Mirzə Göygölün xatirəsinə beynəlxalq simpozium

post-img

AMEA-nın Gəncə bölməsində Azərbaycanın və bütövlükdə Türk dünyasının tanınmış alimi, bitki genetik ehtiyatları sahəsində böyük elmi irs qoymuş professor Mirzə Göygölün (Hacızadə) xatirəsinə həsr olunmuş beynəlxalq simpozium keçirilir. 

“II Mirzə Göygöl Beynəlxalq Bitki Genetik Ehtiyatları Simpoziumu” adlanan bu mötəbər tədbir Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu, Türkiyənin Ege Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu (ETAE), AMEA-nın Gəncə Bölməsi və digər elmi qurumların birgə təşkilatçılığı ilə reallaşıb.

Simpoziumun açılışında Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov 20-dən çox ölkədən 80-ə yaxın iştirakçının qatıldığını bildirib. O, bu tədbirin yalnız elmi forum deyil, həm də qlobal ərzaq təhlükəsizliyi, bioloji müxtəlifliyin qorunması və davamlı kənd təsərrüfatı üçün əhəmiyyətli bir platforma olduğunu vurğulayıb. Əkpərov simpoziumun, həmçinin COP29 çərçivəsində qəbul olunmuş qərarların – genetik ehtiyatların qorunması, iqlim dəyişmələrinə adaptasiya və “yaşıl inkişaf” prinsiplərinin davamı kimi mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Simpoziumda çıxış edən TAGEM-in direktoru Fatif Özdəmir və AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Mirzə Göygölün elmi irsini yüksək qiymətləndirərək, onun Azərbaycan və Türkiyə elminə töhfələrindən danışıblar. Çıxışlarda genetik ehtiyatların yalnız seleksiya və aqrar inkişaf deyil, həm də milli təhlükəsizlik məsələsi kimi qiymətləndirildiyi vurğulanıb.

Daha sonra tədbir plenar iclasla davam edib. Böyük Britaniya, Yaponiya, Pakistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən gəlmiş aparıcı alimlər tərəfindən bitki genetik ehtiyatlarının mühafizəsi və istifadəsi ilə bağlı məruzələr təqdim olunub. Çıxışlarda yerli və yabanı bitki növlərinin toplanması, genbanklarda qorunması, molekulyar-genetik texnologiyalarla təhlili və beynəlxalq məlumat sistemlərinə inteqrasiyası kimi mövzular müzakirə olunub.

Dörd gün davam edəcək simpoziumun sonunda iştirakçılar Gəncənin və ətraf bölgənin tarixi və təbiət abidələrini ziyarət edəcək, Nizami Gəncəvi məqbərəsi ilə tanış olacaqlar.

Hamlet Qasımov, 
XQ-nin bölgə müxbiri  

 

Mədəniyyət