Dövlət idarəetməsində sinerji və innovativlik

post-img

IV məqalə

İctimai ekspertizanın həyata keçirilməsi

Süni intellekt Strategiyasının dövlət orqanları tərəfindən ekspertizasının təşkili çox mühüm faktordur. Bundan əlavə, daha geniş ictimai dairədə süni intellektin sosiuma tətbiqinin nəticələrini qiymətləndirmək gərəkdir. Süni intellekt elə bir fenomendir ki, bütövlükdə ictimai mühitdə çox fərqli mənzərə yarada bilər. Bu prosesin cəmiyyətdə hansı dəyişiklikləri edə biləcəyinin ictimai ekspertizası əhəmiyyətlidir.

Burada önə çıxan üç vacib faktoru vurğulamaq lazım gəlir. 

Birincisi, bütün dövlət orqanları vahid məqsəd ətrafında birləşməlidirlər. Onlar məqsədə çatmağın aydın strategiyasına malik olmalıdırlar. 

İkincisi, müasir rəqəmsal texnologiyalardan təşkilatlar arasında qarşılıqlı əlaqələrin səmərəliliyini artırmaq və daha çevik kommunikativ mühit formalaşdırmaq üçün istifadə etmək zəruridir. 

Üçüncüsü, uğurlu birgə fəaliyyət üçün əməkdaşlığa hazırlıq, təşkilatların bir-birinə etibarı və hörməti olmalıdır. 

Bu üç faktor özlüyündə dövlət və özəl sektor arasında əməkdaşlığın təminini,  akademik və elmi tədqiqatların gücləndirilməsini və innovasiya mühitinin dəstəklənməsini ehtiva edir. 

Daha ümumi səviyyədə məsələ bütövlükdə dövlət xidməti institutunun transformasiyası ilə bağlıdır.   

Dövlət xidməti institutunun transformasiyaları

XIX əsrin sonu – XX əsrin əvvəllərində rasional bürökratiya konsepsiyası meydana gəlmişdir. Bir sıra tədqiqatçı bu konsepsiyanın Hegel fəlsəfəsinin təsiri altında yarandığını yazır. Rasional bürokratiya konsepsiyası siyasi-inzibati dixotomiya prinsipinə əsaslanır. Yəni dövlət xidməti institutunda qərar qəbuletmə funksiyası onların icrasından ayrılır. XX əsrdə siyasi rejimdən asılı olmayaraq bütün dövlətlər bürokratiya konsepsiyasından istifadə etmişlər. Lakin təcrübə göstərdi ki, bu konsepsiya çərçivəsində bürokratiyanı tam rasionallaşdırmaq mümkün deyildir.    

Artıq XX əsrin ortalarına aydın olmuşdu ki, karyer bürokratiyası müstəqil siyasi aktor kimi çıxış edir və öz maraqlarına xidmət edir. Bu da sosial ədaləti pozur ki, qeyri-rasional davranmaq deməkdir. Nəticədə avtonom funksiyalı firmalar önə çıxmağa başladı. Onlar bazarda rəqabət əsasında inkişaf edirdilər. Yekun olaraq bu proses dövlət xidmətində yeni konsepsiyanın – yeni dövlət idarəetməsi və dövlət menecmentini (New Public Management) formalaşdırdı. Burada aparıcı rolu rəqabət faktoru oynayırdı. Həmin çərçivədə dövlət-cəmiyyət münasibətləri daha da aktuallaşdı. Dövlətin iqtisadiyyata müdaxiləsi, mərkəzləşməni zəiflətmək kimi tendensiyalar üstünlük təşkil etməyə başladı.  

Dövlət xidməti institutunda XXI əsrin əvvəllərinə qədər dövlət menecmenti üstünlük təşkil etdi. Tədricən dövlət idarəetməsinin firmaların idarə edilməsindən prinsipial fərqləri olduğu aydınlaşdı. Dövlətlə cəmiyyət arasında müəyyən  uçurum yarandı. Meydana elə problemlər çıxdı ki, yeni dövlət xidməti konsepsiyasına ehtiyac aydın görünməyə başladı. Dövlət menecmentinin konseptual çərçivələri isə getdikcə daha çox yayğınlaşdı.  

Bütün bunlar XXI əsrdə bir mühüm həqiqəti daha da aktuallaşdırdı: dövlət xidmətində başlıca məqsəd kimi ayrı-ayrı müstərilərin maraqları deyil, bütövlükdə cəmiyyətin inkişafı əsas diqqət mərkəzində olmalıdır. Lakin “bütövlükdə cəmiyyətin inkişafı” termini həm əhatəlidir, həm də mürəkkəb ierarxik struktura malik məfhumdur. Buradan da yeni konsepsiyanın başlıca əlaməti yaranır. 

Yeni konsepsiyanı sosial-dövləti idarəetmə kimi adlandırırlar (Good Governance). “Governance” anlayışı 1997-ci ildə BMT-nin İnkişaf Proqramında işlədilmişdir. Bu proqramın başlıca xüsusiyyəti dövlətin cəmiyyətin bütün sferaları üzrə sinxron inkişafına müxtəlif proqram və siyasi kurslar sayəsində nail olmaqdan ibarətdir. Son məqsəd cəmiyyətin bütün üzvlərinin yüksək rifahına çatmaqdır. Bu prosesdə hakimiyyət institutlarının cəmiyyət qarşısında hesabatlılığı və qərar qəbul edilməsində vətəndaşların iştirakı xüsusi yer tutur.        

Biz burada dövlət xidməti konsepsiyasının transformasiyasının nəzəri təqdimatını dayandırırıq. Çünki əsas məqsəd Azərbaycan üçün praktiki əhəmiyyəti olan, lakin konseptual mahiyyət daşıyan məqamların aydınlaşması ilə bağlıdır. Bu məqsədin işığında aydın olur ki, Azərbaycan üçün yeni dövlət xidməti konsepsiyası çərçivəsində bütün dövlət orqanlarının sinergizm əsasında birgə fəaliyyəti nəticəsində sinerji yarada bilməsi başlıca və əsas şərtdir. Buna görə də dövlət xidməti konsepsiyasına bu prinsip kontekstində nəzər salaq. 

Dövlət qurumları arasında əlaqələr

Dövlət təşkilatları arasında sinxron (sinergizm prinsipi üzrə) əlaqələrin qurulması yaradıcı yanaşma tələb edir. Onu iki mərhələyə bölmək olar. 

Birinci mərhələdə hər bir dövlət təşkilatı idarəetməni təkmilləşdirmək və başqa təşkilatlarla harmonik əlaqələr qurmaq imkanları baxımından özünün strateji fəaliyyət konsepsiyasını hazırlamalıdır. Konsepsiya Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf kursu çərçivəsində olmalıdır. Yəni öncədən müxtəlif dövlət qurumlarının (nazirliklər də daxil olmaqla) vahid sistemin tərkib hissələri kimi fəaliyyət göstərməsinin ümumi sistem sərhədləri məlumdur – o, dövlət başçısının müəyyən etdiyi strateji inkişaf konsepsiyasından irəli gələn şərtlərdir. 

İkinci mərhələdə dövlət təşkilatları strateji konsepsiyaların vahid baxış bucağı altına gətirilməli və konkret problemlər üzrə sistemli fəaliyyət göstərmənin üsulları müəyyən edilməlidir. Bu proses sinergizm prinsipi əsasında sinerjinin yaranması məqsədi ilə həyata keçirilməlidir. 

Belə alınır ki, dövlət qurumları strateji fəaliyyət konsepsiyalarını hazırlamalıdırlar ki, sonrakı mərhələdə onların sistemli fəaliyyətinin modelini hazırlamaq imkanı yaransın. Təcrübədə bu məqsədin həyata keçməsinin mövcud nümunələrində riyazi modelləşdirmə ayrıca yer tutur. Dinamik sistem nəzəriyyəsi və qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə etmək olur. Xüsusilə, daha çevik və çoxlu sayda ssenarilərin nəzərə alınmasına imkan verən qeyri-səlis məntiq nəzəriyyəsinin daha səmərəli olduğu qənaəti vardır. 

AMEA nümunəsi

Hələlik AMEA vurğulanan aspektlərdə dövlət idarəetməsinin sinergizmi baxımından seçilir. Bu elmi təşkilatın yeniləşmə kursunda strateji fəaliyyət konsepsiyası və Yol Xəritəsi hazırlanmışdır. Həmin sənədlərdə AMEA-nın qarşıdakı 5 il müddətində elmi fəaliyyətinin bütün istiqamətləri müəyyən edilmişdir. Orada digər dövlət təşkilatları ilə sinxron fəaliyyət mühüm yer tutur. O cümlədən, Elm və Təhsil Nazirliyi ilə qarşılıqlı əlaqədə fəaliyyət ayrıca əhəmiyyət kəsb edir. Bu prosesin reallaşması üçün həmin nazirliyin də strateji fəaliyyət konsepsiyası hazırlaması lazım gəlir. Dövlətin iki mühüm təşkilatı yuxarıda vurğuladığımız aspektdə dövlət idarəetməsinin elm və təhsil sahələrində sinerji yaradılmasına nail ola bilərlər. Əlbəttə, bu prosesə digər dövlət təşkilatları da qoşulmalıdırlar. Bütövlükdə, bütün qurumların vahid özünüinkişaf etdirən sistem kimi fəaliyyət göstərmələri həyata keçə bilər.   

Strateji baxış

Dövlət idarəetməsi özlüyündə çox mürəkkəb və müxtəlif aspektli prosesdir. Onu bütün incəlikləri ilə dövlətin başçısı bilir və reallaşdırır. Eyni zamanda, bu prosesdə ölkənin ziyalı təbəqəsi və bütövlükdə cəmiyyət liderə mütləq dəstək verməlidir. Yəni indiki mərhələdə başlıca faktorlar sırasında hakimiyyət-cəmiyyət birliyi xüsusi rol oynayır. Dövlət idarəetməsinə strateji baxışın XXI əsrin tələbləri işığında əhəmiyyətli cəhətlərindən biri bundan ibarətdir. 

Dövlət təşkilatları arasında vahid məqsəd uğrunda birgə fəaliyyətin sistemli təşkili olduqca vacibdir. Dövlətin idarəetmə fəlsəfəsinin yeniləşməsində bu məqam ciddi yer tutur. Məsələ Azərbaycanın strateji inkişaf konsepsiyasının başlıca hədəfləri ilə sıx bağlıdır. 2030-cu ilə Azərbaycanda qüdrətli dövlət və yüksək rifah cəmiyyətinin formalaşmasına dövlət təşkilatlarının vahid orqanizm kimi çalışması müəyyənedici təsir göstərə bilər. 

Başqa tərəfdən, idarəetməyə strateji baxışda dövlət-cəmiyyət qarşılıqlı əlaqəsi ayrıca aktuallıq kəsb edir. XXI əsrin gerçəklikləri göstərir ki, dövlətlə cəmiyyət arasında əlaqələr daha sıx xarakter almalıdır. Strateji aspektdə onların hədəfləri harmoniya təşkil etməlidir. Resentiment tendensiyanın gücləndiyi bir mərhələdə dövlət-cəmiyyət münasibətlərində məqsəd birliyinə nail olmaq çətin problemdir. Burada sözdə deyil, əməldə həmrəylik yaranmalıdır. Yalnız bu şərt ödəndikdə sinerji dövlət idarəetməsinin səmərəliliyinin artırılması faktoru rolunu oynaya bilir.

Dövlət təşkilatlarının sinergetik fəaliyyəti bu prosesə ciddi təkan verə bilər. Çünki sinerji və sinergizm sosial hadisə kimi bütün hallarda dövlət-cəmiyyət birliyinin təmin edilməsini nəzərdə tutur. Bütövlükdə ölkənin özünüinkişaf etdirən vahid sistem kimi təsəvvürü bu məqamdan çox asılıdır. 

Deməli, biz ölkəni dövlət və cəmiyyət olaraq iki altsistemin vəhdəti kimi təsəvvür etsək, onda sinergizm onun təşkilati fəlsəfəsinin təməli, sinerji isə funksionallığın başlıca parametri olaraq qəbul edilə bilərlər. 

Məsələnin bu cür qoyuluşunun perspektivinə olan inam 2021-ci ildə hazırlanmış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin müddəalarında yer almış fikirlərdən qaynaqlanır. Həmin sənəddə vurğulanır: “Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir”.

Bu məqsədə çatmağın strategiyası kontekstində sənəddə daha sonra ifadə edilir: “...Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir”.

Beləliklə, “cəmiyyət-biznes-dövlət üçlüyü” anlayışı artıq dövlət idarəetməsində rəsmi status almış ifadədir. “Üçlük” dövlətin bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi istiqamətlərinin sinergizmi əsasında konkret məzmun ala bilər. Bu anlam da artıq dövlətin strateji inkişaf konsepsiyasında dəqiq anlayış kimi yerini tutmuşdur. İndi əsas məsələ dövlət təşkilatlarının öz istiqamətləri üzrə strateji yeniləşmə konsepsiyalarını müəyyən edərək, qarşılıqlı əlaqədə “böyük sinerji” yaratmaqdan ibarətdir. 

Füzuli Qurbanov, 
XQ-nin analitiki,  fəlsəfə elmləri doktoru

 

Siyasət