Qlaukomatoloqlarının VII elmi-praktik konfransı

post-img

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində Azərbaycan Qlaukomatoloqlarının VII elmi-praktiki konfransı keçirilib.

Konfransın keçirilməsində məqsəd qlaukoma xəstəliyinin müasir diaqnostika və müalicə üsullarının müzakirəsi, bu sahədə əldə olunan son elmi nailiyyətlərin paylaşılması, həmçinin müxtəlif ölkələrdən olan mütəxəssislər arasında elmi və praktiki təcrübə mübadiləsinin aparılmasıdır.

Dövlət Himninin səsləndirilməsi ilə açılan konfransda Azərbaycanın regionları da daxil olmaqla, ümumilikdə, 220 həkim, gənc oftalmoloq iştirak edib.

Çıxışlarda qeyd olunub ki, dünyada 80 milyondan çox insan qlaukomadan əziyyət çəkir. Korluğa səbəb olan bir sıra göz xəstəlikləri içərisində qlaukoma 2-ci yerdə gəlir.

Tədbirin moderatorları qismində tibb elmləri doktorları Nizami Bağırov, Hicran Namazova, professor Ümit Ekşioğlu, tibb üzrə fəlsəfə doktoru Aybəniz Əhmədova çıxış ediblər.

Qeyd edək ki, konfransda Azərbaycanla yanaşı Türkiyə, Hindistan, İsveçrə, Böyük Britaniya, Sinqapur və Rusiyadan olan mütəxəssislər iştirak ediblər. Eyni zamanda, bəzi məruzəçilər tədbirə onlayn formatda qoşulublar.

Konfrans çərçivəsində qlaukoma sahəsində aktual mövzulara həsr olunmuş elmi məruzələr təqdim edilib. Bu məruzələr sırasında “Qlaukomada yeniliklər”, “Fərqli yaş qruplarında göz daxili təzyiqin yüksəlməsinin mümkün səbəblərinin müəyyən edilməsi”, “Süni intellekt və qlaukoma”, “Refraktiv cərrahi əməliyyatlardan sonrakı qlaukoma”, “Vitrektomizə olunmuş pasiyentlərdə pars plana Baerveldt şuntunun implantasiyası: cərrahi nüanslar”, “PRK, LASİK və Femto-LASİK əməliyyatlarından sonra steroid mənşəli oftalmohipertenziya”, “Pars plana vitrektomiyadan sonra müxtəlif növ tamponadalar zamanı torlu qişanın qanqlioz hüceyrə layı qalınlığının dəyişikliklərinin dinamikası” və digər mövzular yer alıb.

Tədbir çərçivəsində qlaukomanın erkən diaqnostikası, müasir müalicə metodları, yeni texnologiyaların tətbiqi və oftalmologiya sahəsində innovativ yanaşmalar geniş müzakirə olunub.
Milli Oftalmologiya Mərkəzinin elmi - məlumat, tədris və təşkilati - metodik bölməsindən bildiriblər ki, konfrans oftalmologiya sahəsində çalışan mütəxəssislər üçün yeni elmi biliklərin əldə edilməsi, müasir tibbi texnologiyalarla tanışlıq və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm platforma rolunu oynayacaq.

Zərifə HÜSEYNOVA
XQ









Səhiyyə