III MƏQALƏ
Qarabağ Bəyannaməsi
2024-cü il iyulun 6-da Türk dünyası tarixində mühüm bir hadisə baş verdi. Şuşada Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü oldu. Orada “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” qəbul edildi.
Zirvə görüşünün tarixi əhəmiyyəti ondan ibarətdir ki, orada Şuşa Bəyannaməsi əsasında bütövlükdə türk dövlətlərini əhatə edən əməkdaşlıq və təhlükəsizlik haqqında Qarabağ Bəyannaməsi imzalandı. Bu, türk dövlətləri üçün kollektiv özünümüdafiənin Azərbaycanla Türkiyəni əhatə edən prinsiplərinin genişlənərək bütövlükdə türk dövlətləri miqyasına tətbiqi nümunəsi idi.
Qarabağ Bəyannaməsinin 2-ci və 3-cü bəndlərində yazılmışdır: “2. Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulayırlar;
3. Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyini qeyd edirlər;”.
Sənədin 24-cü bəndində isə konkret vurğulanmışdır: “24. Üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətlərini bir daha vurğulayır və bu xüsusda lazımi tədbirlərin görülməsi üçün üzv dövlətlərin aidiyyəti qurumlarına tapşırıq verirlər;”.
Bu, sadəcə, rəmzi yenilik deyildi. Azərbaycanın təşəbbüsü ilə türk dövlətlərinin kollektiv özünümüdafiə konseptinin feili reallaşması zərurətini önə çəkən strateji addım idi. Bununla faktiki olaraq türk dövlətlərinin kollektiv özünümüdafiə fəlsəfəsinin başlıca prinsipləri dəqiqləşmiş oldu.
Həmin prinsiplərin təməlində Şuşa Bəyannaməsində vurğulanan və birbaşa kollektiv özünümüdafiə nümunəsi olan aşağıdakı müddəada ifadə olunan mövqe dayanır.
Şuşa Bəyannaməsində yazılmışdır: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Dəqiq və aydın kollektiv özünümüdafiə mövqeyidir! Bir daha vurğulamaq istərdik ki, Azərbaycanın bu prosesdə aparıcı rol oynaması unudulmamalıdır. Ona görə də, ümumiyyətlə, türk dövlətlərinin münasibətlərinə xələl gətirməyə yönəlmiş istənilən addım, ilk növbədə, Azərbaycana qarşı atılmış sayılır.
Bundan sonrakı mərhələdə geosiyasi baxımdan çox maraqlı dinamika yaranmışdır: Azərbaycanla Türkiyə dünyada nadir hallarda rast gəlinən kollektiv özünümüdafiə modelinə təşəbbüs etmişlər.
“T2+”dan “TDT+”a keçid
“T2”-ni Şuşa Bəyannaməsinin rəmzi kimi təsəvvür edirik. Yəni “iki türk dövlətinin strateji müttəfiqlik formulu” olaraq qəbul edirik. Bunun daxilində “iki türk dövlətinin kollektiv özünümüdafiə konsepti” mövcuddur.
Qarabağ Bəyannaməsi “T2”də olan özünümüdafiə konseptini “TDT” miqyasına proyeksiya etdi. Məhz həmin mərhələdən sonra Bakı və Ankaradan “geosiyasi U” dönüşünə bənzər addım gəldi – 2025-ci il may ayının 28-də Laçında Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının Zirvə görüşü keçirildi. Geosiyasi konfiqurasiya baxımından bu, məharətlə “T2+” formatına keçid idi. Nəzəri və praktiki baxımdan strateji anlamı və məqsədi böyük olan hadisədir.
Onun təməlində Azərbaycan Prezidentinin Laçın Zirvə görüşündə ifadə etdiyi aşağıdakı fikirlər dayanır. Azərbaycan lideri demişdir: “Azərbaycanla Türkiyə arasındakı Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir”.
“T2” fonunda Pakistan faktoru məhz Azərbaycan dövlət başçısının vurğuladığı “hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir” tezisi kontekstində kollektiv özünümüdafiə konseptinin mühüm yeni tərkib hissəsi olaraq strateji məna kəsb edir.
Bununla “T2” avtomatik surətdə “T2+” kimi tarixi bir platformaya çevrilir. Məzmun, funksiya, məqsəd və qarşıya qoyulan vəzifələr baxımından “T2+”u “T3” kimi də qəbul etmək mümkündür. Ancaq artıq TDT yaradıldığından Azərbaycan, Türkiyə, Pakistan strateji müttəfiqliyi və qardaşlığının daha uyğun rəmzləşməsi hələlik “T2+”dur. Stratejidə buradan “TDT+” formatına keçid etmək mümkündür.
Laçın görüşündə bu ehtimalın mümkünlüyünə işarələr verilmişdir. Prezident İlham Əliyev demişdir: “Eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik. Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir... Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Laçındakı çıxışında vurğulamışdır: “Ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşir. Coğrafiyamızda və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzəyik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük”.
Pakistanın Baş naziri Şahbaz Şərif çıxışında ifadə etmişdir: “Bugünkü dünyamızda ciddi çağırışlar, silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən ölkələrimiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Biz əminik ki, səbir və müdriklik nəticə etibarilə qalib gələcəkdir və firavanlığı təmin edəcəkdir. Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz əzəmətli qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüdsüz olaraq sizə etibar edirik. Biz silahdaş qardaşlar kimi sülhü, ədaləti və mənəvi dəyərləri hər zaman üstün tutacağıq”.
Belə alınır ki, Azərbaycan, Türkiyə və Pakistan daha geniş geosiyasi məkanda “TDT+” formatında kollektiv özünümüdafiə konseptini formalaşdıra bilərlər. Bu baxımdan TDT-nin Qəbələ Zirvəsinin xüsusi anlamı vardır.
Qəbələ zirvəsi
Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü 2025-ci il oktyabrın 7-də keçirilmişdir. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti xüsusi vurğulamışdır ki, “Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir”.
Fikirlərinə davam edərək dövlət başçısı TDT üçün ciddi geosiyasi, hərbi və özünümüdafiə əhəmiyyəti olan vacib təklif irəli sürmüşdür. Azərbaycan lideri demişdir: “Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir...Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”.
Bu təklif hər bir türk dövlətinin hərbi gücünün bütövlükdə TDT-yə üzv olanların müstəqilliyinin və ərazi bütövlüyünün əsas amili olduğunun təsbitidir. Bununla Qəbələ Zirvəsi kollektiv özünümüdafiə konseptini ideya, məzmun, funksiya və məqsəd baxımından tamamlamışdır.
Hazırda baş verən geosiyasi proseslər və türk dövlətlərinin topladığı təcrübə göstərir ki, TDT-nin kollektiv özünümüdafiə konsepti səmərələridir. Onun təməlində duran mühüm faktorlardan biri isə Azərbaycan dövlət başçısının Qəbələ Zirvəsində bəyan etdiyi tezisdir. Prezident İlham Əliyev demişdir: “2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir”.
Ümid dolu sabahlar
Azərbaycan dövlətinin fərdi və kollektiv özünümüdafiə gücünün qısa təhlili belə göstərir ki, Prezident İlham Əliyev mükəmməl konsept hazırlamışdır. Dövlətimizin müstəqilliyi və təhlükəsizliyi həm ayrıca ölkə kimi, həm də kollektiv özünümüdafiə səviyyəsində etibarlı qorunur. Azərbaycan rəhbəri, eyni zamanda, Türk dünyası miqyasında kollektiv özünümüdafiə kursunun memarıdır. TDT-nin institusional olaraq inkişafında bu prosesin əhəmiyyəti çox böyükdür. Daha geniş anlamda Azərbaycan Prezidentinin TDT-nin əsas qlobal geosiyasi güclərdən biri səviyyəsinə yüksəlməsi zərurəti ilə bağlı ifadə etdiyi fikirlərini davamlı olaraq reallaşdırdığı təsdiqini tapmaqdadır!
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

