“Fəvvarələr meydanı” “Qış parkı”na qovuşacaq
Ölkə Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması yönündə geniş abadlıq-quruculuq işləri davam etdirilir. Paytaxtın iki geniş piyada zonası olan “Fəvvarələr meydanı” və “Qış Parkı”nın optimal şəkildə birləşdirilməsi imkanları təhlil olunub və layihə hazırlanıb.
Yaxın günlərdə şəhər sakinləri və qonaqların ən çox üz tutduğu məkanlardan biri olan İslam Səfərli küçəsi ilə bağlı mütəxəssislər tərəfindən dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, 19-20-ci əsrlərə aid tarixi tikililərin əhatəsində olan İslam Səfərli küçəsi avtomobillərin xaotik hərəkəti səbəbindən heç bir tranzit əhəmiyyət daşımır. Avtomobil sıxlığı sakinlərə və şəhərimizə gələn turistlərə bu küçədə yerləşən tarixi abidələrlə tanış olmaqda çətinlik yaradır. İslam Səfərli küçəsində səkilərin dar, piyada axınının isə çox olması səbəbindən bu ərazi faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları tərəfindən geniş istifadə olunur.
Bütün bunları nəzərə alaraq piyadalar arasında populyar ərazilər olan “Qış Parkı” və “Fəvvarələr meydanı”nı əlaqələndirmək məqsədilə İslam Səfərli küçəsinin tamamilə piyadalaşdırılması nəzərdə tutulur. Layihə, həmçinin ərazidə mövcud olan ticarət fəaliyyətinin inkişafına şərait yaradacaq, sakinlərin və turistlərin tarixi abidələrə marağını, gəzinti zamanı insanların təhlükəsiziyini artıracaq.
Layihə çərçivəsində İslam Səfərli küçəsinin digər küçələrlə kəsişdiyi yerlərdə avtomobillər üçün xüsusi təhlükəsiz keçidlər də yaradılacaq. Bəzi parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət avtomobillərinin küçəyə daxil olması üçün şərait yaradılacaq.