha ümumi olan Avropadan Asiyaya və Asiyadan Avropaya yayılan təşkilatlanma nümunələri təsir edir. Məsələn, Çindən “Bir kəmər, bir yol” modeli, Avropadan Aİ, NATO, ATƏT və başqaları hər regional təşkilata öz təsirlərini göstərirlər. Deməli, faktiki olaraq “ikiqat münasibətlər mühiti” yaranır – konkret regionlararası və ümumi Avrasiya miqyasından təsir edən proseslər! Müasir mərhələdə real olaraq geosiyasi mühit bu pilləvari xarakterli təsirlərin kəsişməsində formalaşır. Hər bir regional və regionlararası modelə də məhz həmin kontekstdə baxmaq lazım gəlir.  
Vurğulanan fikirlərin işığında Azərbaycanın postmüharibə dövründə regional və regionlararası miqyaslarda multiregionallıq faktoruna milli ideya bağlılığında verdiyi məzmun aktual və maraqlı görünür. Onun üzərində geniş dayanaq.
Azərbaycan multiregionalizmi
Azərbaycanın siyasətində yer almış multiregionalizmin öz məzmunu vardır. Postmüharibə dövründə onun əsas müəyyənedici faktoru milli ideyanın ərazi bütövlüyünün təmini kimi reallaşmasının nəticəsi olaraq tarixi ədalətin bərpası, milli qürur və beynəlxalq hüququn təmininin qarşılıqlı əlaqəsindən ibarətdir. Ərazi bütövlüyünün bərpası ilə yanaşı, suverenliyin tam təmin edilməsi yeni tarixi mərhələdə xarici siyasətdə multiregionalizmin mahiyyət və məzmununu təşkil edir. 
Araşdırma göstərir ki, Azərbaycan diplomatiyası multiregionalizmin məzmununu iki səviyyədə müəyyən etmişdir. Birinci səviyyə multiregionalizmin alt qatını təşkil edən regional liderliyin daha da gücləndirilməsidir. Onun həyata keçmə istiqaməti isə milli ideyanın ilkin mərhələdə reallaşmasının nəticələri əsasında konkretləşir. Yəni tarixi ədalət, milli qürur və beynəlxalq hüququn sintezi yeni mərhələdə multiregionalizmin struktur və funksional özəlliklərinin bazasını yaradırlar. Onun siyasi-diplomatik təzahürləri multiregionalizmdə vurğulanan dəyərlərin regional miqyasdan regionlararası miqyasa transformasiyasından ibarətdir. Bu o deməkdir ki, Azərbaycan yeni tarixi mərhələdə multiregional əlaqələri regional təşkilatlanmada tarixi ədalətin, milli qürurun və beynəlxalq hüququn təminini əsas təşkiledici prinsiplər kimi rəhbər tutaraq formalaşdırmağa çalışır. Konkret ifadə etsək, belə alınır ki, regional miqyasda təsdiqini tapmış ədalətliliyi, milli qüruru və hüququ Azərbaycan regionlararası mühitə proyeksiya etməyi planlaşdırır. Bu proses özlüyündə milli ideyanın ilkin mərhələsinin əsas nəticələrinin postmüharibə dövründə milli ideyanın məzmununun müəyyən edilməsində rol oynaması deməkdir. Yəni dəqiq olaraq, ənənə saxlanılır, milli ideya daxili məntiqi bağlılıq əsasında yeni mərhələ üçün formalaşır. 
Bununla postmüharibə mərhələsində Azərbaycanın milli ideyasının çox mühüm bir özəlliyi aydın olur. Həmin özəllik belədir: Azərbaycan postmüharibə mərhələsində milli ideyasını güclü regional liderlikdən regionlararası geosiyasi mühitin aktiv oyunçusu statusuna yüksəlmiş yeni güc kimi müəyyən etməlidir. 
Güclü regional liderlikdən regionlararası geosiyasətin güclü oyunçusu olmağa keçid müstəqil dövlətçilik baxımından ciddi keyfiyyət transformasiyasıdır. Bu keçidin istiqamətverici, müəyyənedici və strateji məqsədini formalaşdırıcı faktoru isə milli ideyadır. Obrazlı ifadə etsək, Azərbaycan multiregionallığı özündə postmüharibə mərhələsinin milli ideyasını “daşıyır”. Bu özəllik Azərbaycan multiregionallığının məqsədyönlü və müstəqil dövlətçiliyin inkişafı kontekstində formalaşdığını təsdiq edir. Buradan isə multiregionallıq – milli ideya əlaqələri aspektində maraqlı siyasi-nəzəri qənaətlər alınır.
(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, 
fəlsəfə elmləri doktoru      

Siyasət