Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, 1991-ci il noyabrın 26-da ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində, onun mərkəzi Xankəndi şəhərində ötən əsrin 80-ci illərinin sonlarında etnik ermənilərin separatizm ocağı qalamasına dəstək verənlərin önündə Fransanın getdiyi hər kəsə aydındır.
Bu Avropa ölkəsinin həm dövlət aparatı, həm də onun ayrı-ayrı institutları bədnam “miatsum” planının reallaşması, yəni Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi üçün mümkün olan hər şeyi edirdilər. Belə qurumlardan biri də əsası 1826-cı ildə qoyulmuş, adını fransız dramaturqu Pyer Bomarşenin “Fiqaronun toyu” pyesinin qəhrəmanının adından götürmüş “Fiqaro” (fransızca “Le Figaro” – S.H.) qəzeti idi. Qəzet ənənəsini indi də davam etdirir.
Bugünlərdə “Fiqaro”da “Dağlıq Qarabağın yox olması, reallaşdırıla bilinməyən fransız vədinin xronikası” sərlövhəli məqalə dərc olunub. Mötədil sağçı partiyaların mövqeyini əks etdirdiyi üçün “Liberation”, “Marianne” və digər “solçu” nəşrlər tərəfindən müntəzəm olaraq, tənqidə məruz qalan qəzetin məqaləsi ilə tanış olan kimi, onun yazılmasına kimin, yaxud kimlərin sifariş verdiyini anladıq. Əminliklə və birmənalı şəkildə demək olar ki, məqalənin sifarişçisi Fransa prezidentinin iqamətgahı, yaxud da birbaşa Emmanuel Makronun özüdür. Məqalə, sanki Makrona bəraət qazandırmaq məqsədilə yazılıb. Açıq-aşkar bildirilir ki, Makron Qarabağda qanunsuz xunta rejiminin qalması, separatçıların yaşadığı ərazidə Azərbaycanın dövlət suverenliyinin bərqərar olmaması üçün hər cür səy göstərib. Ancaq onun səyləri heç bir fayda verməyib. Buna sübut kimi, indiyədək açıqlanmayan bir sıra faktlar qeyd olunur.
Digər bir məqam da məqalənin Yelisey sarayından gələn sifariş əsasında yazılmasını təsdiqləyir. Məsələ ondadır ki, “Fiqaro” əvvəllər də Makrona bəraət qazandırmaq üçün bu praktikadan istifadə etmişdi. Rusiya–Ukrayna müharibəsinin başlanmasına bir neçə ay qalmış Moskva və Qərb arasında gərgin diplomatik mübarizə gedirdi. Avropanın aparıcı ölkələrinin paytaxtlarından və Vaşinqtondan Kreml rəhbərinə çoxsaylı zənglər edilirdi. Zəng edənlər arasında təbii ki, Makron da var idi. Yeri gəlmişkən, o, hətta müharibənin başlanmasına 17 gün qalmış – 2022-ci il fevralın 7-də Moskvaya səfər edərək burada rusiyalı həmkarı Vladimir Putinlə müzakirə aparmışdı.
Artıq müharibə başlandıqdan sonra– 2022-ci ilin mart ayında “Fiqaro” qəzeti E.Makron və V.Putin arasında telefon danışıqlarına həsr olunan və bir çox gizli detalların yer aldığı “Onların telefon danışıqlarına nüfuz edirik” sərlövhəli məqalə yayımlamışdı. Həmin məqalədə elə qeydlər var idi ki, onların birtərəfli qaydada yayılması düzgün deyildi. Ancaq “Fiqaro” bununla da kifayətlənməyərək, az sonra fransız prezidentin Rusiya dövlət başçısı ilə söhbətinin stenoqramını yaymışdı. Bu isə diplomatik etiket qaydalarına görə, yolverilməz hərəkət hesab olunurdu. Qəzetin, daha doğrusu, redaksiyaya materialı ötürən Yelisey sarayının həmin addımı presedenti olmayan addım hesab edilirdi.
İndi “Fiqaro”nun Makrona qeyd etdiyimiz kimi, bəraət qazandırmaq üçün yayımladığı yazı bizə istər-istəməz həmin günləri xatırlatdı. Onu da qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Fiqaro” qəzetinin iki ölkə lideri arasında söhbətin məzmununa dair məqalə dərc etməsini yanlış hərəkət adlandırmışdı. O, məqalədə qeyri-dəqiq məlumatlar olduğunu bildirmişdi. Peskov bu məlumatın qəzetə Yelisey sarayı tərəfindən verildiyinə inanmaq istəmədiklərini və bunun diplomatik etikaya uyğun olmadığını vurğulamışdı: “Fransa qəzeti “mötəbər informasiyaya” malik ola bilməzdi və ola da bilməz. Biz inana bilmərik ki, Yelisey sarayı qəsdən iki prezidentin söhbətinin yazısını mətbuata “sızdırıb”. Fransa rəhbərliyi bunu edə bilməz. Biz buna inanmaq belə istəmirik”. Peskov əlavə etmişdi ki, liderlər danışıqlar zamanı bir-biri ilə heç də hər zaman razılaşmır, çünki hər biri öz ölkəsinin maraqlarını müdafiə edir. Lakin bu, dialoqa mane olmur.
Ukrayna məsələsində Makronu “təmizə çıxarmaq” üçün, necə deyərlər, dəridən-qabıqdan çıxan “Fiqaro” indi Qarabağ məsələsində eyni dəstxətti davam etdirir. Yelisey sarayının qəzetə ötürdüyü tezislərdə bir məqsəd güdülür. Bu da ondan ibarətdir ki, Makron Qarabağ məsələsində bütün gücünü ortaya qoyub, komandasını səfərbərliyə alıb, mümkün olan və olmayan hər şeyi edib. Ancaq ona Almaniyadan, Avropa İttifaqının digər ölkələrindən, ABŞ-dan, hətta Roma papasından da dəstək olmayıb. Makron “təkbaşına döyüşüb”, ancaq Qərb dünyasından ona yetərincə dəstək verilməyib, meydanda tək buraxılıb. Nəticədə Azərbaycan 2023-cü ilin sentyabrında “Şərqdə xristianlığın qalalarından biri üzərinə hücuma keçərək” Qarabağın qalan hissəsini də öz ərazisinə qatıb. Məqalənin əsas motivi budur.
Burada əsas məqsədlərdən biri də Fransada yaşayıb fəaliyyət göstərən erməni əsilli vətəndaşların gələcək seçkilərdə səslərini qazanmaqdır. Fransadakı ermənilərin sayının 350-500 min nəfər aralığında olduğu bildirilir. Ən böyük erməni icması əsasən Parisdə (200 min), Lionda (100 min), Marseldə (100 min) və Valansda (100 minə qədər) yaşayır. Sirr deyil ki, erməni əsilli vətəndaşlar siyasi baxımdan aktivdirlər. Onların səsləri bəzən həlledici olur. Makron da belə böyük elektoratı əldən buraxmaq istəmir. Doğrudur, Makron ardıcıl ikinci dəfə prezident seçilib. Onun daha seçilmək şansı yoxdur. Ancaq bununla belə, o, gələcək siyasi karyerasında haylara arxalanmağa çalışır.
Qəzetin yazısında əksini tapan bir məqam da diqqəti cəlb edir. “Fiqaro” yazır ki, Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illərdə Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-ın etirazı səbəbindən baş tutmayıb. Həmin fikri, yəni özünün “ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə lider” olmasını Makron 2022-ci ildə Marseldəki erməni icmasının nümayəndələri ilə görüşündə də bildirmişdi.
Fransa prezidenti özünü Qarabağ ermənilərinin canıyananı kimi göstərsə də məhz onun təxribatçı hərəkətləri üzündən ermənilər 2023-cü ilin sentyabrında bölgəni tərk etməyə məcbur oldular. Onlar Ermənistan və separatçı rejim rəhbərliyi tərəfindən bölgədən çıxarılmağa məcbur edildilər. Onlara vəd verilmişdi ki, ərazidən çıxın, sonradan Azərbaycana təzyiq ediləcək və siz geri qayıdacaqsınız. Ancaq məlum olduğu kimi, bütün bu planlar fiaskoya uğradı. Bu gün Qarabağ ermənilərinin başlarına gələnlər, yaşadıqları aqibət həm də Fransa rəhbərliyinin məkrli və səbatsız siyasətinin nəticəsidir.
Fransanın regionda oynadığı destruktiv rola ən yaxşı qiymətlərdən birini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev verib. O, müəllifi olduğu məqalədə qeyd edib ki, Fransa regionda sülhə dəstək vermək əvəzinə 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlamış və xalqımıza qarşı soyqırımı cinayətləri törətmiş Ermənistanı silah-sursatla təmin edərək orada öz hərbi missiyasını yaratmaqla revanşist hisslərin alovlanmasına rəvac verir, İrəvanı yeni müharibəyə təhrik edir, Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək planını reallaşdırmağa çalışır.
DTX rəisi bildirib ki, Fransa, hətta məqsədinə çatmaq üçün bütün bunlarla kifayətlənməyərək öz xüsusi xidmət orqanı nümayəndələri vasitəsilə müxtəlif şəxsləri məxfi əməkdaşlığa cəlb edib casus şəbəkəsi formalaşdırmaqla Azərbaycanın milli təhlükəsizliyinin əleyhinə fəaliyyət göstərir: “Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu fəaliyyət ifşa olunaraq dərhal və operativ şəkildə zərərsizləşdirilmiş, zəruri və adekvat addımlar atılmışdır. Əməliyyat şəraiti daim nəzarət altında saxlanılmaqla dövlətimizin təhlükəsizliyinə yönələn təhdidlərin qabaqlanması və qarşısının alınması istiqamətində müvafiq tədbirlər bundan sonra da görüləcəkdir. Biz yeni çağırışlara və bölgəmizdə cərəyan edən mənfi təzahürlü proseslərin hər cür ssenarisinə daim hazır olmalı, təhlükəsizliyin etibarlı şəkildə təmin olunması məsələsində ayıq-sayıqlığımızı əldən verməməliyik”.
Mövzu üzrə söhbətləşdiyimiz politoloq Fikrət Sadıxovun sözlərinə görə, “Fiqaro”nun məntiqindən belə çıxr ki, Azərbaycan öz torpaqlarını azad etməməli, Xankəndiyə daxil olmamalı, qeyri-qanuni silahlı dəstələri tərk-silah etməməli idi. O bildirdi ki, bunu etməsəydik, Yelisey sarayının xoşuna gələrdik: “Bu, absurd yanaşmadır. Təbii ki, burada Fransanın, xüsusilə onun rəhbərliyinin Ermənistana sevgisindən əlavə, çox praqmatik düşüncələr və yanaşmalar görünür. Paris Azərbaycanın bölgədə güclənməsindən ciddi şəkildə narahatdır. Üstəlik, Azərbaycan–Türkiyə alyansı böyük qüvvəyə çevrilib və görünür, Fransanı çox qorxudur. Paris bu cür addımlarla bizə öz aləmində ismarıc verməyə çalışır. Bir tərəfdən, guya, bizi neytrallaşdırır, digər tərəfdən Rusiyanı bölgədən uzaqlaşdırır. Amma bu kimi addımlarla belə planlar, təbii ki, həyata keçməyəcək. Çünki dövlət başçımız dəfələrlə bildirib ki, bizim əsas məqsədimiz bölgədə sülhün və təhlükəsizliyin bərpa olunmasıdır. Biz bütün vasitələrdən istifadə edəcəyik ki, bu məqsədə nail ola bilək. Aydındır ki, bu yolda maneçilik törədənlər çox olacaq. Bir tərəfdən Fransa, digər tərəfdən Avropa Parlamentinin deputatları bizə mane olmağa çalışırlar”.
Müsahibimiz qeyd etdi ki, Avropa İttifaqı missiyasının sərhədə yerləşdirilməsi, onun sayının artırılması heç də təsadüfi deyil: “Onlar “binokl diplomatiyası”nın hansısa nəticə verəcəyini düşünürlər. Əminəm ki, bu addımlar qeyd etdiyim məqsədləri güdür və heç biri reallaşmayacaq. Çünki bizə qarşı yönələn bütün addımları və təhlükələri görürük. Özümüzü müdafiə etməyə qadirik və bundan sonra da onlarla çox ehtiyatlı davranacağıq”.
Onu da qeyd edək ki, “Fiqaro” qəzeti 44 günlük Vətən müharibəsi vaxtı– 2020-ci il oktyabrın 24-də Prezident İlham Əliyevdən müsahibə götürmüşdü. Qəzetin müxbiri dövlət başçımıza belə bir təxribatçı sual ünvanlamışdı: “Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?”
Prezident İlham Əliyev isə cavab olaraq demişdi: “Biz sentyabrın 27-də Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan–Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər...”.
Aldığı tutarlı cavaba baxmayaraq, “Fiqaro”nun müxbiri təxribatından əl çəkməmiş və yenə də oxşar suallar vermişdi. Bugünlərdə isə qəzet tarixin arxivinə gömülmüş xunta rejiminin sonuncu “lideri” Samvel Şahramanyana tribuna verib. Separatçıların başçısının qəzetə verdiyi müsahibə Azərbaycan əleyhinə böhtanlarla doludur. O, qondarma qurumu ləğv edən “fərman”ından da danışıb. Baş separatçı “fərmanı” imzalamasına baxmayaraq, qondarma qurumun öz mövcudluğunu saxladığını iddia edib. Deyib ki, qüvvələr balansı Azərbaycan Ordusunun xeyrinə olduğu üçün bu addımı atmağa məcbur olub. Belə bir qəzetdən, faktiki olaraq, separatçılara tribuna verən nəşrdən bundan artığını gözləməyə dəyməzdi...
Səxavət HƏMİD
XQ