I MƏQALƏ
Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Mədəniyyət və intellekt əsrində elm
Rəqabətə davamlı inkişafda qərarlı olan hər bir müstəqil dövlət üçün elm mədəniyyət və intellekt əsrində strateji əhəmiyyət kəsb edir. Hətta, müəyyən mənada, elmi inkişaf XXI əsrdə müstəqil dövlətçiliyin, suverenliyin və davamlı tərəqqinin əsas qarantıdır. İnsan fəaliyyətinin bir-biri ilə tarixdə görünməmiş səviyyədə, əhatədə və dərinlikdə qarşılıqlı təsirlərdə olduğu indiki mərhələdə intellektual fəaliyyət ön plana çıxmışdır.
Təsadüfi deyildir ki, elmin strateji planlaşdırılmasında dünyanın ən qabaqcıl ölkələrinin qəbul etdikləri inkişaf konsepsiyalarında süni intellekt məsələsi ilk sırada yer alır. Bunun fonunda kiberfiziki texnikanın, yeni informasiya-kommunikasiya texnologiyalarının, rəqəmsal idarəetmənin inkişaf etdirilməsi xüsusi vurğulanır. Keçən əsrin ikinci yarısından başlayaraq elmi konsepsiyalarda və elmin fəlsəfəsndə əsas tezislərdən biri olan “cəmiyyətin ayrı-ayrı sahələrini inkişaf etdirmək stratejisi deyil, onların bir-biri ilə harmoniyada inkişafı real müsbət nəticələr verə bilər”– fikri hazırda özünü yeni səviyyədə təsdiq etməkdədir.
Bu “yeni səviyyə” toplumun və dövlətin davamlı, dayanıqlı və konstruktiv inkişafı üçün elmmərkəzli yeniləşmələrin özünütəşkil formasında cəmiyyətin bütün fəaliyyət istiqamətlərini əhatə etməsi zərurəti ilə bağlıdır. Elmsiz sosio-mədəni, sosial tərəqqi olmadan davamlı və müsbət nəticəverici elmi inkişaf mümkün deyildir! Üstəlik, bu özəlliyin iki miqyasda qarşılıqlı əlaqəsi Azərbaycan üçün vacib tələbə çevrilmişdir: birincisi, ölkədaxili səviyyədə elmi tərəqqi, ikincisi isə ölkədaxili elmi inkişafın qlobal miqyasda elmi inkişafla uyğunlaşdırılmasıdır.
Bu iki miqyasın uyğunlaşması məsələsi də ciddi elmi problemdir. Burada elmi fəaliyyətin təşkilindən, fərdi səviyyədə yaradıcılığın stimullaşdırılmasından tutmuş, kollektiv olaraq səmərəli araşdırmalar aparmağa maksimum şərait yaradan elmi institutlaşmaya qədər geniş çeşidli vəzifələr qarşıya çıxır.
Alimləri innovativ yaradıcılığa yönəltmək, bunun üçün uyğun mühit formalaşdırmaq, alınan nəticələrin topluma tətbiqi üçün çevik sistem yaratmaq hər bir müstəqil dövlət üçün prioritet istiqamətlərdən birinə çevrilmişdir. AMEA Azərbaycanda vurğulanan aspektdə elmi fəaliyyətin nəzəri-konseptual və feili stimulvericisi, onu praktiki reallaşdıran başlıca elmi strukturu və strateji dövləti orqandır! Bu anlamda Elm Günü həm də AMEA-nın bayramıdır! Təsadüfi deyildir ki, Prezident İlham Əliyev 2018-ci il aprelin 9-da mart ayının 27-nin Azərbaycanda “Elm Günü” elan edilməsi ilə bağlı Sərəncamı həm də AMEA-nın təsis edilməsi tarixini nəzərə alaraq imzalamışdır.
Bu fikirlərin işığında 2024-cü ildə Elm Günündən AMEA-nın son birillik fəaliyyətinə və planlaşdırılan gələcək fəaliyyət istiqamətlərinə nəzər salmağa qərar verdik.
Ümumi yığıncaqda səslənən məqamlar
Bu il fevralın 29-da AMEA Rəyasət Heyətində keçirilən ümumi yığıncaq hesabat xarakterli idi. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin məruzəsindən aydın oldu ki, ölkənin baş elmi təşkilatı Prezident İlham Əliyevin müəyyən etdiyi istiqamətlər üzrə müstəqil dövlətçiliyə xidmət etməkdə israrlıdır. AMEA-nın fəaliyyətinin ümumi fəlsəfəsini, ideoloji və təşkilati ana xəttini dövlət başçısının müəyyənləşdirdiyi inkişaf kursunun ümumi müddəaları və ayrıca Prezident İlham Əliyevin elmlə bağlı verdiyi sərəncamlar təşkil edir.
AMEA rəhbəri aydın və qəti şəkildə təşkilatın fəaliyyətinin məhz bu çərçivədə inkişaf etdiriləcəyini ifadə etdi. Belə aydın oldu ki, artıq AMEA-nın fəaliyyəti tam olaraq Azərbaycanın müstəqil dövlətçiliyinin strateji inkişafı kontekstində, insan faktoru və müstəqil dövlətçiliyin davamlı inkişafı mərkəzdə olmaqla, intellektual tərəqqi müstəvisinə keçirilmişdir. Təşkilatın 2023-cü il hesabatına və planlaşdırılan fəaliyyət istiqamətlərinə bu prizmadan baxmaq zəruridir.
Ümumi səviyyədə AMEA-da elmi tədqiqatların istiqamətləri belə müəyyənləşdirilmişdir: “Elmin müxtəlif sahələri üzrə tədqiqatların genişləndirilməsi, müasir təfəkkürlü, kreativ düşüncəli və vətənpərvər gənclərin vaxtında elmi araşdırmalara cəlb edilməsi, elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizminin yaradılması, yüksək texnologiyaların xüsusən, süni intellekt texnologiyalarından istifadə imkanlarının artırılması, azərbaycançılıq ideologiyasının, multikulturalizm siyasətinin tədqiqi, milli-mənəvi dəyərlərin araşdırılması dövlətin elmi fəaliyyət sahəsindəki siyasətinin mühüm istiqamətlərini təşkil edir”.
Burada AMEA-nın fəaliyyəti nəzərdə tutulan bütün istiqamətlər üzrə lakonik ifadə edilmişdir. Bu istiqamətləri məntiqi strukturlaşdırsaq, görə bilərik ki, ölkənin strateji inkişaf kursunun ruhuna, reallaşma proqramlarının məzmununa tam uyğun olaraq, elmi fəaliyyətin stimullaşdırılması, onun təşkili və müxtəlif sahələr üzrə tədqiqat istiqamətlərinin müəyyən edilməsi XXI əsrin tələbləri səviyyəsində müəyyən olunmuşdur.
Kreativ düşüncəli gənclərin elmə cəlb edilməsi, elmi tədqiqatların rəqabətədavamlı olması, elmin maliyyələşdirilməsi və yüksək texnologiyalardan (ayrıca, süni intellektdən) istifadə cəmiyyətin sosial, mənəvi-əxlaqi və ideoloji (azərbaycançılıq, multikuturalizm, milli-mənəvi dəyərlərin araşdırılması timsalında) faktorları ilə vəhdətdə AMEA tarixində ilk dəfədir ki, geniş interdisiplinar yanaşma əsasında fəaliyyətin ümumi konsepsiyasına daxil edilir.
İnterdisiplinarlıq yeni səviyyədə
Əlbəttə, öncəki mərhələlərdə də bu istiqamətdə addımlar atılırdı. Lakin indi məsələyə çoxparametrli məntiq əsasında (buna sinergetik ruhlu “multifraktal məntiq” də demək olar) elmi tədqiqatların Azərbaycanın strateji inkişaf konsepsiyası çərçivəsində fənlərarası yanaşma müstəvisində baxılır. Burada ölkənin strateji inkişaf kursu ilə elmi tədqiqatların təşkili, aparılması, alınan nəticələrin praktiki sahədə funksionallaşması arasında real bağlantının mümkünlüyünü sübut etmək üçün “multifraktal məntiq” anlayışına qısa izah vermək gərəkdir.
Öncə, onu vurğulayaq ki, “multifraktal məntiq” anlayışı üzərində israrçı deyiləm. Başqa terminoloji ifadələr də mövcuddur və onlarda əhəmiyyətlidir. Lakin AMEA-nın elmi tədqiqatların fənlərarası yanaşma kontekstində fəaliyyətinin ölkənin strateji inkişafı ilə bağlı vacib bir özəlliyini “multifraktallıq” termini ilə daha dolğun ifadə edilməsi mümkünlüyünü istisna etmirik. “Fraktallıq” termini hər hansı obyektin müəyyən fasilələrlə özünü struktur-funksional mövcudluğunda tam oxşar olaraq təkrarlığını ifadə edir (termin fizika qaynaqlıdır). “Multifraktallıq” isə müxtəlif təkamül dinamikasına malik olan mürəkkəb sistemdə çox sayda fraktalların ortaq ritmdə təkamülünü nəzərdə tutur.
Elmi yaradıcılıq fərdi və kollektiv səviyyədə müxtəlif fraktal davranışların bir-biri ilə ortaq ritmə gətirilməsi kimi təsəvvür edilə bilər. Bura, bütövlükdə, cəmiyyəti, dövləti və ölkəni əhatə edən faktorları da əlavə etdikdə kifayət qədər mürəkkəb mənzərə alınır. Məsələn, “yaradıcılığın sırf idraki aspekti ilə sosial, iqtisadi, energetik, idarəetmə və ya hüquqi legitimlik sferaları arasında nəticəverici bağlantıları nəzəri-konseptual müstəvidə necə müəyyən etmək olar” tezisi aktuallaşır.
AMEA-da bu ümumi tezisin konkret ifadəsi elmi fəaliyyətin fərdi təşkili ilə kollektiv təşkilində, təşkilatın ayrı-ayrı institutları arasında fəaliyyətin uğurlu koordinasiyasında, sırf idraki fəaliyyətlə ölkənin bütün istiqamətlərdə davamlı və sistemli inkişafı arasında praktiki nəticə verə biləcək ahəngdar inkişafın təmin edilməsində tapır. Bunun üçün, təbii ki, çox sayda parametrə eyni məntiqi çərçivədə baxmağa imkan verən xüsusi yanaşma lazımdır. “Multifraktal məntiq” buna xidmət edə bilər.
Lakin məsələnin bu aspektdə real məzmun kəsb etməsi son dərəcə mürəkkəb prosesdir. Buna görə də AMEA rəhbərliyinin həmin istiqamətdə atdığı addımları çox cəsarətli və perspektivli hesab etmək olar. Başqa yol yoxdur və Azərbaycanın inkişafının yeni tarixi mərhələdə daha uğurlu olması üçün bu cür cəsarətli addımlara ehtiyac yaranmışdır!
2023-cü ildə AMEA-da həyata keçirilən fəaliyyət proqramlarının ümumi xarakteristikası təşkilatda fənlərarası fəaliyyətdə yeni mərhələyə qədəm qoyulmasının ümumi fəlsəfi və feili əlamətlərini aydınlaşdırır. Ümumi yığıncağın qərar layihəsində deyilir: “2023-cü il Azərbaycan elmi, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyası üçün də uğurlu olmuşdur. Həyata keçirilən çoxşaxəli islahatların miqyasına görə 2023-cü il Azərbaycan Milli Elmlər Akademiyası üçün yeni yüksəliş mərhələsi kimi xarakterizə olunur. AMEA-da həyata keçirilən islahatlar elektron elmin inkişafı, beynəlxalq elmi əlaqələrin yeni ideoloji prinsiplər əsasında qurulması, xüsusən, türk dövlətləri və onların elmi qurumları ilə əlaqələrin gücləndirilməsi, akademiyanın nüfuzlu beynəlxalq qurumlara üzvlüyünün təmin edilməsi, elmi istiqamətlərlə elmi müəssisələrin strukturu arasında optimal struktur modellərinin müəyyənləşdirilməsi, bir sıra institutların adlarının və fəaliyyət istiqamətlərinin dəyişdirilməsi, paralelliklərin aradan qaldırılması və s. istiqamətləri əhatə edir”.
Deməli, yeni fəaliyyət xəttinin nəzəri və praktiki bazası artıq yaradılmışdır. Bundan sonra, məncə, daha məsuliyyətli və çətin mərhələ başlanır. Bu nəticəni əsasən iki səbəbdən çıxarırıq.
Birincisi, postsovet məkanında belə təcrübə yoxdur. Məsələ hansısa dövlətin zəif və ya güclü elmi kurs seçməsi ilə bağlı deyildir. Və kimsə bizim seçimimizi fövqəladə bənzərsiz kimi tədqim etmək fikrinə düşmür. Məsələnin məğzi ondan ibarətdir ki, Azərbaycan bir tərəfdən ölkədaxili mühitdə elmi araşdırmaların təşkili və alınan nəticələrin tətbiqi sferalarında yenilik etməli, digər tərəfdən isə xarici elmi strukturlarla əməkdaşlığı elə qurmalıdır ki, ölkənin strarej inkişaf kursuna xidmət etsin.
İkincisi, Azərbaycanın strateji inkişaf kursu digər dövlətlərdən fərqləndiyindən burada təcrübə mübadiləsi də incə seçim tələb edir. Düşünürük ki, həmin bağlılıqda AMEA rəhbərliyinin Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin elmi strukturları ilə əlaqələrə strateji əhəmiyyət verməsi olduqca doğru seçimdir.
“Beynəlxalq əməkdaşlıq dördbucağı” – AMEA-dan yeni nümunə
Bu baxımdan qərar layihəsində “Beynəlxalq əlaqələrin inkişafı istiqamətində islahatlar çərçivəsində AMEA-nın elmi müəssisələri ilə Beynəlxalq Türk Akademiyası, Türkiyə Elmlər Akademiyası, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, TUBİTAK və Orta Asiya respublikalarının elmlər akademiyaları arasında elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların, digər elmi və elmi-təşkilati tədbirlərin həyata keçirilməsi davam etdirilsin” və “Azərbaycan Milli Elmlər Akademiyasının üzvü olduğu beynəlxalq elmi qurumlar – Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyası (AASSA), Avrasiya Universitetlər Birliyi ilə elmi əməkdaşlığının daha da genişləndirilməsi, birgə proqramlarda fəal iştirakın təmin edilməsi istiqamətindəki fəaliyyət davam etdirilsin”, kimi punktların yer alması təqdirəlayiqdir.
Təbii ki, AMEA rəhbərliyi Rusiya elmi təşkilatları ilə ənənəvi olan əməkdaşlığa da ciddi diqqət yetirməkdədir. Bununla AMEA, fikrimcə, maraqlı və əhəmiyyətli “beynəlxalq əməkdaşlıq dördbucağı” yaradır: AMEA–TDT elmi strukturları–Qərb elmi strukturları–Rusiya elmi təşkilatları.
Bu yeni əməkdaşlıq şəbəkəsi AMEA-nın qarşıya qoyduğu fəaliyyət fəlsəfəsinin məzmunundan qaynaqlanır. O fəlsəfənin başlıca tezisini belə təsəvvür etmək olar: Azərbaycanın müstəqil strateji inkişafına xidmət edə biləcək dünya miqyasında hər bir elmi strukturla konkret nəitcəverici əməkdaşlıq proqramlarını həyata keçirmək.
Eyni zamanda, bu prosesin ayrıca Azərbaycan miqyası ilə Türk Dövlətləri Təşkilatı miqyasında fəaliyyətlə uyğunlaşdırılaraq aparılması xüsusi məna kəsb edir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru