Baş prokurorluq Laçında beynəlxalq konfrans keçirib

post-img

Dünən Baş Prokurorluq Laçında “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirib.

Konfrans iştirakçılarını salamlayan Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulunun müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək  bildirib ki, bu, müstəqillik tariximizin ən mühüm və əlamətdar hadisələrindən biri olmaqla yanaşı, Ulu öndərin milli dövlətçilik qarşısındakı böyük xidmətlərindən biridir.

Prezident İlham Əliyevin rəhbərliyi altında hüquqi islahatların uğurla davam etdirildiyini qeyd edən Baş prokuror dövlət suverenliyinin qorunması və bərpası sahəsində ölkə başçısının fəaliyyətini xüsusi vurğulayıb. O bildirib ki, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın davamlı diqqət və qayğısı nəticəsində suveren ölkəmizin bütün bölgələrində, xüsusilə işğaldan azad olunmuş ərazilərdə, o cümlədən konfransın keçirildiyi Laçın rayonunda genişmiqyaslı abadlıq və quruculuq işləri görülür, eləcə də Böyük Qayıdış strategiyası uğurla icra olunur.

Baş prokuror söyləyib ki, konstitusiyada təsbit olunmuş suverenlik prinsipləri prokurorluğun fəaliyyətinin əsasını təşkil edir. Bununla yanaşı, müstəqil Azərbaycan Konstitusiyası ölkəmizdə dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğunu müəyyən etməklə yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edib.

Konfransda Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov, Azərbaycanın Konstitusiya Məhkəməsinin hakimi Fərhad Tutayuk, Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunun prokuroru Əhmət Gökay Aktaş, Milli Məclisin deputatı Rövşən Muradov, Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Laçın rayon prokuroru İlqar Səadətov çıxış ediblər.

Məclisdə mövzu ətrafında və qarşılıqlı əməkdaşlıq üzrə faydalı müzakirələr aparılıb, “Xalqın adamı” adlı sənədli film nümayiş etdirilib. 

XQ

 



Son xəbərlər