Samux rayonunda Yel çərşənbəsi münasibətilə və Şəhərsalma və Memarlıq İli çərçivəsində növbəti ağacəkmə aksiyası təşkil olunub. Ekoloji mühitin qorunması və rayon ərazisinin yaşıllaşdırılması məqsədi daşıyan aksiya rayonun Ziyadlı kəndi ərazisində, Samux–Kür avtomobil yolunun kənarında keçirilib.
Tədbir Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Aksiyada rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev, icra hakimiyyətinin əməkdaşları, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının nümayəndələri, eləcə də yerli sakinlər könüllü şəkildə iştirak ediblər. Birgə əmək və təşəbbüs nəticəsində keçirilən aksiya rayon sakinlərinin ətraf mühitin qorunmasına və yaşıllıqların artırılmasına verdiyi önəmi bir daha nümayiş etdirib.
Aksiya çərçivəsində ümumilikdə 500 ədəd müxtəlif növ ağac tingi əkilib. Əkilən tinglər arasında əsasən Xan çinarı, Eldar şamı və digər dekorativ ağac növləri üstünlük təşkil edib. Bu ağac növlərinin seçilməsi ərazinin iqlim şəraitinə uyğunluğu və uzunömürlü olması ilə bağlıdır. Əkilən tinglərin normal inkişafını təmin etmək məqsədilə əraziyə müasir damcılı suvarma sistemi çəkilərək yeni əkilən ağacların suvarılması həyata keçirilib.
Bununla yanaşı, aksiya zamanı ərazidə əvvəllər əkilmiş ağaclara da aqrotexniki qaydalara uyğun qulluq göstərilib. Mövcud ağacların dibləri yumşaldılıb, torpaq qatı havalandırılıb və onların sağlam inkişafı üçün zəruri tədbirlər görülüb. Bu işlər yaşıllıqların qorunması və uzunmüddətli inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Belə ekoloji aksiyalar ətraf mühitin mühafizəsi, iqlim tarazlığının qorunması və gələcək nəsillər üçün daha sağlam ekoloji mühitin formalaşdırılmasına mühüm töhfə verir. Rayon sakinlərinin və müxtəlif qurumların nümayəndələrinin bu cür təşəbbüslərdə fəal iştirakı cəmiyyətin ekoloji məsələlərə həssas yanaşdığını göstərir.
Qeyd edək ki, Şəhərsalma və Memarlıq İli çərçivəsində Samux rayonunda abadlıq və yaşıllaşdırma tədbirlərinin il boyu davam etdirilməsi planlaşdırılır. Bu tədbirlərin əsas məqsədi rayon ərazisinin daha da gözəlləşdirilməsi, ekoloji tarazlığın qorunması və sakinlər üçün daha sağlam və yaşıl mühitin yaradılmasıdır.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri






