Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyəti Londonda Beynəlxalq Dəniz Təşkilatının İnsan amili, hazırlıq və növbə çəkmə üzrə alt komitəsinin 12-ci sessiyasında ölkəmizi təmsil edib.
XQ xəbər verir ki, tədbirdə Agentliyin Gəmi heyəti departamentinin direktoru Səid Orucov və Təlim və sertifikatlaşma şöbəsinin aparıcı mütəxəssisi Əhməd Lametov iştirak ediblər.
Beşgünlük sessiyanın əsas mövzusu “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Beynəlxalq Konvensiyaya və onun məcəlləsinə edilmiş dəyişikliklərə həsr olunub.
Nümayəndə heyəti tədbirdə fəal iştirak edərək daha əvvəl təqdim olunan 3 təklifin əsaslandırılmasını həyata keçirib. Təkliflərdən birinin gələcək sessiyalar çərçivəsində müzakirəsi barədə qərar qəbul edilib, digər iki təklifin isə işçi qrup tərəfindən müzakirəyə çıxarılaraq DHDNÇ Beynəlxalq Konvensiyaya əlavə olunması məqsədəuyğun hesab edilib.
150-dən çox boşluğa dair 160-dan çox sənəd əsasında keçirilən sessiya mühüm müzakirələrlə yadda qalıb. Hazırlanan layihələr təsdiq üçün Beynəlxalq Dəniz Təşkilatının bu ilin may ayında keçiriləcək Dəniz Təhlükəsizliyi Komitəsinin 111-ci sessiyasına təqdim ediləcək.
Həmçinin sessiya çərçivəsində rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin sürətli inkişafı fonunda DHDNÇ Beynəlxalq Konvensiyasında mövcud kompetensiya standartlarının aktuallığının yenidən qiymətləndirilməsi məsələsi müzakirə olunub.
Bildirilib ki, müasir naviqasiya və idarəetmə sistemlərinin geniş rəqəmsallaşdırılması şəraitində dənizçilərdən yalnız texniki bilik və bacarıqlar deyil, habelə kiberrisklərin müəyyənləşdirilməsi, qarşısının alınması və idarə olunması üzrə səriştələr də tələb edilir.
Bu məqsədlə DHDNÇ Beynəlxalq Konvensiyasına kibertəhlükəsizlik sahəsində müvafiq bilik, bacarıq və səriştələrə dair yeni kompetensiya cədvəllərinin əlavə edilməsi təklif olunub.

