ANAMA nümayəndə heyəti Çin Xalq Respublikasına səfər çərçivəsində bir sıra şirkətlərdə görüşlər keçirib

post-img

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər çərçivəsində həmin ölkənin minatəmizləmə avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmış bir sıra şirkətlərində görüşlər keçirib. 

Təhlükəsizlik və yoxlama texnologiyaları sahəsində fəaliyyət göstərən Nuctech şirkətində keçirilən görüşdə ölkəmizin üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət, istifadə edilən metodologiyalar barədə ANAMA tərəfindən geniş təqdimat edilib.  

Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov minatəmizləmə sahəsinin ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığın önəmli hissəsi hesab edildiyini və səfərin iki ölkə rəhbərləri arasında imzalanmış Birgə Bəyanat və ANAMA ilə ÇXR Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunun nəticəsi olduğunu bildirib. 

Görüş zamanı şirkətin Asiya və MDB ölkələri üzrə direktor müavini Lu Xinping şirkətin fəaliyyəti və mövcud texnoloji imkanları barədə ətraflı məlumat verib.

Görüşdə partlayıcı sursatların aşkarlanmasında istifadə olunan rentgen cihazının sınaqdan keçirilməsi, habelə texniki xüsusiyyətlərinin təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Avadanlıqların Agentliyin fəaliyyətinə uyğunluğu, əməliyyatlarda istifadəsi imkanları nəzərdən keçirilib. 

Nümayəndə heyəti şirkətin istehsal prosesi ilə tanış olub, müxtəlif təyinatlı rentgen sistemləri və digər müasir texnoloji avadanlıqlar nümayiş edilib.  

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Pekin Heweiyongtai Sci & Tech şirkətində görüş keçirib. Görüş zamanı şirkətin istehsal etdiyi xüsusi texniki vasitələr və innovativ həllər barədə təqdimat olunub, humanitar minatəmizləmə fəaliyyətində istifadə oluna biləcək texnologiyalar və əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. 

Görüşlərdə tərəflər qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin və müasir texnologiyaların tətbiqinin humanitar minatəmizləmə sahəsində fəaliyyətin daha da səmərəli təşkilinə töhfə verəcəyini vurğulayıblar. 











Sosial həyat