Qars–İğdır–Aralık–Dilucu dəmir yolu xəttinin təməli qoyulub

post-img

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu dünən Qars–İğdır–Aralık–Dilucu dəmiryol xəttinin Naxçıvan Muxtar Respublikası sərhədinə qədər uzanan birinci hissəsinin təməlqoyma mərasimində bildirib ki, polad magistralın uzunluğu 224 kilometr təşkil edəcək. Bu dəmir yolu xətti ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq gücündə olacaq.

Qeyd edək ki, tikintisi 5 il müddətinə nəzərdə tutulan infrastrukturun texniki layihəsinə əsasən, ikixətli yol tam elektrikləşdiriləcək, qatarlar uzunluğu 224 kilometr olan xəttin əsas hissələrində saatda 160 kilometrə qədər sürətlə hərəkət edəcək. Layihənin həyata keçirilməsi üçün 10  körpü konstruksiyası, o cümlədən ümumi uzunluğu 2,8 kilometr olan 3 tağvari viyadük, eləcə də ümumi uzunluğu 11,3 kilometr olan 5 tunel  tikiləcək. Türkiyə hissəsində 5 stansiyanın – Digör, Tuzluca, İğdır, Aralıq və Dilucunun tikintisi də həyata keçiriləcək. Marşrut 2030-cu ilə qədər tam istifadəyə veriləcək.  

Qeyd edək ki, layihə çətin geodeziya şəraitində reallaşdırılacaq. Onilliklər ərzində mütəxəssislər yüksək qiymətə və şübhəli rentabelliyə işarə edərək, onun mümkünlüyünə şübhə edirdilər. Lakin Cənubi Qafqazda indiki dövr münaqişələrlə deyil, iqtisadi inteqrasiya ilə əlamətdardır. Yeni texnologiyalar tikintini daha az xərclə həyata keçirməyə imkan verir və Ermənistan – Azərbaycan münaqişəsi başa çatdığı üçün ölkəmiz  sərhədi boyunca keçid marşrutunun yaranması layihəsini Orta Dəhlizin sərfəli elementinə çevirir.

Türkiyənin Maliyyə Nazirliyi layihə üçün artıq xarici mənbələrdən 2,4 milyard avro cəlb edib. Müqavilə İslam Bankının, eləcə də İsveç və Avstriyanın EKN və OeKB investisiya fondlarının daxil olduğu Yaponiyanın MUFG bankının rəhbərlik etdiyi kreditorlar qrupu ilə imzalanıb.

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində dəmir yolu keçidi tikiləcək. Bununla paralel olaraq Vəlidağ-Ordubad hissəsində ikinci yol da çəkiləcək. İran üçün qovşaq kimi strateji əhəmiyyət daşıyan Culfa dəmir yolu qovşağı da modernləşdiriləcək. 

Təxminən 110 kilometr uzunluğunda olan Horadiz – Füzuli – Ağbənd dəmir yolunun Ermənistanla sərhədə qədər hissəsinin tikintisi isə Azərbaycanda davam etdirilir. İşlərin gələn ilin birinci yarısında başa çatdırılması planlaşdırılır. Tikintinin həcmi və dəyəri baxımından ən kiçik hissəsi Ermənistan ərazisində olacaq. Beləliklə, marşrutun 2030-cu ilə qədər tam istifadəyə verilməsi planlaşdırılır.  

Layihənin iqtisadi əhəmiyyətini yüksək dəyərləndirən ekspertlər də hesab edirlər ki, Orta Dəhlizə yeni nəfəs verən yeni dəmiryol xətti Dilucudan Qarsa səyahət müddətini 85 dəqiqəyə endirəcək. Bu da həm sərnişinlər, həm də yük daşımaları üçün böyük rahatlıq yaradacaq. Bununla yanaşı, layihənin icrası regional ticarət və inkişafa təkan verəcək. Belə ki, tikinti mərhələsində bölgədə iş yerləri artacaq və yerli bizneslər üçün yeni gəlir mənbələri yaranacaq. 

Ekspertlərin gəldiyi daha bir qənaət ondan ibarətdir ki, bu strateji layihə Naxçıvanla Türkiyə arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcək və regionu müasir İpək Yolunun bir hissəsinə çevirəcək. Bütün bunlar isə regional ticarət üçün yeni perspektivlər açacaq. Belə ki, layihə yerli iqtisadiyyata töhfə verməklə yanaşı, həm də beynəlxalq yükdaşıma və ticarət marşrutlarını dəstəkləməklə Avropa və Asiya arasında yeni körpü rolunu oynayacaq. 

Bütövlükdə isə, Bakı – Tbilisi – Qars dəmir yolu xətti ilə inteqrasiyası planlaşdırılan bu marşrut iki qitə arasında ticarət əlaqələrini genişləndirəcək, beynəlxalq yük daşımalarında yeni perspektivlər yaradacaq, beynəlxalq ticarət və logistika sahəsində mühüm dönüş nöqtəsi olacaq.

İqtisadiyyat